“Necə? Stulun içinə yetmiş minlik brilyantları doldurmaq! Özü də bilinmir bu stulun üstündə kim oturur!..”
(İlf və Petrov, “On iki stul”)
Dünya iqtisadiyyatında müəyyən səbəb-nəticə əlaqələri olur, örnək üçün, bir də görürsən hansısa banklar ipoteka kreditini düzgün tənzimləmədi, birjalar çökdü. Hansısa dövlətin baş naziri başqa dövləti tənqid elədi, aksiyalar qiymətdən düşdü. Terrorçular haranısa partlatdılar, aviaşirkətlərin gəlirləri azaldı və sairə. Bizim ölkədə bu cür bazar iqtisadiyyatı xüsusiyyətləri vardırmı?
İlk baxışdan elə görünür yoxdur. Nöşün ki, bizdə birja, qiymətli kağızlar bazarı, liberal makroekonomika tipli şeylərə rast gəlinmir. Hər bir şeyi dövlət özü biznes qurumlarının əvəzindən eləyir. Misal üçün, maliyyə siyasəti baş bankirin keçəl başındakı iki cüt bir tək tükdən asılıdır. Əgər külək həmin tükləri sağa yellətsə, devalvasiya olur. Sola yellətsə, revalvasiya olur. Yox, külək əsməsə sabitlik yaranır.
Mən özüm qiymətli kağızlar haqda yeganə söhbəti bir dəfə avtobusda eşitmişəm, baxmayaraq ki, özəlləşdirmədən, yalan olmasın, 30 il keçir. Demək, 10 il olardı, bir ağsaqqal oturmuşdu avtobusun günvuran tərəfində – indiyəcən yadımdadır, avtovağzal tərəfdən “20 Yanvar”a girirdik, tarixi hadisə olduğundan bütün detallar yadımdadır – alnının tərini palaz boyda bir dəsmalla silərək kiminləsə telefonda danışırdı. Hamı, hətta arada avtobus sürücüsü də maşını saxlayıb buna diqqətlə qulaq asırdı, çünki ağsaqqal birja söhbəti eləyirdi. Kimsə bunu birjadan səhm almağa göndərmişdi, bu da telefonla həmin şəxsə hesabat verirdi. Nəsə razılığa gələ bilmirdilər, axırda adam dedi ki, Samux Mexanikləşdirilmiş Traktor Stansiyasının 100 səhmini 1 manat 20 qəpikdən alıb, onu neyləsin?
Telefonun o biri başındakı adam, yəni pulun yiyəsi dəhşətlə necə bağırdısa bunu hamımız eşitdik. Qardaş ağsaqqala məsləhət görürdü ki, həmin aksiyaları münasib bir yerinə, üzr istəyirəm, depozitə qoysun.
Ancaq bu o demək deyildir ki, bizdə bazar iqtisadiyyatı yoxdur. Qətiyyən. Hətta biz dəqiq bilirik: iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. O cümlədən, körpü yolun bir hissəsidir. Həmçinin hamımızın bir vətəni var, bu Azərbaycandır. Sadəcə, bizim ölkədə hər şey milli, suveren, müstəqil, mentalitetimizə uyğun olduğundan iqtisadi qanunauyğunluqlar da millidir, bənzərsizdir. İndi sizə örnək göstərim, yoxsa mən heç vaxt boş-boş, faktsız, arqumentsiz cızmaqaralar eləmirəm.
Srağagün dünya birjasından xəbər gəldi: brent markalı neftin qiyməti hər bareldə 50 dollardan aşağı düşmüşdür. Bu da bizim neftin markasıdır, o üzdən iqtisadiyyata nəsə təsiri olmalı idi. Bəli, təsir özünü çox gözlətmədi, sabahısı gün qəzetlər yazdılar ki, “bankotdel” polisləri Hacı İbrahimi növbəti dəfə tutub aparıblar idarəyə.
Formal səbəb belədir ki, İbrahim müəllim Beynəlxalq Bankdan kredit alıb, verə bilmir. Amma inandırıcı deyil, çünki adam Xəzərin yarısını ada ilə doldurub, hətta yayda Putinin gəmisi az qalmışdı saya otursun. Sadəcə, neftin qiyməti hər dəfə düşəndə dövlət məcbur olur bəzi biznesmenləri sağsın. Kim yaxşı süd verirsə, onu tez-tez sağırlar. Bəzi dəli biznesmenlər də olur, təpik atıb süd vedrəsini aşırdırlar. O zaman müdrik hökumətimiz onların otunu, suyunu kəsir, örüşünü şumlayır, uzun müddətə pəyəyə salır. Nəticədə başqa biznesmenlərin hətta buzov ikən süd vermək həvəsi yaranır.
Bax, bu da bizim iqtisadiyyatdır. Narxozda uşaqlara da bunu öyrədirlər. Gömrük Komitəmizin unudulmaz rəhbəri Tahir Əliyevin vaxtilə söylədiyi qızıl kəlam isə orda divara yazılıbdır: “Aldığımızın hamısı rüşvət deyil, içində dövlət rüsumu da olur”.