“Niqab taxmaq (qadınların üzünü örtən baş geyimi, gözləri üçün dar yarıq) Qafqaz xalqları üçün xarakterik deyil”.
Medianews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Sergey Melikov bildirib.
O, təhlükəsizlik tədbirlərini əsas gətirərək niqab taxmağın əleyhinə çıxıb: “İlk növbədə Qafqaz xalqları üçün qeyri-adi olan bu geyim həm də kişilərin bu yaylıqların arxasında gizlənməsinə imkan yaradır. Qadınlar isə bu geniş xalatların arxasında qadağan olunmuş əşyaları daşıya bilirlər. Terrorizmlə mübarizə üzrə tapşırıqları dəfələrlə yerinə yetirmiş şəxs kimi bunu xüsusi qeyd edə bilərəm”.
Xatırladaq ki, iyunun 23-də Mahaçqala və Dərbənddə silahlı şəxslər atəş açmağa başlayıb. Onlar iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Nəticədə 21 nəfər həlak olub. Beş hücumçu öldürülüb.
Onu da əlavə edək ki, Rusiyada niqab taxmağın qadağan edilməsi ilə bağlı müzakirələr Rusiya Federasiyasında niqab taxmağın hələ də qadağan edilməməsindən hiddətlənən Prezident yanında İnsan Hüquqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyevin müsahibəsindən sonra başlayıb. Moskva müftisi, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini İldar Alyautdinov, Tatarıstan Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Kamil Samiqullin və Vahid Rusiya Dövlət Dumasının deputatı İldar Qilmutdinov dini geyimlərin müdafiəsi ilə bağlı çıxış ediblər. Keçən həftə hökumətə üzünü örtən geyimləri qadağan edən qanun layihəsi göndərilib.
Turan ORUC