“Ağa, tamam dağların heyvanatı meymun şəklinə, böyük həmdunələr sifətinə dönüb, uzun quyruqları ilə nəzərimdə basışırlar, üstümə hücum gətirirlər. Uf, bilmirəm necə edim, hara qaçım! Uf, lənətə gələsiniz, meymunlar! Lənətə gələsiniz, həmdunələr!”
(Mirzə Fətəli Axundov, “Hekayəti Molla İbrahim-Xəlil kimyagər”)
****
Bakıda son dövrlər ərəbləşmə əlamətləri artır, bunlardan biri uşaqlara ərəb adlarının çox qoyulmasıdır. Başqa bir element isə “Ərəb ətirləri” adlı maraqlı dükanların peyda olmasıdır.
Açığı, pis çıxmasın, mən özüm alman yazıçısı Patrik Züskind-in “Ətriyyatçı” romanını axıra qədər oxumuşam, ancaq hələ də anlamıram bu ərəblər ətiri nədən qayırırlar. Çünki Ərəbistanda gül-çiçəyə rast gəlmək təxminən Azərbaycanda demokratiyaya rast gəlmək kimi bir şeydir. Fransa ətir satanda bunu başa düşmək olar, çünki ölkənin hər yerində cürbəcür güllər bitir. Ərəb dünyası tarixən bir ətirlə məşhur olub, onu da Hind okeanında balina öldürüb onun ifrazatından ənbər qayırırdılar. Bir də müşk deyə ətir varmış, o da heyvan mənşəlidir, maralın hansısa vəzindən qayırırdılar. İndiki dövrdə bunların sənaye üsulu istehsalı təbii, mümkün deyil – o qədər balina və maralı hardan alasan? Yəni, bunları çıxdıq. Bəs ərəblər ətiri nədən alır? Bölgədən geniş yayılan sitatla desək: Allah bilir.
Ümumiyyətlə, hər bir şeyin kökü, mənşəyi onun gələcək taleyini müəyyən edir. Örnək üçün, bir dostum var, neçə ildir köçüb gedibdir Avropaya, hətta Avropanın da Avropası sayılan Avstriyaya, Vyana şəhərində yaşamaqdadır. Yəni, elə bir yerə ki, sağa baxırsan Motsartı görürsən, sola baxırsan Qustav Klimti. Yuxarı baxırsan Kafka gəzişir, aşağı baxırsan Freyd oturub tütün eşir. Belə bir yerdən dostumun mənə yazdığı məktuba baxın: “Bizim kənddə Hilal adlı oğlan var idi. Sevdiyi qız nişanlanandan sonra toylarda bu mahnıya oynayırdı:
Həyat qızıl qandır,
Sən də vəfasız.
Sən evlər yıxansan,
Ay etibarsız”.
Gördüyünüz kimi, adam kökündən qopa bilmir, Vyanada hələ də doğma kəndlərini xatırlayır, ordan sitat çəkir.
Bu əslində çox yaxşı haldır. Milli mentalitetimizə uyğundur. Başqa örnək deyim. Təzəlikcə Bakıda bir cavan oğlan məhəllədə öpüşən sevgililərə irad tutub, sonra dava düşüb, bıçaqla öpüşən oğlanı vurub öldürmüşdür. Bunun da əsaslandırması vardır, sosial şəbəkələrdə xalqımızın proqressiv hissəsi yazır ki, (hətta içində İngiltərədə oxuyub gələn qaqaşlar da var) gərək məhəllədə öpüşəndə yerli sakinləri nəzərə alasan, arvad-uşaq yoldan keçir, ağbirçəklərimiz pəncərədən baxır, ağsaqqallarımız nərd atır və sairə.
Doğrudan da küçədə öpüşən insanlar əxlaqsızdır, dünyada harda belə ölkə varsa geridə qalmışdır. Küçədə öpüşməyə baxan arvad gecə ərindən onu öpməyi tələb eləsə bunun axırı necə olar? Ayıb deyilmi?! Hələ uşaqları demirəm! Niyə demirəm, lap deyirəm. Böyüklərin öpüşdüyünü görən uşaq da öpüşməyi öyrənib mənasız bir uşaq olacaqdır. Əsl uşaq küçədə bir-birinin başını kəsənləri, bir-birini partladan təmiz müsəlman camaatı görməlidir. Yaxud, kimisə krandan asmalıdırlar, şallaq vurmalıdırlar, əlini kəsməlidirlər, bu da baxmalıdır. Uşaq qan gölü görməlidir, kəsik baş görməlidir. Uşaq niyə öpüşmək görsün? Soxum elə uşağın boyunu yerə! Misal üçün, bizim məktəb yolunun üstündə hər gün dana kəsib kəlləsini, ayaqlarını eşiyə düzürlər, balacalar maraqla baxır.
Öpüşməyə yox, təpikləşməyə baxan uşaqlar böyütməliyik. Belə uşaqlar yekələndə karateist olub turnirlərdə bizə vedrə-vedrə medal gətirər, himnimizi oxutdurar. Hələ tarix boyunca öpüşməkdən bir xalqa da xeyir gəlməmişdir. Ən çox öpüşənlər danimarkalılar, fransızlar, italyanlardır, onlar da görün nə kökə düşüblər, acından ölürlər.
Az qala yadımdan çıxmışdı, kiminsə gəlib məhəllədə sevgilisini öpməsi ot tayasının dibində nərd atan ağsaqqallara daha mənfi təsir göstərir. Oyunu qarışdırırlar! Təsəvvür elə, buna şeş qoşa lazımdır, ancaq öpüşən gənclərə baxıb həyəcandan, dövlətçilik fəlsəfəsinin təsirindən əli əsir, nəticədə zəri pis atır, dü bir düşür. Neçə dənə ağbirçək tanıyıram, küçədə öpüşən gənclərə “alley” verəndə pəncərədən yerə yıxılmışdır.
Məhəllədə sevgilidən ayrılarkən sadəcə əllə görüşmək lazımdır, bu zaman isə çalışmaq lazımdır çeçələ barmaq sevgilinin şəhadət barmağına toxunmasın, çünki bu da mentaliteti tapdalamaqdır.
İndi söz əlaqədar sevgililərindir.