Daxili İşlər Nazirliyinin tərkibində xüsusi təyinatlı “Aslanlar” adlı bölük yaradıblar, bu bölüyün vəzifəsi kütləvi iğtişaşları yatırtmaq (oxu: camaatı döymək) imiş.
Mən bunun adını ilk dəfə görəndə elə bildim polis nazirliyinin tərkibində ASAN xidmət yaradıblar. Gözümə səhv göründü. Ümid edirəm buna görə haqqımda cinayət işi açılmaz.
Polis bölməsinin adını istəyirsən “Dinozavr” qoy, xalq kütləvi etiraz aksiyasına qalxanda bunun heç bir xeyri yoxdur, yapokratiya isə bunu anlamır. Hər halda, maraqlı bölükdür və əlində milyardlara neft pulu olan rejimə Çevik Polis Alayının, Daxili Qoşunların, ayrı-ayrı nazirliklərə məxsus saysız-hesabsız dəstələrin qoruması altında yaşamaq bəs eləmir. Azərbaycan xalqının üzərinə bir də “aslanlar” salmaq istəyirlər. Məzəli perspektivdir.
Bu həm də qorxu haqda əbədi aksiomun növbəti sübutudur: nə qədər zorakılıq eləsən, o qədər qorxu altında yaşamağa məhkumsan. Hesab edirlər bizi qorxudurlar, amma rejim özü qorxur.
Mən bayaq pul söhbətini elə-belə yazmadım. NİDA Vətəndaş Hərəkatını o qədər şərlədilər, ancaq yenə də ortaya Şahin Novruzlunun atasının kiçik biznesi üçün qohum-əqrəbadan topladığı 94 min manatdan artıq pul çıxmadı. Hökumətin tula-jurnalistinin ötən il qusduğu “xaricdən iğtişaş üçün 1 milyon pul alınıb” yalanını dövriyyədə saxlamağa hətta Zakir Qaralov da abır elədi. Ancaq biz lap hesab edək o 94 min manat xalqın üsyanı üçün imiş. Mənbəyini rejim tapmayıbsa, biz də əziyyət çəkməyib, düşünək göydən düşübmüş. İndi görün nə acınacaqlı və qorxaq bir rejimdir ki, əlinin altında minlərlə dişinə-dırnağına qədər silahlı döyüşçü və milyardlarla oğurluq pullar olmasına baxmayaraq cəmi 94 min pulu olan 8 NİDA-çı gəncdən qorxdu, onları 7-8 il dustaq saxlamaq qərarı verdi.
Ancaq bütün bu “aslanlar” və sairə pişikkimilər rejimi saxlamaq üçün bəsdirmi? Çətin. Daha çox qoruma xətti, hasar, divar, tikanlı məftillər çəkilməlidir. Uşağın oxuması üçün ayrıca akademiya yaratmaq kimi. Nə olsun orda süni göl var, meşədən də bir parça saxlanılıb? Əsir hər yerdə əsirdir – istər Kürdəxanıda, istər “Gənclik” metrosunda. Onları xalq arasına çıxmağa qoymursan, bu yanda da özün xalq arasına çıxa bilmirsən. Bir tikə yemək üçün gərək restoranı bağlatdırasan. Qızıl teştiniz mübarək olsun!
Yeri gəlmişkən, bu yaxında Ramiz Mehdiyevin oğlunu fövqəladə hallar nazirinə müavin qoydular, “Azadlıq” qəzeti bundan sonra maraqlı bir detala diqqət çəkdi. Sən demə, indi Kəmaləddin Heydərovun müavinlərinin sayı nə az, nə çox, 7 nəfər olub! İkinci ən çox müavini olan nazirlik isə polis nazirliyi imiş – Usubovun 5 müavini var. Demək, rejimin güclü olmasına ehtiyac duyduğu, ən gərgin sahələr bunlardır. Azərbaycanda permanent, dayanıqlı fövqəladə vəziyyətin olmasını Kamal müəllimin bir manqa müavini isbat etmirmi? El məsəlimizdə deyilən kimi: “Qorxu köpəyoğlu şeydir”.
Bu arada mənə bir məsələ hələ də maraqlı qalır: Elnur Aslanovun Prezident Administrasiyasında işdən çıxarılması haqda sərəncamı televizorda oxudular, ya yox? Oxumayıblarsa çox pis. Oxuyublarsa, bu dinə nə dərəcədə uyğun olmuşdur? Çünki dövlətçiliyimiz belənçik ciddi faktorlardan asılıdır. Metro Tağını işdən çıxardandan sonra məlum olmuşdu ki, onun metro stansiyalarında corab və qadın tumanı satılan ticarət köşklərinin pulunu hansısa rayon məhkəməsində hakim işləyən oğlu yığırmış. Ancaq iş bununla düzəldimi? Yox.
Hətta durum indi daha pisdir – maşinistlər qatarı tuneldə saxlayıb domino oynayırlar. Tunelin sonunda isə əldə qalan “qoşa altı” görünür.