“Qonağım ol” rubrikasında bu dəfə müsahibimiz mahnıları gündəmdən düşməyən və getdikcə daha çox tamaşaçı auditoriyası toplayan Elitstar Cəmilədir. Medianews.az müsahibəni təqdim edir:
– Cəmilə xanım, illər öncə mahnılarınız çox populyar idi. Demək olar ki, bütün məclislərdə fəal iştirak edirdiniz. İndi vəziyyət necədir? Toylara, məclislərə tez-tez gedirsinizmi?
– Az pul verirlər deyə, təkcə şou-proqramlarda iştirak etmirəm. Sənətkar kimi toylara, məclislərə gedirəm, banketlərə dəvət edirlər.
– Məsələn, toya yarım saatlıq ifa üçün neçəyə gedirsiniz?
– 1000 manata, olur 2000, baxır da vəziyyətə…
– Bu məbləğ Sizi qane edirmi?
– Əlbəttə, şükür, narazıçılığım yoxdur.
– Gəliri hara xərcləyirsiniz?
– Hara? Mən nəvə oxutdururam. İli 6-10 min avro. Hər xaricə gedib-gələndə nə qədər xərc çəkirəm.
– Hər bir müğənninin şah əsəri, daha çox dinlənilən mahnısı olur. Bəs Sizin getdiyiniz məclislərdə hansı mahnınıza daha çox tələbat var?
– Hal-hazırda 20-yə yaxın şah əsərim var. Onların hamısını oxumağımı istəyirlər. Hansı ki, sosial şəbəkələrdə trenddir, nömrə birdir.
– Sonuncu dəfə nə zaman mahnı yazdırmısınız?
– Yeni mahnım var, tezliklə klipi efirdə yayımlanacaq. Mən dayanmıram.
– Təklik Sizi sıxmır ki?
– Əksinə, çox sevirəm tənhalığı. İki oğlum var, dörd nəvəm. Xaricdə yaşayırlar. Gəlinlərimin ikisi də milliyyətcə rusdur, özüm də elə rus kimiyəm. Hər ikisini oxutdurmuşam, xarici təhsillidirlər, yerbəyer etmişəm, indi növbə nəvələrimindir. Onların təhsili mənim üçün hər şeydən əzizdir. Taleyimdən razıyam. O dediyiniz təkliyi isə çalışmaqla, sənətimlə doldururam.
– Nə qazanmısınız bu günə kimi?
– Evlərim, bağlarım var. Mənim üçün əsas övladlarımın savadıdır. Bütün sərvətimi onların təhsilinə xərcləmişəm.
– Neçə ildir bu səhnədəsiniz?
– 30 ildir.
– Sizcə əziyyətinizə, sənətə fəda etdiyiniz illərinizə dəyər verilib, lazımınca qiymətləndirilibmi?
– Mədəniyyət nazirinin qəbulunda olmuşam, görüşmüşəm. Yəqin ki, gələcəkdə mənə də fəxri ad veriləcək. Az qalıb. İllərdr AzTV-nin solistiyəm, aparıcılıq etmişəm. Dünya TV-də 4 il “Qürbətdən gələn səslər” verilişində öz hesabıma azərbaycanlılarımızı çəkmişəm, Lider TV-də də işləmişəm. Sonra yoruldum və televiziya fəaliyyətini dondurdum.
– İllərdir şou-biznesdəsiniz. “Elitstar” ləqəbindən məmnunsunuzmu?
– Əlbəttə.
– Yaşınıza rəğmən, bu cür gözəl qalmağınızın sirri nədədir? Buna görə plastik əməliyyatlara borclusunuz, yoxsa təbii halınızdır?
– Yalnız botoks etdirmişəm, mən idmançıyam, övladlarım da. Məni cavan saxlayan idmandır. Əməliyyatlara da pis baxmıram. Xalq artistləri Aygün, Röya, Zülfiyyə çox gözəldirlər. Elə Əməkdar artist Mətanət İsgəndərli və digərləri. Sizcə də çox gözəl deyillərmi?
– Səhnəyə yeni gələn müğənnilərdən kimləri bəyənirsiniz?
– Hamısını bəyənirəm, hamısını dəstəkləyirəm. Hərəsinin öz yolu, öz stili var. Heç kim nömrə bir deyil. Heç kim eyni yeməyi yeyə bilməz axı. Yenilərin hamısını dəstəkləyirəm, uğurlar arzulayıram. Mən deyə bilmərəm ki, get Şövkət Ələkbərova kimi əlini pianinonun üstünə qoy dayan, mahnı oxu. İndiki gənclərin beyni daha yaxşı işləyir, təfəkkürləri var. Onları dartıb öz yanımıza çəkməli deyilik. Əksinə, biz onlarla ayaqlaşmalıyıq.
– Hansısa gənc müğənni mahnınızı ifa etmək istəsə, ona razılıq verərsinizmi? Misal üçün, Mətanət İsgəndərli öz mahnılarını Səma və Səbinə bacılarına oxumağa icazə verməyib…
– Əlbəttə icazə verərəm. Mənim mahnımı hamı oxuyur, qoy gənclər də oxusunlar. Sizə bir məlumat verim. Rəqsanənin qızı Yağmur bir mahnımı istəyib, yeni formada oxuyacaq. Dedim, yarat! Sevə-sevə razılaşdım. Hissin formasında, çox bəyənirəm Hissi.
– Cəmilə xanım, Sizdən fərqli olaraq, Xalq artistlərinin, Əməkdar artistlərin çoxu yeni çıxan müğənnilərdən razı deyillər. Narazılıq edirlər ki, tamaşaçıların, yeni nəslin zövqünü korlayırlar. Belə fikirlərlə razısınızmı?
– Mən sizə bir söz deyim, dediyiniz o Xalq artistləri, Əməkdar artistlər var ki, heç birinin yadda qalan mahnısı yoxdur. Mahnı eşidiləndə desinlər ki, filankəsin mahnısıdır. Nə olsun ki, xalq mahnıları oxuyublar? O mahnılarımızı hamısı oxuyub gedib, sən də onlardan biri. Gedəndən sonra heç kəs səni axtarmayıb. Yeni muğamlar çıxıb. Yüz ildən sonra da muğam ifa etmək istəyən açıb Şövkət Ələkbərovaya qulaq asacaq, sənə yox. Adını demirəm, elə Xalq artisti var ki, bir dənə mahnısı yoxdur. Heç ad almayanlar da var aralarında. Deyirəm, ay bala, nə üçün oxuyursan? Toy üçün? Ev al, bağ al, ye, iç, uşaqlara bax, nəvələrinə bax. Hə, sonra? Biz fəhlə deyilik! Biz kasıb da olsaq, borca girib, ev-eşiyimizi satıb, klip çəkilişlərinə, mahnılara, sənətimizə fəda olmalıyıq! Biz bu sənəti yaşatmalıyıq. Çünki Allah hər adama səs vermir, şeir yazmağı, meyxana yazmağı vermir. Bu, bir istedaddır! Mən bu günə kimi mahnılarıma ətək-ətək pul xərcləmişəm! Bacardığıma klip çəkdirmişəm. Hansına ki, çatdıra bilməmişəm, indi-indi çəkdirirəm ki, heç olmasa mən olmasam mahnılarım, kliplərim yaddaşlarda, tarixdə qalsın. Axı bunlar eləmirlər. Sən filan nazirdən, filan milyonçudan bahalı maşın sürəcəksən? Xeyr! Müğənni xalqa qulluq etmək üçündür. Mahnı çox şey deməkdir – terapiya!
– Elitstar Cəmilə nə ilə yadda qalacaq?
– Azərbaycanda yeganə müğənniyəm ki, lirika ilə gündəmə gəlmişəm, tanınmışam, sevilmişəm. Toy mahnısı və ya üç badam, bir qozu oxumaqla 50-100 min baxış yığmağa nə var ki? Ən çətini lirika ilə “tutuzdurmaq”dır! Varmı beləsi?
– Müğənnilikdən başqa nə kimi istedadlarınız var?
– Qəşəng paltar tikə bilirəm, toxuyuram. İdmançı olmuşam, qaçış üzrə Azərbaycanın dördqat çempionu olmuşam. 30 yaşıma kimi üzgüçülüklə də məşğul olmuşam. Sonra idmandan uzaqlaşdım. Atam musiqiçi olub, nəfəs alətlərində nömrə bir idi toylarda. Qardaşım, bacılarım da musiqi məktəbini bitiriblər. Mən də meylləndim musiqiyə.
– Sizə görə hazırda Azərbaycanın nömrə bir estrada müğənnisi kimdir?
– Aygün, Röya, Zülfiyyə, Samir Bağırov, Faiq Ağayev, Tünzalə mənim üçün nömrə birdirlər.
– Yeri gəlmişkən, son zamanlar Tünzalə Ağayevanın geyim tərzi gündəmdədir.
– Yaxşı edir, vaxtı çatanda heç özü də elə geyinmək istəməyəcək, qoy bir az yaşa dolsun. Kimin nə ixtiyarı var desin ki, qapalı geyin? Nə qədər ki, həvəs var və bədən ona imkan verir, qoy geyinsin. Amma Aygün kimi sənətinin fədaisini görmədim! Onunla rəfiqə olmuşam. Evini də satıb qoyub sənətinə, qızıl-brilyantını da, bağını da. Tarix yazan müğənni bir Zeynəb Xanlarovadır, bir də Aygün Kazımova! Digərləri “pakazuxa”dırlar. İdmançı olub, üzgüçülüyə birlikdə getmişik. Aygünü mən arıqlatdırmışam. İndi də danışırıq, bircə o da qızına toy etsəydi… Cavanlara ailə lazımdır. Zeynəb Həsənli də ərə getsin, Günay İbrahimli də… Zeynəb, 40-ı keçmisən, get ərə uşağın olsun. 40-dan sonra uşaq doğmaq da çətin olur. Mən 18 yaşında ərə getmişəm, 19-da doğmuşam, nəvəmin 20 yaşı var. Demirəm sırf mənim kimi yaşamalıdır hamı, amma ailə vacibdir.
– Kimlərlə dostluq edirsiniz?
– Mənim heç kimlə dostluğum yoxdur. Boş vaxtlarımda məlumat, yeniliklər əldə etməyi sevirəm, bir də ingilis dilini mükəmməl öyrənməklə məşğulam, onu bitirib fransız dilinə keçəcəyəm. Nə qədər ki, ömrüm var, mütaliə edəcəyəm. Dostluq yoxdur mənim üçün. Mən evdə şortla gəzirəm. Sevmirəm kiminsə qapısını xəbərdarlıq etmədən döyüm və ya elə qəfildən kimsə bizə qonaq gəlsin. Belə şeylər olmayıb həyatımda. Mənim gündəlik proqramım olub illərdir. Mən kişilərin arasında böyümüşəm, mənimki qadınlarla tutmur. Mən iti düşüncəliyəm. Mahnı, klip, paltar, geyim, mahnı sözləri – hamısını özüm edirəm. Qonaq gedib-gəlməyi, qadınlarla telefonda saatlarla laqqırtı vurmağı, kiminsə qulluğunda durmağı xoşlamıram! Ara-sıra yalnız rus seriallarına baxıram. Arvadların söhbəti mənə görə deyil. Çünki, çox dar düşüncəlidirlər.
– Bu müsahibədən sonra qadınlar tərəfindən linç olunacaqsınız…
– Olum da! Ya yeməkdən danışacaqlar, ya qeybətdən, ya da paltardan. Mənlik deyil belə şeylər. Amma kişilərlə söhbətlərdən zövq alıram! Onların ayrı dünyaları var. Oğlaq bürcüyəm, bəlkə də ondandır. Mən pul deyiləm ki, hamı məni sevsin. Mən buyam! Sevən sevsin, sevməyən də kanalı çevirsin.
– Sanki səsinizi mahnılardan əlavə hardasa eşitmişəm…
– Mən 5 ildir dublyajda işləyirəm. Səsimdən hiss etmirsinizmi? Filmlər, cizgi filmləri… Pula görə yox, səsim yaşasın. Səsim bankdadır. ATV-nin, Lider TV-nin bankında. Bunu çoxu bilmirdi, sizə açıqladım. Mən qapalı qadınam. Mən sənətimi sevirəm və istədiyimi edirəm. Ürəyim istəyəndə palatka toyuna da gedirəm, istəməyəndə rədd edirəm.
– Cəmilə xanım, bir müddət öncə belə bir açıqlama vermişdiniz ki, 50-60 yaşlı müğənnilər evlilikdən danışırlar, nişanlanmalarından bəhs edirlər, adamın əti tökülür. Mətanət Əsədova da çıxıb dedi ki, bəli, mən danışmışam evliliyimdən, əcəb də eləmişəm…
– Mən Mətanətin adını çəkməmişəm, özünə götürübsə, nə deyim. Amma sözümün üstündə dururam. Mənzurə Musayevanı da görəndə deyəcəyəm sözümü ona. Cavan-cavan qızlar ağızlarını açmırlar elçilikdən, nişandan. 50 ildir oxuyurlar, bir mahnısı yoxdur. Sizin yaşda olanlar qız da köçürüb, oğul da evləndirib. Qoy hamı bilsin ki, Azərbaycanın “Avroviziya”da iştirak etməsini ilk mən təklif etmişəm. İllər öncə Dilarə Əliyevanın verilişində qonaq idim, orada dedim, aparıcı soruşdu ki, bəs kimi göndərək? Dedim, adam var göndərməyə? Biri qaradərilidir, biri özbək, o biri də nənəmə oxşayır. Səhəri gün gördüm ki, bir verilişdə Röyanın, Elnarənin və Zülfiyyənin şəkillərini qoyublar. Bir qırğın düşdü ki, gəl görəsən (gülür). Axırda Əlikram Bayramov dedi, eybi yox, mən gedərəm. Dedim, bircə sənin yerin çatmırdı.
– Bu günlərdə müğənni Elnarə açıqlama vermişdi ki, özümdən gözəli yoxdur. Baxdım, gördüm onun “Instagram” səhifəsində yazmısınız ki, özbəklər nə vaxtdan gözəl olublar?! Sonra da rəyi sildiniz…
– Bəli sildim, əlavə söz-söhbət istəmədim (gülür). Amma düz demişəm, Elnarə özbəklərə oxşayır, onlar da heç vaxt gözəl olmayıblar. Heç vaxt insan özünə gözəl deməz, qoy kənardakılar səninlə bağlı danışsın, səni tərifləsin. Heç vaxt mənəm-mənəm demək olmaz. Hərdən uşaqlarım deyirlər ki, ana sən danışma. Deyirəm, nə edim, susa bilmirəm axı. Əsasən də haqsızlığa göz yuman deyiləm. Gəldisə, deməliyəm. Allahın bütün ibadətlərinə riayət edirəm, təkcə namaz qılmıram. Planı yazan da, quran da, verən də, alan da Allahdır! Yaxşılıqlar edirəm, iki qonşum var onları illərdir nəzarətimdə saxlayıram. Allah savaba yazsın.
– Bildiyim qədər əslən zəngilanlısınız. İşğaldan azad edildikdən sonra ata-baba yurdunuza getmisinizmi?
– Xeyr, qorxuram minaya düşərəm. İnşallah, köç olar, gedərik yurd-yuvamıza. Mənim üçün əsas kökdür! Köksüz adam tez qırılar. İnsanı ayaqda saxlayan qohum-əqrəbadır! Allah Azərbaycanımızı qorusun! Allah bu torpaqlarımızı bizlərə bəxş edən Müzəffər Ali Baş Komandanımızı, Ordumuzu qorusun!
Söhbətləşdi: Könül AYPARA