Və ya Krım olaylarından hansı dərsi götürməli?
Ukraynadakı, Krımdakı yeni, dünya düzəninə təsir gücündə olan geosiyasi proseslər Qarabağ, Ermənistanın işğalı mövzusunu da gündəmə gətirib. Bir sıra analitiklərə görə, vəziyyət Azərbaycanın xeyrinə inkişaf etməkdədir, çünki məhz Ukraynada Rusiyanın “qulağının burulması” Kremlin “yaxın xaric” ölkələrinə münasibətdə imperiya dişlərini həmişəlik kütləşdirə, nəticə etibarilə, regiondakı etnik-ərazi münaqişələrinin həllinin önü açıla bilər.
Fərqli düşünənlər də var. Onların qənaətincə, Azərbaycan hələlik sakitcə öz yerində oturmalıdır. Ancaq bir şey dəqiqidir ki, Ukrayna uğrunda Qərb-Rusiya qarşıdurması Qarabağ məsələsinə təsirini hansısa formada və mütləq göstərəcək. Qalır, bu təsirləri öz milli çıxarlarımız kontekstində doğru-düzgün hesablayıb qərar vermək. Özü də vaxt itirmədən. Vaxt isə deyəsən, bir qədər itirilib axı…
* * *
Dünən Müsavat yetkilisi, hörmətli Arif Hacıl öz facebook səhifəsində Ukraynadakı proseslərdən Qarabağ naminə faydalanmaq üçün hakimiyyətə çağırış edib. Arif bəy statusunda yazıb ki, Qərblə Rusiya arasında münasibətlər soyuq müharibə dövründən sonra heç vaxt belə kəskin olmayıb, o üzdən Azərbaycan xalqına, siyasi qüvvələrə, öncəkilə də hakimiyyətə səslənərək yaranmış vəziyyətdən Qarabağı azad etmək üçün tarixi fürsət kimi yararlanmağı təklif edib o. Sitat: “Bəlkə son və qəti addımlarımızı atmaq imkanlarımızı dəyərləndirək?!”
Əlbəttə, könül istərdi ki, nəhayət, torpaqlarımızı güc yolu ilə və qısa zamanda azad edək. Yəni Qarabağın xilası üçün həqiqətən tarixi fürsətin yetişdiyinə əmin olub da, ondan dövlət, millət olaraq layiqincə yararlanaq. Ancaq tarixi fürsət yetişibmi? Yəni yeni savaşa başlarıqsa, Rusiyanın hərbi müdaxiləsini önləmək üçün bütün şərtlər mövcuddurmu? Ən önəmlisi, bu, gerçəkdən də Qarabağın azadlığı üçün bir şans olacaq, yoxsa Ukraynadakı böyük uğursuzluğun əvəzini çıxması və Putinin Qərb qarşısında öz sifətini saxlamasından ötrü Moskvanın əlinə verəcəyimiz fürsət?
Etiraf edək ki, bu suallar üzərində ciddi götür-qoy eləməliyik. Biz gərək onu da unutmayaq ki, Ukraynanın yeni iqtidarı birmənalı olaraq Qərbə – Avropa Birliyinə, NATO-ya inteqrasiya kursu götürübsə, Azərbaycan hakimiyyəti indiyədək Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi haqda heç quruca bəyanat da verməyib. Guya neytral, “bloklara qoşulmayan” siyasət yürüdürlər…
* * *
Yenə də sual çıxır ortaya: yaxşı, separatizmdən böyük zərər gördüyümüz halda, separatizmə qarşı səsimizi çıxara bilmiriksə (nə fərqi kimin qorxusundan), dövlət olaraq ən azı sözdə bizə müttəfiq ölkə olan, GUAM üzvü Ukraynanın, Qərbin yanında deyiliksə, qısası, Qarabağ dərdimizə güclü siyasi dəstəyin verilməsindən dolayı tarixi fürsəti qaçırırıqsa, o zaman hərbi əməliyyatlar zamanı həmin Qərbin, NATO-nun dəstəyinə ümid edə bilərikmi?
Başa düşdük, Azərbaycan hakimiyyəti azad dünya ilə ümumbəşəri dəyərləri bölüşmür, ölkədə antidemokratik bir idarəçilik bərqərar edib, indiyədək aparılan daxili siyasət azad dünyanın (Qarabağa) dəstəyindən dövlət olaraq bizi məhrum edib, müharibə dövrü üçün mühüm olan xalqla iqtidarın vəhdəti qurulmayıb və ş., ancaq bəs, Ukraynanın yanında durmağa iqtidara nə mane olur(du)? YAP rəsmiləri milli maraqlardan dəm vurmağı sevirlər. Bunu elə milli maraqlar diktə eləmir(di) ki?
Odur ki, Arif bəyin çağırışı səmimi vətəndaşlıq, öz ölkəsinin mutlu gələcəyini istəyən bir siyasətçi mövqeyindən doğsa da, əfsuslar olsun ki, real deyil, arzudur. Hələ harasıdır. indiki hakimiyyət qalsa, ölkənin hələ çox şansları itiriləcək…
* * *
Ukraynadakı dramatik hadisələr Azərbaycan xalqı üçün sərt bir həqiqəti üzə çıxardı: bizdə də demokratik, təməl azadlıqlara sayğılı rejim qurulmayınca, azad dünya Qarabağ dərdimizə heç vaxt şərik olmayacaq. Dərdimizi bölüşməyən qüvvə bizə kömək edərmi? Bax, ilk öncə hamılıqla bu dərsi, şansı dəyərləndirməliyik. Ən əvvəl də Qarabağ naminə.