Adamı ilk dəfə görən birinin “sən” deyə müraciət etməsini heç vaxt başa düşməmişəm.
Ömründə birinci dəfə gördüyün adam sənlə niyə belə ərklə danışsın axı?
Bir dəfə masanı yığışdırırdım. Qızıma, “İzel, keç” – dedim. Yerindən tərpənmədi və barmağı dodağında soruşdu:
– Sən pis anasan.
– Niyə, qızım?
– “İzel, zəhmət olmasa keç” demək yerinə, “İzel, keç!” dedin. Adam belə deyər?
Gözümü döyə-döyə udqunub – “yox, deməz, qızım. Üzr istəyirəm, bağışla” söylədim.
– Bağışlayıram – özündən razı halda mətbəxdən çıxdı.
18 yaşımda TV-də müsabiqədən keçdim. O zaman ustad Rafiq Hüseynli bizə aparıcılıq dərsi verdi. Sözün əsl mənasında dərs verdi.
Rafiq müəllim bircə dəfə bizə “sən” demədi. Ta münasibətimiz müəllim-tələbə müstəvisindən çıxıb dostluğa çevrilənəcən.
Onun gənclərə “siz”lə yanaşması xoşuma gəlirdi, hətta bundan elə zövq alırdım ki, o, dərs keçəndə sadəcə izləyici olmaq istəyirdim. Əla öyrətmənlərim olub. Nə yalan deyim, “siz”lə danışan müəllim ilk dəfə görürdüm.
Sonra akademik Azad Mirzəcanzadə ilə tanış oldum. O da tələbələri ilə “siz”lə danışırdı. Hətta çox yaxın tələbələri ilə, mənimlə də. Özündən yarım əsr kiçik bir qıza hörmətlə “siz” deyən bu adam Rafiq müəllimi xatırladırdı hər dəfə. Hər “siz” deyişində üçümüz görüşürdük elə bil: Rafiq müəllim, Azad müəllim və mən.
Öyrəndim ki, Azad müəllim yalnız ən yaxın – barmaqla sayılacaq adamlara “sən” deyir. Əgər onlardan biri ilə arası bərk dəyibsə onu “siz”lə cəzalandırır. Özündən uzaqlaşdırdığına, yadlaşdığına işarə edərək ona
“siz” deməyə başlayır.
Ünsiyyət etiketlərinə görə “sən” yalnız çox yaxın adamların çağırışıdı. Kübar cəmiyyətlərdə ər-arvad adam içində “siz”lə danışar. Doğunun da, Batının da saray həyatında belə olub.
“Siz”in anlamı çoxdu. İsmin halı kimi də elə çoxlu “sən”ləri ifadə edir.
“Siz” bir neçə adam, bir neçə “sən” deməkdi.
Ona görə də “sən”in yalnız tək-tək adamlara, çox yaxınlara deyilməsi gərəkdi.
Böyüklərə “siz” deməyin də anlamı odu ki, onun təcrübəsi daha çoxdu, bir çox “sən”ləri özündə birləşdirir, şəxsi böyükdür, çox adama dəyər.
“Siz” cəm əvəzliyi olsa da bəzən “lər” şəkilçisi əlavə edilir. Bu, qrammatik cəhətdən yanlış, mənaca ədəbidir. Sayğını gücləndirən elementdi. Çoxluğa deyilirsə, hər adama ayrı-ayrılıqda “siz” deyildiyinə işarədir.
Türk ailələrində ta qədimdən eşlər bir-birini təkcə adla çağırmaz, yanında “bəy”, “xanım” “bəyim” epitetləri də olar.
Türkiyə toplumu əksərən “siz”lə danışmır. Ən çox ruslar “siz”ləyir. Dünyanın ən mədəni xalqı fransızlar sayılır. Onlar haqda belə bir yumor var: bir fransız hərəkətli (məsələn, şorba) yemək yeyəndə boşqaba üz tutub deyir: “həyəcanlanmayın, sizi yeməyəcəm”. İngilis dilində “sən” “siz” ayrıcalığı yoxdu. Hər ikisi eyni cür ifadə olunur: you.
Bütünlükdə hər bir dildə kübar ifadə forması üçün imkanlar genişdi.
Lütfən, zəhmət olmasa, buyurun – kimi kəlmələr deyəni də, duyanı da nəcibləşdirir.
– Pulun var sənin?
– Sənin yox, sizin.
– Pulun var sizin?
Biz buna gülürük. Ancaq bu, təkcə savadsızlığı deyil, mədəni davranışdan xəbərsizliyi ifadə edir.
“Siz” anlamca elə bir çağırışdı ki, onun üçün adam mütləq bir çox “sən” mərhələsini keçməlidi.
Ola bilər bir adam bizim üçün öncə “siz” olsun, sonra “sən”, ən sonda SİZ.
Adam var “siz” deyəndə özünü naqolay hiss edir, utanır.
Yaponlar utancaqlığı pis tərbiyənin nəticəsi sayırlar. Yaxşı tərbiyə olunan adam boş yerə utanıb-çəkinmir. Özgüvəni yerində olur. Özgüvən ciddi amildir – insanı acgözlükdən, yekəxanalıqdan qoruyur.
“Siz”lə danışmaq ayıb bir şey deyil. Adama salam verən kimi dərhal “sən”ə keçmək ayıbdı. Çox yaxının olmayan birinə bu qədər ərkyana yanaşmaq onun sərhədini aşmaqdı. Bu, sayğısızlıqdı.
Bir-birinin sərhədini keçməyən adamların cəmiyyəti düzənli olur. Bütün ilişkilərdə belədi. Atatürk necə deyib – düzənin açarı sayğıdır.