Azərbaycanda taxılın qiyməti düşüb. Bu barədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib. Onun sözlərinə görə, 2023-cü ildə 1 kq taxılın qiyməti 50-60 qəpik civarında idisə, hazırda 30 qəpikdir.
Maraqlıdır, taxılın 50 faizə qədər ucuzlaşması un və un məhsullarının qiymətinin enməsinə təsir edəcəkmi? Quşçuluq təsərrüfatında taxıldan yem kimi istifadə olunduğunu nəzərə alsaq, bu ucuzlaşmanın sözügedən təsərrüfatlara təsiri hansı yöndə olacaq?
Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, taxıl, un və çörək istehsalı inhisardadır.
Onun sözlərinə görə, əgər xammal ucuzlaşırsa, ondan hazırlanan məhsulun maya dəyəri aşağı düşür: “Bu, məhsulun qiymətində öz əksini tapmalıdır. Təəssüf ki, Azərbaycanda taxıl idxalı, un, çörək istehsalı inhisardadır. Bu səbəbdən də buğdanın qiymətini qaldırmağa başlayırlar. Heç bir əsas olmadan inhisarçılar sövdələşərək, yeni sindikat razılaşma əldə edərək, qiyməti xeyli qaldırıblar. Sonralar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin həmin sahibkarlarla söhbətindən sonra unun qiyməti bir qədər aşağı endi”.
İqtisadçı qeyd edib ki, bu yöndə proses ləng gedir və məhsulun maya dəyərinin aşağı düşməsi qiymətlərdə öz əksini tapmır: “O sahə də monopoliyadadır, inhisardadır. Quşçuluq təsərrüfatlarında qiymətlərin enəcəyini düşünmürəm. Hesab etmirəm ki, taxılın ucuzlaşması ilə əlaqədar toyuq ətinin də qiyməti düşəcək. Bunun üçün mütləq hökumətin təpkisi lazımdır. Bu istiqamətdə hökumətin iki yolu var, ya inhisarçılığı aradan qaldırmalıdır, ya da inhisarçıların qiymətlərini tənzimləməlidir. Bu olmasa, vəziyyət çox çətin olar. Hərə bir tərəfdə, bir sahəni, bir seqmenti tutub. Özünə sərf edən mənfəət, qiymət müəyyən edir, özündən başqa rəqibi yoxdur. Bu bazarın ağası həmin inhisarçıdır ona görə də qiymətləri endirmək istəmir”.
İqtisadçı-ekspert deyib ki, ölkəmizdə toyuq əti maya dəyərindən xeyli baha satılır: “Bazarı müxtəlif sahibkarların inhisarından çıxartmaq yönündə kifayət qədər dünya təcrübəsi var. Bu təcrübəyə əsaslanaraq hökumət qərar qəbul etməli, buna uyğun plan qurulmalı, mexanizm hazırlanmalıdır. Bu mexanizmlərlə inhisarçılıq aradan qaldırılmalıdır. Azərbaycanda toyuq əti maya dəyərindən xeyli baha satılır. Əgər inhisarçılıq olmasa, toyuq ətinin bir kiloqramı 3-4 manata satılar”.
Ayşən RƏHİM