Əslində Cahangir müəllim vaxtında aradan çıxa bilməməklə özünün bacarıqsız bankir olduğunu bir dəfə sübut edibdir, indi isə onun məhkəmədə son sözünü oxuyub va-bank getdiyini görəndə lap təəssüfləndim. Gənc adamdır, özü demişkən, 20 ildir bu yapistlərin arasında can qoyubdur, sistemə işləyibdir, bəs niyə görüb-götürməyibdir? Siyasi səhvlər buraxır. Yaxşı piar menecerinə ehtiyacı var. Hərçənd “qapı bağlanandan” sonra bəlkə tarana getmək də bir üsuldur? Bir də gördün türmədən Milli Şuranın mitinqlərinə dəstək verdi…
Yox, mən siyasi səhv deyərkən, Beynəlxalq Bankın əski şefinin maliyyə nazirinə həmləsini nəzərdə tutmuram. Kimdir ki, maliyyə naziri? Bu sistemdə demək olar heç kim. Elman Rüstəmovun başqa formada kuklası. Heç adını da bilmirəm burda yazım. Elçibəyin sözü olmasın, əllərinə bir fağır maliyyə naziri düşüb, sağdan da vururlar, soldan da. Bəs Cahangir müəllimin siyasi səhvi nədir? Yazım, bilin. Son sözündə Azərbaycanda minlərlə yeni iş yeri açdığından danışdı. Sitat: “Yüz minlərlə adama çörək vermişəm”. Hətta lap ağını çıxarıb dedi ki, banka rəhbərlik elədiyi 15 il müddətində Beynəlxalq Bank (BB) dövlətdən bir qəpik də pul almayıbdır.
Öncə bu “qəpik məsələsinə” qısaca izahat verək. Prinsipcə, Cahangir müəllim doğru deyir, onun vaxtında BB dövlətdən qəpik yox, yüz milyonlarla dollar və manat alıbdır. Əks halda, BB ölkənin və regionun bank sektorunda necə lotuluq edə bilərdi ki? Loru dildə yazsaq, bank bir pul alveri müəssisəsidir, kimdənsə pul alır, kiməsə pul satır, aradakı faizlə yaşayır özü üçün. BB-nin də pulu orda hesab açan ARDNŞ-dən, neft gəlirlərindən axırdı. O cümlədən, arada Elman müəllim görüm-baxım edirdi, Mərkəzi Bankdakı neft pullarından yüz-yüz milyonları atırdı Cahangir müəllimin bankına. Burda kriminal axtarmaq fikrindən uzağam – ayrı nəyimiz vardı ki? Neft pulu vardı, alver də onun üzərində olmalıydı. Sadəcə, sözümün canı odur ki, nəsə quyruq qapı arasında qalanda hamı birdən mələyə dönür. Məlum olur kişinin uşağı messenat imiş. Hacı Zeynalabdin irsinin layiqli davamçısıymış, xəbərimiz olmayıb.
Burda bir haşiyə çıxmaq istəyirəm. İqtidardan vurulan kimlərinsə müxalifət tərəfindən qucaqlanması bizdə bir prosedur şəklini almışdır. Bu, Cahangir Hacıyevə aid deyil, sadəcə, yadıma düşdü, məqam bildim, yazıram. Demək, baxırsan dünənə qədər tribunalardan iqtidara bəy tərifi vuran adam bu gün yenə tribunaya çıxıb iqtidarı söyür. Millətin də bir hissəsi deyir əhsən, sağ ol, o biri hissəsi donquldanır, deyirlər bunu niyə ora buraxıblar, sabah bizi yenə satacaqdır. Kim haqlıdır, onu bir tərəfə qoyuram. Hətta beynəlxalq konvensiyalara görə hər insanın öz əqidəsini dəyişmək hüququ da vardır. Düzdür, neçə dəfə dəyişməyi orda göstərməyiblər, ancaq bu da bizim maraqlanacağımız məsələ deyil – bəlkə adam əqidə modasına uyğun yaşamağı sevir? Bəs mən nə təklif edirəm? Çox sadə düsturum var: beynəlxalq praktikadakı lüstrasiya qanunları müxalifətdə də olsun. Həmin qanunlar keçmişdə kommunist rejiminə, KGB-yə və sairəyə xidmət eləmiş şəxslərin hazırkı hakimiyyətlərdə vəzifə tutmasını qadağan edir. Çox yaxşı qaydadır. İndi bunu müxalifətdə də tətbiq eləmək lazımdır. Qoy yapist sistemdə vəzifə tutmuş, çılğınlıq yapmış şəxslər sabah müxalifətə keçib orda vəzifə tutmasın. Elə-belə, sıravi müxalifətçi olsunlar, vəzifə verilməsin. Müxalifət bunları öz daxili nizamnaməsinə, prinsiplərinə yazmalıdır. Belə olsa insanlar pislikdən çəkinər. Başa düşərlər ki, yaramazlıq yolu geriyə dönməz yoldur, sabah xalq bunları bağışlayıb gözünün üstünə qoymayacaq.
İndi keçək Cahangir müəllimin əsas siyasi səhvinə. Yuxarıda yazdığım kimi, o, Azərbaycanda yüz minlərlə iş yeri açdığını iddia edir. Qardaşım, bəyəm sən ölkədə həmin yüz minlərlə iş yerini kimin açdığını bilmirsən? Bu nə nadanlıqdır? İndi sən dur denən yüz min iş yerini mən açdım, Gülağa Tənha o tərəfdən desin ki, Avropa Oyunlarını öz pulumla keçirtdim, bir başqası elə mızıldasın, ayrısı, Tağı müəllim demiş, ayrı cür dızıldaşsın – dövlətçiliyimizin axırı necə olar?
Özün də çətin günlər, girov qohum-əqrəba görmüş adamsan, belə səhvlər eləmə…