Macarıstanın Baş naziri Viktor Orban Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə bildirib ki, Rusiya ilə silahlı münaqişənin həlli ilə bağlı danışıqlara başlamaq üçün rəsmi Kiyev atəşkəs imkanlarını nəzərdən keçirməlidir. O, V.Zelenskinin irəli sürdüyü sülh təşəbbüsünün Macarıstan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu təşəbbüsün reallaşması üçün ilk öncə atəşkəs barədə düşünmək zəruridir. V.Orban vurğulayıb ki, Avropada sülh bütün ölkələr üçün vacibdir və Macarıstan bu ilin ikinci yarısında Avropa İttifaqı Şurasına sədrliyi dövründə Ukrayna münaqişəsinin həlli üçün çalışacaq.
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, V.Orbanın Ukraynaya səfəri bir neçə kontesktdə maraqlıdır.
Onun sözlərinə görə, Rusiya-Ukrayna savaşı başladığı dönəmdən rəsmi Budapeşt Moskva ilə münasibətləri qoruyub: “Viktor Orban Rusiya-Ukrayna müharibəsi başlayanda, bəlkə də Avropada yeganə lider idi ki, Ukraynanı dəstəkləmirdi. Bu və ya digər formada Rusiya rəhbərliyi ilə münasibətləri qoruyub saxlayırdı”.
Politoloq söyləyib ki, indiki halda V.Orbanın Ukraynaya səfəri onun Avropa İttifaqına sədrliyi dövründə mühüm bir şərt idi: “Bu, simvolik səfərdir. O, atəşkəs haqqında fikirlərini də səsləndirdi, amma prezident Zelenski artıq buna qarşı olduğunu bildirdi. Və məlum şərtləri xatırlatdı. Səfər çərçivəsində bir daha aydın oldu ki, Avropa İttifaqında az sayda – cəmi iki ölkə atəşkəsin tərəfdarıdır. Macarıstan və Slovakiya heç bir siyasi şərt olmadan müharibə vəziyyətində olan ölkələr arasında atəşkəsin vacibliyinin lehinədir. Onu da nəzərə almaq lazımdır ki, Viktor Orban seçkiləri və Macarıstan xalqının etimadını qazanaraq hakimiyyətdə qalıb. Bu da öz növbəsində həm Avropa İttifaqı, həm də dünya tərəfindən qəbul edilməlidir”.
Ayşən RƏHİM