Əvvəllər alimlər dünyanın izah olunmayan sahələrini elmin hələ tam inkişaf etməməsinin ayağına yazırdılarsa, indi kəşf olunan hər dünya sirrinin arxasında bir müəmma sonsuzluğunun dayanması, elm adamlarının təəccübünü artırmaqda davam edir. Dünya o qədər mürəkkəbdir ki, elm “mütləq qayda” əqidəsindən əl çəksə də, qanunauyğunluqların özünün hansı mənbədən qaynaqlandığı elm üçün hələ də sirr olaraq qalır.
Harvard Universitetinin dilçi alimi, linqvist Corc Zipf 1932-ci ildə, 10 il əvvəl dərc olunmuş, irlandiyalı yazıçı Ceyms Coysun “Ulysses” adlı romanındakı sözləri işlənmə kəmiyyətinə görə saymağa və təsnifləməyə başlayır. Araşdırmanın sonu nə ilə nəticələnsə yaxşıdır? Nəticə bu cür idi; – İşlənmə sayına görə 1-ci yeri tutan söz 8 000 dəfə, 10-cu yeri tutan 800 dəfə, 100-cü yeri tutan 80, 1 000-ci yeri tutan söz isə romanda 8 dəfə işlənmişdi. Sensasiya yaradan bu nəticə, ən müxtəlif əsərləri və yazıları bu baxımdan diqqət mərkəzinə cəlb elədi. Nəticə necə olmalı idi ki? Məlum oldu ki, bu qanunauyğunluq nəinki bütün əsərlərdə, hətta ölmüş dillərə aid yazılarda da öz hökmünü saxlayır.
Bu əsasa görə, Zipf özünün II qanununu belə ifadə etdi: “Mətndəki sözlərin sayı ilə onların işlənmə tezliyi arasındakı asılılığı əks etdirən əyri, bütün mətnlər üçün eynidir”. Bu qanunun səmərəliliyindən, indi internet bazalarındakı axtarış sistemi alqoritmlərinin hazırlanmasında çox geniş istifadə olunur. Bəri başdan deyim ki, bu qanunauyğunluğun kökəni haqqında müxtəlif mühakimələr irəli sürülsə də, bu, öz sirrini hələ tam ələ verməyib. Onu da qeyd edək ki, romandakı sözlərin sayı 8 000 yox, 8 003, yaxud 7 999-da ola bilər. Söhbət qanunauyğunluğun əsas prinsipallığından gedir.
Sonra alimlər və müxtəlif həvəskarlar bu qanunauyğunluğu yazılardan kənar obyeklərdə də araşdırmağa başladılar. Nəticə hamını çaş-baş qoydu! Bu qanun axı necə hər şeyin “iliyinə” işləyib?! Dünyadakı hər şey arasındakı bağlılıq bu qədər sadə riyazi qanuna necə köklənə bilər? Dünyanın sirri bu qədər sadə ola bilərmi? Sadədirsə, bəs niyə başa düşülməzdir?
Bu qanunauyğunluğu biz də öz xalqımıza aid şəhərlərin əhali sayına görə (çoxdan aza doğru) sıralanmasında axtaraq:
Bakı – 3 000 000 nəfər, (təqribi, 2022-ci ilə əsasən)
Təbriz – 1 558 693 nəfər ( Bakınin yarısı)
Ərdəbil – 780 000 nəfər (Bakının 4-də 1-i, Təbrizin yarısı)
Sumqayıt – 368 000 nəfər (Bakının 8-də biri)
Gəncə – 360 000 nəfər (Bakının 8-də biri)
Mingəçevir – 165 000 nəfər (Bakının 16-da biri)
Qeyd edək ki, ölkəmizdə şəhərlərin əhali sayı barədə statistik rəqəmlər dəqiq olmadığından, sayları bu cür götürdük. Əlinizdə dəqiq rəqəmlər varsa, müqayisə edə bilərsiniz. Bu qanunauyğunluq bütün xalqların, yaxud dövlətlərin şəhərlərinə aiddir.
İndi isə Aşıq Ələsgərin “Durum dolanım başına, Qaşı, gözü qara Ceyran!” misralarıyla başlayan gəraylısındakı hərflərin (səslərin) işlənmə sayına fikir verək:
“A” hərfi – 36 dəfə,
“N” hərfi – 24 dəfə,
“D” hərfi – 12 dəfə,
“Ü” hərfi – 8 dəfə,
“C, U, I” hərfləri – 4 dəfə,
“O” hərfi 2 dəfə.
İzaha yəqin ki, ehtiyac yoxdur. Doğrudur, buradakı başqa hərflərdən də danışmaq olar. Deyək ki, R hərfi 15 dəfə, L hərfi 13 dəfə işlənmişdir. Fikirləşmək olardı ki, bunlar da yəqin 12 olmalı imiş… Amma, xeyr. Dünya düzənində bir “Qeyri-səlis məntiq” də var, axı. XX əsrin əvvəllərində görkəmli filosoflar və fiziklər duyuq düşmüşdülər ki, qanunauyğunluqların yanında bir “Əlavəlik prinsipi” də hıss olunur (Belə də adlandırırdılar: Əlavəlik prinsipi). Bunu isə, böyük azərbaycanlı alim Lütfi Zadə tam aydınlaşdıraraq, “Qeyri-səsis məntiq nəzəriyyəsi” adıyla ortaya qoydu. Buna əsasən demək olur ki, bu dünyada dəqiq bir düzənlilik göründüyü halda, heç də həmişə 2+2=4 eləmir. Bəlkə də bu səbəbdəndir ki, məntiqli görünən hər bir inkişafın sonu – dağılmaqdır.
“Sən saydığını say, gör fələk nə sayır” – atalarımız bu prinsipi lap çoxdan hiss etmişlər. Bütün yazı, sənət nümunələrində rast gəlinsə də, böyük sənətkarların (burada isə Aşıq Ələsgərin) qəlblərə yol tapmasının bir əsas sirri də ondadır ki, onların yaradıcılığında mənaların, sözlərin, hətta hərflərin belə alqoritmikliyi öz ilahi düzümüylə gözəllik bəxş edəndir, dünyanın öz mahiyyətilə həmahəngdir. Qoy, bəzi şeir yazanlar da bilsinlər ki, poeziya nümunəsi yaratmaq adıyla sözləri qafiyə xatirinə bir-birinə uyğunlaşdırmaqla qəlblərə yol tapmaq mümkün deyil. Dünyanın sirriylə həmahəng olmayanlar, həmişə “sinifdə qalırlar”.
Sonda böyük avtomobil şirkətinin qurucusu İ.Fordun bu fikrini xatırlatmaq istəyirəm: “Kainat bizimlə nərd oynayır. Ancaq zərləri hiyləgərdir. Bizim vəzifəmiz bu hiyləni izləmək, yozmaq və öz məqsədlərimiz üçün necə istifadə edə bilməyimizi kəşf etməkdir”.
Mahir BAYRAM