İşə bax, sabiq deputat Gülər Əhmədova da şər-böhtan nəticəsində tutulduğunu deyir, vicdan məhbusları Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqov, NİDA-çılar və ilahiyyatçı-möminlər də. Biz doğrudan da analoqsuz məmləkətdə yaşayırıq. Nə deyək, yaşadığımız əziz günlərdə yalnız bir diləyimiz ola bilər: Allah tezliklə bütün günahsızların qapısını açsın!
Təbii ki, bu qəbildən olan siyasi sifarişli məhkəmələrin yek hədəfi nəyin bahasına olursa-olsun, hakimiyyət maraqlarını təmin etmək, onu sudan quru çıxarmaq, sonucda rejimin ömrünü uzatmaqdır. Gülər Əhmədovanın məhkəməsi də qətiyyən istisna deyil və məhz eyni strateji məramı gözləmək şərti ilə, açıq aparılır. Bəzi yeni faktlara nəzər salaq.
Diqqət edin, Gülər xanım prosesdə israrla deyir ki, “bu işdə mandat alveri olmayıb”, “deputatlıqdan söhbət getməyib”, “Azərbaycanın heç bir vəzifəli şəxsinin bu işdə adı yoxdur” və s. Hər şeyi öz üzərinə çəkərək, qurbanlıq olmağa razılıq verib də mənsub olduğun komandanın adını təmizə çıxarmaq cəhdi necə olur ki? “Qruppovoy” cinayətə görə cəza axı, qat-qat sərtdir…
Bunlar heç. Sən demə, milyonlarla şüurlu insanın öz gözləri ilə gördüyü, qulaqları ilə eşitdiyi illüzion imiş. Sən demə, hamı yuxu görübmüş, yaxud Gülər xanım kimi görməyibmiş. Sən demə, yüksək vəzifəli rəsmilərin adı keçən videolarda dövləti cinayət sayılan deputat mandatı alverinin yox, şmotka bazarlığının söhbəti gedirmiş.
Halbuki, həmin videoların saxta və qurama olmadığı Baş Prokurorluq, demək həm də hakimiyyətin özü tərəfindən təsdiqlənib. Əks təqdirdə, parlamentin sabiq üzvü indi içəridə olmaz, Əhmədovanın keçmiş partiyadaşları isə onun hərəkətlərini pisləmək üçün sıraya düzülməzdilər (Kim olmasa da, hər halda, YAP-ın faydasını görənlər videoların həqiqiliyini gərək hamıdan yaxşı bilsinlər).
Tora düşən Gülər xanım isə hələ bircə dəfə olsun öz suçunu etiraf eləmək cəsarətində bulunmayıb. Yenə əksinə, günahsız çuxasında görünmək naminə Elşad Abdullayevi, mərhum Sevinc Babayevanı, hətta vaxtaşarı mətbuatı ittiham edib, ittiham etməkdə davam edir.
Beləcə, Gülər xanımın nəzərində hamı çirkaba bulaşandır, təkcə ondan savayı. Adam az qala mələksima, vicdan məhbusu, hətta dissident kimi aparır özünü. Kənardan necə də eybəcər görünür, ikrah doğurur bu mənzərə. Azərbaycan reallığının özü kimi. Bayırda XXI əsrdir, amma keçmiş, indiki YAPtokratlar hələ də xalqı öz nağıllarına inandırdıqları gümanındadırlar. Sadəlövhlər…
Yaxud prosesdə keçmiş deputatın hakimiyyətə ünvanlı olduğu aşkar görünən və diqqət çəkən digər bir reveransı, daha doğrusu, bazarlıq təklifi: dönə-dönə bildirir ki, türmədən çıxan kimi Elşad Abdullayevi Fransada həbs etdirib gətirəcək. Qəribədir. Hakimiyyətin, o boyda kişi xeylaqlarının baltakəsməz paralar, imkanlar hesabına bacarmadığı işi Gülər Əhmədova görəcəkmiş – təki onu azadlığa buraxsınlar…
Bəlkə də. Elə bacarığın sahibi niyə bunu da bacarmasın ki… İkinci yandan, adama deyərlər, haradan bilirsən ki, türmədən çıxanda da ölkədə eyni rejim iqtidarda olacaq və seçki cinayətlərinin sağ qalmış iştirakçıları üzərində daha ədalətli məhkəmələr qurulmayacaq?
Əlbəttə ki, dəqiqini Allah bilir. Amma ona qədər siyasi hakimiyyət ictimai qınaqlardan müvəqqəti və qismən qurtulmaq, təmiz görünmək üçün böyük ehtimalla Əhmədovanı “dələduzluq” ittihamı ilə bir neçə illiyə zindanda saxlayacaq. Axı, o qurbanlıqdır. Növbəti qurbanlıq. Özü bilməsə də, yaxud etiraf eləməsə də.
Amma bu roldan qurtula da bilər. İstəməsə təbii ki.