AZAL ha dara-bara salsa da, Tağı Əhmədov demişkən, nə qədər burcutsa da, xeyri yoxdur, əvvəl-axır aviabiletlərin qiymətini salacaq. Bu heç.
Ancaq baxaq, görək, bu, ölkəmizdə turizmin inkişafına təkan verəcəkmi?
Oxumuş adamlar deyir ki, ölkəmizdə turizmin inkişafının beş şərti varsa, yalnız biri ölkəyə gəliş-gedişin sərfəli olmasıyla bağlıdır, qalanları başqa şərtlərdir (xidmət, komfort, görməli yerlər və s.).
Yəni AZAL günü bu gün aviabiletlərin qiymətini 2, hətta 4 dəfə salsa da, əcnəbilər axışıb ölkəyə gəlməyəcəklər, küyə düşüb gəlsələr də, tezliklə peşman olacaq, söyə-söyə öz ölkələrinə qayıdacaqlar və gedib elə bir antireklam kampaniyası başladacaqlar ki, ölkəyə üzükən olmayacaq.
Rus satiriki Mixail Zadornovun 10-12 il öncə Misir səyahətindən bəhs edən bir felyetonu var, oxuyandan sonra Misirə getmək həvəsin elə ölür ki, hətta o məşhur ehramlar Ələt qədər məsafədə olsa, yenə getməzsən.
Zadornov sadəcə misirli fırıldaqçıların turistlərə necə hər addımda kələk gəldiklərindən, necə yalançı, tamahkar, dələduz olduqlarından yazıb, yazısında turistləri pul dağarcığı hesab edən misirlilərin şəklini çəkib.
Eyni vəziyyət bizdə də var. Şərq ölkələrinin kasıb, görməmiş camaatı kimi biz də hesab edirik ki, ölkəmizə gələn hər bir əcnəbinin özəl pulkəsən maşını var və gələndə beş-altı çəngə xışmalayır, cibinə basıb gəlir, indi o pulları bizə verib getməlidir. Yoxsa 15 qəpiklik qəhvəyə görə 6 avro tələb etməyin heç bir elmi izahı yoxdur.
Jurnalist həmkarımız Mahir Məmmədli mövzuya dair təəssüratlarını sosial şəbəkədə bölüşərək yazır: “Gәncәdәn gәlәn qonaqları Şıx çimәrliyindә “Eldorado”ya aparmışdım. Adambaşına 2 manat verdik, keçdik içәri. Dәnizә girmirәm deyә oturmaq istәdim. Dedilәr, masa 10 manatdır, amma restoranda otura bilәrsiniz. Keçdim restorana, boşuna oturmayım deyә 10 dәnә qutab vә çay sifariş elәdim. Dedilәr ki, tәk qutaba vә çaya görә hesab aça bilmәrik, sifarişi artırın”.
Anlaşılan odur ki, bir hovur dincəlməyə və bir qarın yeməyə görə Mahirdən 40-50 manat pul qapazlamaq istəyirmişlər. Yeri gəlmişkən, onun da pulkəsən maşını yoxdur.
Hələ orda yenə oturmağa masa, kətil varmış, bir çox yerlərdə heç o da yoxdur. Məsələn, mövsüm təzə başlayanda Masallı tərəflərdə çəkilmiş bir şəkil paylaşmışdılar. Şəkildə yol kənarında 3-4 ağacın hamarlanmış altı və belə bir elan görünürdü: “Oturmaq pulludur”.
Allah qoymasa, bu da hansısa bir işbazın obyektidir, oturub gözləyir ki, buradan doğma rayonuna gedən yorğun yolçular keçəcək, maşını 15-20 dəqiqəlik saxlayıb, bir qismət yemək yeyəcəklər, o da gəlib deyəcək, oturmaq pulludur, 10 manat verməlisiniz.
Bəlkə də həmin adam bu “obyekt” üçün yuxarılara aylıq hesab da verir. Elə olar. Bizdə yiyəsiz yer yoxdur axı. Hər şeyin, hər ağacın, hər qayanın, hər bulağın sahibi var.
Ölkəmiz dəniz sahilində yerləşsə də, havanın ayda 20-25 gün küləkli, dənizin dalğalı olması səbəbindən yay-çimərlik turizmi üçün əlverişli deyil, amma şairlər demişkən, məmləkətin dilbər guşələri çoxdur. Bunun Quba-Qusarı, Lənkəran-Masallısı, Zaqatala-Qaxı, Şəki-Qəbələsi, Göygölü, Daşkəsən-Gədəbəyi var. Bu məkanlarda elə bir cənnət yaratmaq olar ki, Avstriya, İsveçrənin turizm məkanları yalan olar. Bəzi yerlərdə (məsələn, Qəbələdə, Qusarda) o cür istirahət mərkəzələri artıq yaradılıb da. Ancaq məkan sahiblərindəki və məmurlardakı soyğunçu təfəkkürü müştərilərin çoxalmasına, yeni-yeni və bir-birindən yaxşı, bir-birindən ucuz istirahət məkanlarının açılmasına mane olur.
Bəs bu sahədə dəyişikliklərin olacağına, gerçək inkişafa nail olacağımıza ümid etmək olarmı? Yox, konkret olaraq, yox. Hər halda, bu tezlikdə yox.
Bu qafayla bizdən turizm inkişaf etdirən olmaz. Nə qədər ki, biz birdən-birə çox pul qazanmaq, turizmə yatırdığımız vəsaiti bir-iki ilin içində çıxarmaq istəyirik, əcnəbilərə, yerli turistlərə pulkəsən maşını olan adamlar kimi baxırıq, heç zad olmayacaq.
P.S. Bir dəfə Türkiyədə bir satıcı gənc məni varlı turist zənn edərək 35 dollarlıq ayaqqabını 70 avroya sırımaq istədi. Dedim, biradər, bura gələrkən para basan dəzgahım pozuldu, yoxsa bunu o qiymətə alardım. Gənc əvvəlcə key-key üzümə baxdı, sonra irişdi: “Anladım, abi, 35 ver”.