Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 226 saylı məktəbində baş verən xoşagəlməz hadisəyə məktəb direktoru münasibət bildirib. Məktəb direktoru Əli Məmmədov ANS PRESS-ə bildirib ki, hadisə 2011-ci ildə yay aylarında, “son zəng” ərəfəsində baş verib.
“Hadisə “11 B” sinif rəhbərinin dərsində baş verib. Uşaqlar “son zəng”ə hazırlaşırmışlar. Dərsdən sonra onlar rəqs etməyə başlayıb. Müəllim Ziyəddin Abbasov uşaqları məşqlərini zalda etməyi təklif edib. Lakin uşaqlar ona məhəl qoymayıblar. Hadisə ilə bağlı müəllimin izahatını almışıq. Çox təəssüf ki, biz bu barədə yaxın günlərdə bilmişik. Artıq uşaqlar məktəbi bitiriblər. Çalışacağıq ki, bu hadisə bir daha təkrarlanmasın”, – deyə Əli Məmmədov bildirib.
“Biz artıq məktəblə əlaqə saxlamışıq. Məlumatımız var ki, YouTube portalında yerləşdirilən həmin video 2 il bundan əvvəl son zəng ərəfəsində çəkilib. Yəni, o uşaqlar artıq məktəbi bitiriblər. Son zənglə bağlı müəllimin təklifi olub ki, akt zalında hazırlaşsınlar. Ancaq uşaqlar razılaşmayıb və sinifdə hazırlaşmaq istəyiblər. Bu videoda elə o sinfin uşaqlarından biri tərəfindən çəkilib. Niyə görəsə 2 il bundan əvvəl çəkilən video indi üzə çıxarılır?”. Bunu isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib. Onun sözlərinə görə, artıq təhsil idarəsinin əməkdaşımı 226 saylı məktəbdədir və məsələ araşdırılır: “Müəllimlə də bağlı araşdırma aparılacaq. Çünki burda müəllimə qarşı böyük hörmətsizlik edilib. Araşdırmanın da nəticəsində də qərar veriləcək. Bu barədə mətbuata hökmən əlavə məlumat veriləcək”.
Zəminə Əliqızı bildirib ki, belə bir şəraitin yaradılmasında müəllimin də müəyyən qədər günahı var.
Xatırladaq ki, sosial şəbəkələrdə yayılmış görüntülərdə Əmircan qəsəbəsində yerləşən 226 saylı məktəbin “11 B” sinifinin şagirdləri, dərs zamanı müəllimin qarşısında rəqs edirlər. Şagirdlərin müəllimə qarşı təhqiramiz hərəkətləri də görüntüdə yer alıb.