İyulun 1-dən hərbi xidmətə çağırışla bağlı qüvvəyə minən yeni qaydalara görə, çağırışçılarla bağlı yekun tibbi müayinəyə dair qərarı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi verir. Müayinənin nəticələrindən asılı olaraq, əgər üzə çıxsa ki, əvvəlki illərdə hərbi xidmətə yararsız adı ilə əsgərlikdən yayınan şəxs xidmətə yararlıdır, o zaman vaxtilə ona səhhəti barədə yalan diaqnoz qoyan, xidmətdən yayınmasına səbəb olan həkimlər, eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul şəxsləri məsuliyyətə cəlb olunacaqlarmı? Qanunla bu, hansı qaydada həllini tapmalıdır? Bu əməllərə görə hansı cəza və ya cərimələr var?
Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, əvvəllər vətəndaşın hərbi xidmətə yararlılığı ilə bağlı qərarı Səfərbərlik üzrə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti verirdi. Onun qənaətincə, burada bəzən vətəndaş və həkim, yaxud çağırış xidmətinin əməkdaşı arasında müəyyən sövdələşmələr olurdu: “Bu istiqamətdə qeyri-şəffaf proseslərin həyata keçməsinin şahidi olurduq. Bunun qarşısını almaq üçün yekun qərarın verilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən alınıb Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə verilib. Bu da proseslərin daha şəffaf şəkildə yürüdülməsinə imkan verəcək”.
Hərbi ekspert deyib ki, Səfərbərlik Xidməti əməkdaşı və ya həkimin vətəndaşa sağlam olduğu halda saxta xəstəlik təyin etməsi, yəni onu “neqodnı” çıxarması, yaxud da əksinə xəstəni sağlam olaraq qeyd etməsi Azərbaycan qanunvericiliyində cinayət məsuliyyəti yaradır. Ekspertin sözlərinə görə, hazırda ölkəmizdə onlarla həkim və Səfərbərlik Xidməti əməkdaşları hüquq-mühafizə orqanları tərəfindən dindirilir: “Onların bəziləri artıq cinayət məsuliyyətinə cəlb ediliblər. Əvvəlki illərdə hərbi xidmətə yararsız hesab edilən vətəndaşların sağlam olduqları müəyyən olunduğu üçün, cari ilin yanvar və aprel çağırışlarının hər birində, təxminən 500 nəfər hərbi xidmətə cəlb olunub. Onların içərisində 30-dan çox yaşı olanlar, hətta 2 övlad sahibi olanlar da var. Lakin vaxtında xidmətə getsəydilər, müxtəlif üsullarla yayınmağa cəhd etməsəydilər, daha 2 uşaq və ailəni evdə buraxıb hərbi xidmətə yollanmazdılar. Xidmət vaxtının gənc yaşında təyin edilməsinin səbəbləri var. Çünki subay və enerjilərinin bol vaxtları hərbi xidməti başa vursun. Daha sonra isə ailə həyatı qura, ailəni dolandıra, biznesini, karyerasını davam etdirə bilsin”.
Ə.Verdiyev verilən qərarı şəffaflıq istiqamətində atılan mühüm addım kimi qiymətləndirib: “Hesab edirəm ki, bəzi gənclərimiz gələcəkdə saxta yollara əl atıb xidmətdən yayınmağa cəhd göstərməyəcəklər. Həkimlər də bu işlərdən çəkinməlidirlər. Əks halda sonları həbslə bitəcək”.
Hüquq müdafiəçisi Rüfət Səfərov Medianews.az-a açıqlamasında söyləyib ki, Azərbaycanda sağlam olan şəxslər barəsində hərbi xidmətə yararsız hesab edilə bilən diaqnozlar təyin edilməklə hərbi xidmətdən yayınmağa şərait yaradılması hallarına çox rast gəlinib. Onun fikrincə, bu, qulluq mənafeyi əleyhinə olan cinayətdir: “Məhkəmələrin təcrübələrində bununla bağlı xeyli qanuni qüvvəyə minmiş ittiham hökmləri var. Konkretləşdirsək, hərbi xidmətə yararlı şəxslər barədə saxta tibb rəy verilməsi vəzifə səlahiyyətlərindən sui-istifadədir, vəzifə saxtakarlığıdır ki, bu da müvafiq olaraq Cinayət Məcəlləsinin 308 və 313-cü maddələri üzrə cinayət məsuliyyəti yaradır. Bundan başqa, işin hallarına uyğun olaraq Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin müvafiq hissələri üzrə də ittiham irəli sürülə bilər. Eyni zamanda, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə, xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə”.
Mövzu ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də mövqeyini öyrəndik. Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Medianews.az-a bildirdi ki, qanuna zidd əməllər sübuta yetirildiyi təqdirdə, belə hallara yol verən şəxslər cinayət və ya intizam məsuliyyətinə cəlb olunurlar: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötən ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər uğurla davam etdirilir. Qeyd etdiyiniz faktlarla bağlı araşdırma aparılır və qanuna zidd əməllər sübuta yetirildiyi təqdirdə həmin şəxslər cinayət və ya intizam məsuliyyətinə cəlb olunurlar. Belə ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin birinci yarımilliyində 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə bağlı müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində “sıradankənar həqiqi hərbi xidmətə yararlı”, “həqiqi hərbi xidmətə müvəqqəti yararsız”, “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” və “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” qərarları qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir ki, bu da korrupsiya hallarının qarşısının alınması, obyektivliyin təmin edilməsi və şəffaflığın artırılmasında daha da müsbət nəticələr verəcəkdir”.
Şöbə rəisi vurğulayıb ki, bu kimi tədbirlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir: “Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya info@seferberlik.gov.az elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək”.
Ayşən RƏHİM
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.