“Yeni Müsavat”, azad mətbuat adına ilk böyük, orijinal və dinc mücadilədən 15 il ötür. Düz 15 il öncə, 12 noyabrda – konstitusiya günündə qəzetimizə məmur-oliqarxların misli görünməmiş basqısına, qəzeti məhkəmə cərimələri ilə birdəfəlik çökdürmək planına qarşı aclıq aksiyasına start verdik.
Baş redaktor Rauf Arifoğlu, bu sətirlərin müəllifi, hazırda mühacirət həyatı yaşayan jurnalistlər Elbəyi Həsənli, Rahib Kazımlı və Qeyrət Partiyasından gözəl insan, mərhum Nizami Axundov (qəbri nurla dolsun) o dövr üçün populyar olmayan bir mübarizə üsuluna – canımıza qıymaq hesabına etiraza formasına əl atdıq.
Mübarizəyə start günü kimi 12 noyabrın seçilməsi əlbəttə ki, təsadüfi deyildi. Bununla biz konstitusiyanın təməl prinsiplərinin, fundamental azadlıqların, o sırada söz-ifadə azadlığının təhlükədə olmasına cəmiyyətimizlə yanaşı, beynəlxalq ictimaiyyətin də diqqətini yönəltmək amacında idik.
Alındı. 6-7 gün sonra aksiya xeyli böyüdü, media kapitanlarının demək olar, hamısı, o sırada bir çox tanınmış siyasilər və hüquq müdafiəçilərindən dəstək gəldi, bəzilərindən həm də eyni formada – cana qıymaqla. Aksiya gedişində Azərbaycan daxilindən, ölkə toplumundan, demokratik dünyadan gözlədiyimizdən də sanballı həmrəylik gördük.
Yekun etibarilə “Yeni Müsavat” yerli və beynəlxalq ictimai dəstək hesabına ayaqda qalmağı bacardı, özü ilə bərabər azad çap mediasını da ayaqda saxladı, müstəqil mətbuatı yaşatdı – hakimiyyətin əsas zərbələrini özünə çəkməklə təbii ki. Çətin, məşəqqətli oldu, fəqət, nəticə ağrı-acılarımızı, məhrumiyyətləri qısa müddətdə bizə unutdurdu, zira mənəvi qələbə var idi ortada.
Nəticələrdən biri də redaktorların sabiq prezident Heydər Əliyevlə məlum görüşü və bu görüş zamanı mətbuatın dövlət nəşriyyatına borclarının silinməsi, onun məmurları müstəqil mətbuata qarşı daha dözümlü olmağa çağırması oldu. Ən mühüm sonuc isə o oldu ki, hakim qüvvə ilk dəfə mətbuatla ehtiyatlı və diqqətli olmaq, media ilə düşmən yox, dost olmaq zərurətini anladı.
Yekunun müsbət olmasının bir səbəbi də o idi ki, o vaxt Azərbaycanda avtoritar idarəçilik indiki kimi dərin kök salmamış, konstitusiyanın əksər maddələri indiki kimi ayaqaltı edilməmişdi; hətta telekanallara müxalif fikrin çıxış imkanları var idi, sərbəst toplaşmaq azadlığına pis-yaxşı hörmət edilirdi, siyasi müxalifətin varlığı qəbul olunurdu…
Bütün bunlar sanki dünən baş verib. Və sanki bu ölkədə heç nə dəyişməyib. Yenə gerçək müxalifət, azad mətbuat, “Yeni Müsavat” hədəfdədir. Hərgah, təzyiq üsulları azca “modifikasiya” edilib. İndi bizi təkcə məhkəmələrlə, süni qəzet kağızı qıtlığı ilə deyil, həm də satışa qadağalar qoymaqla susdurmaq, küncə sıxmaq və istədikləri şərtləri bizə qəbul etdirməyə çalışırlar.
Qısası, yenə oxşar dəst-xətt. Halbuki, o vaxt Azərbaycan heç Avropa Şurasının üzvü deyildi. Amma paradoksa bax ki, həmin mötəbər quruma üzvlükdən sonra ölkədə insan haqlarının durumu pisləşməyə başlayıb, demokratiyanın arealı ilbəil daralıb, bələdiyyə seçkiləri də daxil, saxta seçkilər ənənə halını alıb. Kəsəsi, bu gün 18 yaşına çatan Azərbaycan konstitusiyasının özü misli görünməmiş şəkildə urvatsız hala salınıb; üstəgəl, ona avtoritarizmin, bir nəfərin hüdudsuz hakimiyyətinin bərqərar edilməsinə yönəlik çoxsaylı antidemokratik düzəlişlər edilib.
Belə bir məmləkətdə, faktiki, konstitusiyasız idarə edilən Azərbaycanda azad mətbuatı yaşatmaq nədisə, razılaşaq ki, ən azından dissidentlik kimi bir şeydir. Dissident hərəkatı davam edir…
Nə vaxtsa, konstitusiya gününü layiqincə qeyd eləmək arzusu ilə, bayramınız mübarək!