Dünən xəbər lentində bir başlıq gördüm, xeyli sevindim: “KVN-çinin atası akademiyanın müxbir üzvü oldu”. Əla. Yaşasın. Şəxsən məni həmin KVN-çi yoldaş özü bütün həyat və yaradıcılığı boyunca bu qədər güldürə bilməmişdi ki, həmin xəbər güldürdü. Bizdə elmə münasibəti, dövlətimizin ümumi intellektual səviyyəsini bu başlıq gözəl anladır. Kişi səksən ildir elm yolunda can qoyur, ancaq bunun təqdimat formasına baxın: “KVN-çinin atası…” Mən o alimin yerinə olsam BDU-nun kasıb tələbələri üçün satılan 1 manatlıq elmi dönərdən yeyib intihar edərdim.
Yanlış olaraq bayaq “intellektual” sözünü “intellektula” yazmışdım, gərək heç düzəltməzdim, ancaq oxucular bilsin biz yazı yazanda nə əzablar çəkirik, neçə sətri pozub, neçə misranı saxlayırıq. Şair Əli Kərim (bəzi hüquq-mühafizə orqanı zəhmətkeşlərimiz bu şairi AXCP sədri Əli Kərimli ilə qarışdırırlar) məhz bu yerdə yaxşı deyibdir:
“Çox yazdım gecə…
Pozdum.
Demə, barını dərdim.
Könül alışdı, yandı.
Başımdan aşdı dərdim,
Bir qalın xətt çəkəndə
Üstündən yazdığımın,
Kağızda yeri qaldı.
Heç olmasa,
Deyərlər: – Şairin oxucuya
Bir hörmət sətri qaldı”.
Mən sizə deyim ki, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində ciddi qüsurlar hiss olunur. Hesablama Palatası yoxlasa, neçə elmi kəşfin yeyildiyini, nə qədər ixtiranın şəxsi məqsədlər üçün istifadə edildiyini aşkarlayar. Örnək üçün, elə o KVN-çi qardaşın özünə də akademik adı vermək olmazdımı? Olardı. Paxıllıq qoymur verək.
Yaxud təzə müxbir üzv adı alanların siyahısında keçmiş təhsil nazirimiz hörmətli Misir müəllimin adını gördüm. Ayıb deyilmi?
O cür alim adam hələ indi, özü də akademiyanın müxbir üzvü adını alır. Halbuki Misir müəllimə birbaşa “Platon” adı versən yenə azdır. Platon və müxbir demişkən, yaxşı olardı Mətbuat Şurasının sədri Əflatun müəllim biz müxbirlər üçün akademiya yaradılması məsələsinə diqqətlə yanaşsın. Hər cür savadsız adam mətbuata doluşur. Bilmirsən kim reketdir, kim redaktordur. Kim marketoloqdur, kim reportyordur, kim də tansor disko. Bunun qarşısını almaq üçün yaxşı olar bütün jurnalistlər ilk növbədə Əflatun müəllimin deputat seçildiyi Saatlı rayonunda pambıq qurdu yığmağa göndərilsin. Əmək təcrübəsi çox vacibdir. Mən özüm jurnalistikaya gələnə qədər xeyli üzüm, pambıq yığmışam, dana otarmış, xiyar sulamışam.
Laqeydlik pis şeydir, evimizi yıxır. Dünənki yazımda AYB sədri Anar müəllimin islamiadaya biganə münasibətini tənqid etmişdim. Yəqin yadınızda olar, Anar müəllim jurnalistin “İslam oyunlarını izləyəcəksinizmi” sualına “idmançı deyiləm” cavabını vermişdi. Halbuki AYB tarixini izləsək orda həmişə yaxşı idmançılar olubdur. Elə bunların arasında yarış düzəltmək, islamiadada şair və yazıçılardan ibarət xüsusi komanda ilə iştirak dövlətçiliyimiz üçün də müsbət təsir göstərməzdimi? Çox uzağa getmirəm, keçən ay bir yazıçını AYB-nin dəhlizində döyüb xəstəxanaya salmışdılar. Həmin yazıçı yoldaş onu Anar müəllimin köməkçisinin kitabla vurduğunu demişdi. Əlbəttə, yazıçılar birliyində adamı kitabla döyərlər, linglə yox. Bax elə həmin köməkçini idman turnirinə çəkic, nizə atma yarışlarına göndərmək lazım idi.
Yaxşı yadıma düşdü, laqeyd yazıçılarımızdan biri də Elçin müəllimdir. Sovet vaxtı kitablarının altına “Soçi”, “Yalta”, “Qaqra” sözləri qoyan bu yazıçılar indiki əsərlərini Makedoniya, Sloveniya, nə bilim, Maldiv və Seyşel kurortlarında yazdıqlarını qeyd edirlər. Hətta Elçin müəllim qaçqınlarımızın ağır həyatından bəhs edən “Dağlar arxasında üç kurort” romanını Bodrumun Yalıkavak bölgəsində yazmışdır. Çünki qaçqınların ağır problemləri bu prizmadan baxanda daha kəskin görünür.
İndi söz əlaqədar təşkilatlarındır – Əflatun müəllim bir putyovka düzəltsəydi yayda Nabrana gedərdim.