Sabiq səhiyyə naziri, Avropa Məhkəməsinin bəraət verdiyi Əli İnsanovu məhkəmədə şüşəli hücrəyə salmaq azmış kimi, indi də onun dəlixanaya göndəriləcəyi ilə bağlı xəbər yayılıb. Eks-nazirin taleyindən narahatlıq keçirən hüquq müdafiəçiləri, siyasilər isə həyəcan təbili çalaraq fəal topluma səsləniblər, cəmiyyətdən dəstək istəyiblər.
Bu, sözsüz ki, öncə elə ictimai nəbz yoxlanışıdır. Alınsa, olduqca təhlükəli bir presedentin əsası qoyulacaq və davamı mütləq olacaq. Görə-görə gəlmirikmi? Ölkədə hökumətin dəlixanalıq eləmək istədiyi gör nə qədər “arzuolunmaz şəxs” var…
Paralel surətdə Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan iqtidarı ilə bağlı qəbul elədiyi və qeyd-şərtsiz yerinə yetirilməsi tələb olunan qətnamələrinə hakimiyyət bu yolla bir çarə bulmuş olacaq; azadlığı istənilən siyasi dustaqlarla bağlı baş sındırmağa daha lüzum-filan qalmayacaq.
Müxtəsər eləsək, şüşədəki İnsanovun yerinə istənilən insan – müxalif siyasətçi, müstəqil jurnalist, QHT-çi, yazıçı-publisist, ziyalı və s. ola bilər. Məsələnin ayrı tərəfləri və sonucları – onsuz da saxta seçkilər və siyasi məhbus problemi ilə Azərbaycanın bərbad durumda olan beynəlxalq imicinin daha da korlanması, Şimali Koreya tipli diktatura ölkələrinə bir az da yaxınlaşmağımız, beynəlxalq insan haqları təşkilatlarının ekspertlərinin əlinə ölkəmiz əleyhinə yeni dəlil-sübutların, faktların verilməsi isə yuxarıdakıları əsla qayğılandırmaz.
Həmçinin Avropa Məhkəməsinin “dəlixana variant”ına hansı reaksiya verəcəyini hesaba almaz şanlı iqtidar strateqləri. Düşmən erməninin Azərbaycanda repressiv bir üsul-idarəçiliyin mövcudluğunu əldə bayraq edib Qarabağ məsələsində yararlanmağa çalışacağı da öz yerində. Biz erməninin yerində olsaq, insan haqlarının kobud şəkildə tapdanması faktlarından Ermənistanın əleyhinə faydalanmarıqmı?
Ancaq Azərbaycan iqtidarı üçün Qarabağ problemi çoxdan hakimiyyət maraqlarından sonra gəlir. O da gəlirsə əgər. Əsas narahatlıq odur ki, hakim rejimin daxildə illərdir yaratdığı total ictimai xof bir misqal belə azalmasın, cəmiyyətdə hakimiyyətin hansısa qlobal güc qarşısında, həmin o Avropa Məhkəməsi qarşısında aciz durumda olması rəyi formalaşmasın, ictimai rəydə sistemin qəddarlığına şəkk-şübhələr yaranmasın.
Qalan şeylər, yəni dünyanın hakimiyyətə, Azərbaycana nə deməsi, hesabatlar və qara siyahılar, o cümlədən məsələn, “Freedom House”nin hər il Azərbaycanı qeyri-azad ölkə elan eləməsi ikinci-üçüncü dərəcəli problemlər sırasındadır iqtidarın nəzərində…
Azərbaycan hakimiyyəti problemləri danmaqla, boynuna alanda isə gizlədib ört-basdır eləməklə və ya uzun müddətə dondurmaqla, həllini uzatmaqla öz işini bitmiş hesab edir, azadlılara yox, yeni-yeni qadağalara, əcaib yasaqlara söykənərək dayaqlarını möhkəmlətməyə çalışır, siyasi təqiblərlə, həbslərlə, insanları şüşə qəfəslərə və dəlixanalara salıb səsini almaq, özünü cəmiyyətdən tam təcrid eləməklə problemi çözdüyünü güman edir.
Konkret Əli İnsanova gəlincə, məsələnin iki mühüm özəlliyi xüsusi qeyd edilməlidir. Biri odur ki, dəlixanalıq edilmək istəyən Əli İnsanov sıradan biri deyil, öncəliklə Avropa İnsan Haqları Məhkəməsinin azadlıq istədiyi dustaqdır, Avropa Məhkəməsinin adamıdır. Deməli, əcaib plan gerçəkləşsə, bu, Avropa Məhkəməsinin adamını “psixuşka”ya salmaq, Avropanı, sivil dünyanı ələ salmaq anlamına gələcək. Məntiqlə də, ehtiyac olsaydı, bəyəm Avropa Məhkəməsi özü tibbi ekspertiza təyin edə bilməzdi?
İkinci və absurd məqam odur ki, İnsanov həkimdir, təbabət sahəsində ixtiraya imza atmış, dünya tibb ictimaiyyətində kifayət qədər tanınmış nüfuzlu alimdir, nəhayət, akademikdir. İndi belə bir insanı dəlixana adı ilə neytrallaşdırmaq istəyi XXI əsrdə doğrudanmı normal ağlın məhsuludur?
Bəlkə Eldar Namazov demiş, Əli İnsanov yox, elə bu ideyanın müəllif(lər)inin özləri nə qədər gec deyil, tibbi yoxlanışa göndərilsin? Psixi durumları öyrənilmək üçün təbii ki.