“Bir adamı fikrindən daşındırmağa çalışırsınızsa, mütləq ona daha üstün alternativ təklif etməlisiz. Əks halda o, fikrindən dönüb boşluğa düşəcək və yenidən həmin fikrə qayıdacaq” (Azad Mirzəcanzadə).
Bu qayda bəlkə də yaşamın, dünyanın bütün sahələrinə uyğundu. Siyasi idarəçilikdən tutmuş mədəniyyətə – ədəbiyyata, insanlar arası ilişkilərdən heyvanlara, təbiətə münasibətə qədər hər şeyə aiddir. Gərək dağıtmaq istədiyinin yerində daha yaxşısını tikəcəyinə əmin edə biləsən insanları, yoxsa heç kim var olanı dağıtmaq üçün sənə qoşulmayacaq.
Alternativ idarəçiliyin fayda gətirəcəyinə inanmayan toplum siyasi hakimiyyətin dəyişməsinə çalışmır. İnqilab o zaman baş verir ki, toplum alternativ ideyanın daha güclü və real olduğunu düşünür.
Postmodernizm bir cərəyan kimi öz təntənəsini yaşaya bilmədi. Kalvino, Eko, Delillo kimi ünlü yazıçılar intertekstuallıq, dekonstruktivizm üzərində yeni mətnlər ortaya qoymasaydı, postmodernizmi reallaşmayan cərəyan, ideya saymaq olardı. Çünki var olanı, ənənəni dağıtmaq istəyib, yerində heç nə yarada bilməyən yüzlərlə yazan çıxdı ortaya; tutarlı sənət örnəkləri isə yarada bilən çox az oldu.
Yüzlərlə həvəskarın badına yeni düşüncə axınına təkan verəcək nəzəriyyə, ideya gözdən düşdü. Postmodernizm inqilab edə bilmədi.
İnqilab alternativə kütləvi şəkildə inam yarananda baş verir. Bu, siyasətdə də belədir. Oktyabr inqilabına səbəb də bu oldu. Xalq çarı devirib daha yaxşı cəmiyyət quracağına inanırdı.
İntellektual zümrə toplumu ciddiyə almayanda cəmiyyətdə heç bir dəyişiklik baş vermir. Və ən maraqlısı budu ki, xalqı bəyənməyənlər, hər fürsətdə aşağılamağa çalışanlar elə həmin xalqdan ölkədə dəyişiklik etməyi gözləyirlər.
Hətta həmin xalqdan çevriliş etməyi, üsyan qaldırmağı tələb edirlər.
Kimsə deyə bilər ki, xalq etiraz etmədiyi üçün intellektual onu bəyənmir.
Mövzu da budu. Toplumun sözünü deməsi, dişlərini göstərməsi üçün onun alternativə güvənməsi gərəkdi. Əks halda onu kimsə yerindən tərpədə bilməz.
Tarixi dəyişimlər kütlə prosesdə iştirak etdikdə, prosesə çağırıldıqda baş verir. Baxmayaraq ki, Oktyabr çevrilişindən sonra xalq böyük bir boşluğa düşdü və uzun illər ona yeridilən ideolojiyə söykənən bir ölkəni yalın əllə qurmaq zorunda qaldı, acılarla, çabalarla dolu bir yol keçdi, ancaq bütün hallarda həmin ideolojini gerçəkləşdirə bildi, pis-yaxşı sosializm cəmiyyəti quruldu.
Sovet imperiyası xalqların yeni ideyaya inamı ilə çökdü. Xalqlar milli hakimiyyət qurmaq istəyirdilər. Yenə də ideoloqlar ortaya çıxdı və toplumu bu ideoloji uğrunda savaşmağın vacibliyinə inandıra bildi. Ola bilər ki, sonrakı dönəmdə hər şey gözlənilən kimi olmasın, bəlkə daha yaxşı, bəlkə daha pis olsun. Bu, artıq tarixi gedişatdı. Söz konusu prosesin baş vermə səbəbidi. Alternativə inamdı!
“Ən maraqlısı budu ki, xalqı bəyənməyənlər, hər fürsətdə aşağılamağa çalışanlar elə həmin xalqdan ölkədə dəyişiklik etməyi gözləyirlər” |
* * *
Azərbaycanda sovetizmin dağılması prosesi daha dinamik və aktiv gedirdi. Milli ideologiya artıq hər bir azərbaycanlının beyninə yerimişdi. Hər kəs döyüşə hazır vəziyyətdə idi. Adamlar millət-millət deyib küçələrdə yatırdı. Və sonucda bu alternativ ideya xalqın iradəsi hesabına qələbə qazandı. Və həm də ona görə uğurunu yaşaya bildi ki, bu millətçi ideya militarizmdən, faşizmdən, teokratiyadan seçilərək “bizdən olmayan düşməndi, yadı öldürmək gərəkdi” prinsipinə söykənmirdi. Bu ideya qurbanlar qazanmırdı, qurbanlar verirdi.
Bəlkə də Azərbaycan Demokratik Respublikası (ADR) başqa tarixi dönəmdə yaransaydı süquta uğramazdı. Elə bir tarixi kəsimdə hüquqi dövlət yaratmaq, dövləti demokratik quruluşla yönəltmək ideyası real deyildi. Əvvəla, demokratiya idarəçilik sistemi kimi Avropanın özündə belə yerini bərkitməmişdi. Dünya tarixinin ən qanlı savaşı I dünya müharibəsi yenicə bitmişdi. Ölkələr özlərinə gəlməyə çalışırdılar. ADR yaranan il (1918) Almaniyada monarxiya devrilib respublika hakimiyyəti qurulurdu.
Əlbəttə, dövlət yaradıb ona rəsmən, hüquqi olaraq demokratik adını vermək böyük bir sorumluluğun altına girməkdi. Demokratik dövlət qurursansa demək özünə, vicdanına güvənirsən. Bu, böyük ideoloji idi, ona görə də gerçəkləşdi. Sonrakı mərhələ artıq tarixi gedişatdı, dediyimiz kimi. Rus ordusunun saldırısından başqa bir də məsələnin başqa tərəfini düşünək. Hüquqi dövlətə idarəçilərdən sonra mütləq anlamda toplum özü də qatılmalı və minimum səviyyədə buna hazırlıqlı olmalıdı. Çünki hüquqi dövlət vətəndaşların idarəçilikdə birbaşa iştirakı deməkdi. Cəmiyyətində baş verən istənilən hadisəyə – ictimaidən siyasiyə qədər, vətəndaş münasibət bildirməli, mövqe sərgiləməlidi. Qayda budu. Bu isə hələ milli kimliyini belə düz-əməlli bilməyən, özünə gah müsəlman, gah monqol, gah tatar deyən avam bir toplum üçün real deyildi.
* * *
Toplumu barmaqarası qəbul edənlər yanılır. Misirlilər artıq gəlişmiş dünyada demokratik cəmiyyət qurmaq arzusu ətrafında birləşib Mübarəki devirdilər. Bu, artıq demokratik dəyərlərin az qala doğum evlərinə qədər yansıdığı bir dönəmdə baş verdi. Liviyalılar da eyni ilə. Stalin böyük savaşı ona görə qazana bildi ki, onun ordusu böyük ideya ətrafında birləşmişdi. Faşistlərin də gücü ideyalarında idi. Onlar ən böyük həqiqəti bildiklərini və bunun əsasında dünyanı “ədalətlə” yönləndirəcəklərini düşünürdülər. Çingizxanin 1200-cü illərdə etdiyini Hitler 1939-40 da edirdi. Monqol imperiyası çökəndən bu yana monqollar dünya kulturasına heç bir qatqıda bulunmadılar. Necə ki, Sovet xalqları söz kar etməyən, duyğusuz, qaba və rəhmsiz adama “nemes” deyirdilər, eləcə də Asiya xalqları bu günə qədər anlamaz, yöndəmsiz adama “monqol” deyir.
* * *
Almaniyanın tarixindən az-maz xəbərdar olanlar bilir, almanlar milli kimliklərinə çox bağlı bir toplumdu. Bayraqlarının rəngi belə millətçilərin ideyasıdı. Bismark deyirdi ki, biz alman xalqına özündən böyük ideya vermişik. Gerçəkdən də alman xalqının bütün siyasi xadimləri, filosofları, yazıçıları böyük-böyük ideyalarla çıxış ediblər. Onlar məişət səviyyəsində xırda-para deyinmələr etməyiblər. Onların hər birinin bir dövlətə bərabər ideolojisi olub! Məhz ideolojisi! Özünü xalqından yekə sayanların bütün yaradıcılığını silkələyib tökəndə içindən nə boyda ideoloji çıxırsa, özünün də yaradıcı boyu o qədərdi.
Alman xalqı Martin Lüter dönəmindən Bismarka, Hitlerə qədər böyük bir tarixi yol keçib sonucda dəyərlər sistemi və güclü bir alman dövləti yaradıb. Hətta bir zamanlar Bütöv Almaniya ideyasına qarşı çıxan Bismark bir müddət sonra bunun gerçəkləşməsinin vazkeçilməz olduğunu gördü. Ancaq almanlar güclü dövlətləri var deyə əllərini sallayıb boş oturmurlar. Onların yeni ideolojisi var. Bu gün də durmadan, usanmadan dünya üzrə özəl proqramlar keçirirlər, layihələr gerçəkləşdirirlər. Alman dilini, Avropa dəyərlərini yayırlar. Öyrətimlə bağlı işlər görürlər.
“İdeologiya boşluğunda xalq girinc qalır, kütləvi stimul olmayanda, kütləvi inamsızlıq yarananda vətəndaş dini sektalara qoşulur, narkotikə qurşanır” |
* * *
İnsan hansısa amaclar uğuruna yaşamaq gərəyi duyur. “Kütləvi (toplumsal) stimul” deyək buna. İdeologiya boşluğunda xalq girinc qalır, kütləvi stimul olmayanda, kütləvi inamsızlıq yarananda vətəndaş dini sektalara qoşulur, narkotikə qurşanır; Suriyaya cihada gedir, intihar edir, depressiyaya düşür…
İdeoloji boşluğu olan cəmiyyət uçuruma yuvarlanır.
Mirzəcanzadənin “İxtisasa giriş” kitabında Konfutsi ilə şagirdi arasında olan belə bir dialoq var. Tse Kun xocasından soruşur:
Ölkəni bacarıqla idarə etmək üçün nə lazımdı?
Yaxşı ərzaq, güclü ordu və xalqın inamı
Bunlardan hansı olmasa keçinmək mümkündü?
Ordu
Daha?
Ərzaq. Onsuz da insanlar gec-tez ölürlər. Ancaq inamsız xalq yaşaya bilməz.