Və ya ziya zülmətə, kabusa çevriləndə…
İstənilən ölkədə gündəlik tələbat mallarının bahalaşması – təbii ki, siqaret və alkoqollu içkilər istisnadır – ağlı yerində olan istehlakçılarda neqativ reaksiya doğurur. Ələlxüsus, həmin mallarının qiymətinə bilavasitə təsiri olan enerjidaşıyıcılarının bahalaşmasına normal adamların hamısı birmənalı olaraq pis baxır. Burada istisna mümkün deyil. İstisna varsa, demək, təfəkkürlərdə problem də var.
Ancaq deyəsən, Azərbaycan bu göstərici üzrə də analoquz ölkədir, nadir canlı nüsxələrin, vücudların yaşadığı məmləkətdir. Bunu son bahalaşma olayına artist-manıs zümrəsinin əcaib münasibətindən aydın şəkildə gördük. Özünü “Xalq artisti” adlandıran, yəni guya xalqın sevimlisi olan, dilindən “mənim xalqım, mənim millətim” kəlməsi düşməyən bəzi tanınmışlar birbaşa millətin cibinə girmə əməliyyatı olan qiymət artımına o qədər müti, o qədər manqurt xislətli, o qədər absurd cavablar verdilər ki, donub yerimizdə qaldıq.
Biri “mən maliyyə naziriyəmmi ki, buna reaksiya bildirim” deməklə, digəri “niyə məhz mənə müraciət eləmisiniz” kimi rüsvayçı, sağlam məntiqə sığmayan özünü ifşa açıqlaması ilə, bir başqası hətta bahalaşmaya haqq qazandırıb don geydirməklə öz ictimai-sosial kimliklərini, sadə xalqdan, onun dərdlərindən nə dərəcədə aralı düşdüklərini əyani şəkildə ortaya qoydular.
Ad çəkmirik, zatən, onların ismini, kimliyini, mənəvi cəhətdən kasad və cılız olduqlarını, “yuxarı”nın icazəsi olmadan danışmaq cəsarətində buluna bilmədiklərini toplum onsuz da bilir. Bəli, onlar öz sənətləri (musiqi, teatr, incəsənətin başqa sahələri) üzrə qabiliyyətli, hətta əvəzsiz insanlardır. Amma məgər ziyalı, vətəndaş üçün yalnız öz peşənin uzmanı olmaq yetərlidir? Məgər ziyalının, “xalqın sevimlisi”nin ictimai görəvi yoxdu?
Var, əlbəttə. Ziyalı, “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar incəsənət xadimi”, xalqın sevimlisi həmin xalqın dar günündə, müsibətində ortada yoxsa, seçkilərdə səsini çıxarmırsa, hələ harasıdır, heç olmasa neytrallıq göstərmək əvəzinə illərdir şəxsi-ailə, qohum maraqları naminə haqsızlığın, saxtakarlığın yanında qərar tutub zülmü təbliğ edirsə, hökmdarın şəninə şit klip çəkdirib, əttökən meyxana yazdırıb ondan nəsə umursa, artıq ziyalılıqdan, ziyadan-nurdan əsər-əlamət qalmır. Onun “ziyası” cəmiyyət üçün bir növ kabusa, zülmətə çevrilir.
Əslində onlar “Xalq artisti” yox, xalqın miskin artistləridir, saray artistləri, “saray sənətçiləridir, saray təlxəkləridir. Bu yerdə yada həm də məşhur bir ”Xalq artisti”nin ölüm ayağında (Allah o dünyasını versin) YAP-a üzv yazılması düşür. Gethagetdə lazım idimi ona?
Nə deyək. Hər kəs öz bioqrafiyasının sonunu özü yazır. Hər kəs özü müəyyən edir ki, fani dünyadan imansız köçəcək, yoxsa Axirət üçün gözəl baqajla. Ancaq adamı dəhşətə gətirən özünü ziyalı sayan birilərinin ahıl yaşda, müdrik çağda kobud səhvlərə, günahlara yol verməsi, daha betəri, bu günahları tirajlayaraq haqq kimi cəmiyyətə sırımaq cəhdidir…
Kim nə deyir-desin, Azərbaycanın ən böyük problemi hakimiyyət yox, ziyalı problemidir, iman çatışmazlığıdır, qısası, mənəviyyat problemidir. Həqiqi mənada ziyalısı, hacısı, kərbalayısı yetərli sayda olan millət bu gündə ola bilməz axı!
İşə bax, Ukraynada tanınmış sənətçi Ruslana müxalifətlə birgə çadırlarda gecələyir, xalqın yanından bir an belə çəkilmir, onun dərdləri-problemləri ilə yaşayır, hətta xalqının yolunda özünü yandıracağı ilə hakimiyyəti hədələyir, bizim “sənətçilər” də özlərini bu cür yandırır. Keşkə Ruslanadakı cəsarətin, milli qeyrətin 1/1000-i bizim xalqın artistlərində, “əməkdar”larda olaydı…
***
Deyirlər, günahları ən yaxşı od yandırır. Amma birilərinin günahını deyəsən bu dünyada yandırmağa ən təmiz marka benzin olan A-98-in də gücü çatmayacaq. Allah heç kimi dünyadan imansız aparmasın. Amin.