Böyük Britaniyada iki qadına xəstə qonşularını pedofil elan edib öz evində ona işgəncə verdikləri üçün hökm oxunub.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Şeffilddən olan 36 yaşlı Zoe Rayder və 45 yaşlı Nikola Letbriç ömürlük həbs cəzasına məhkum edilib.
İstintaq müəyyən edib ki, onlar 60 yaşlı qonşusu Stiven Koşiçarskinin mənzilinə daxil olaraq onu pedofiliyada ittiham edərək döyüb, işgəncə verməyə başlayıblar.
Hücum edənlər baş verənləri mobil telefon kameralarına çəkiblər. Səs yazıları istintaqın ixtiyarında olub. Uzun sürən döyülmədən sonra onlar qurbanın mənzilini qarət edib oradan uzaqlaşıblar.
Məlumata görə, Koşiçarski yüngül psixi pozğunluqdan əziyyət çəkirdi və yalnız bir neçə yaxın dostu ilə ünsiyyət qururdu. Onun səhhətində də çoxsaylı problemlər var idi.
Kişi özü təcili yardım çağıra bilib. Həkimlər iki gün onun həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər. Onun başında və bədənində 22 yara olub. Ölümcül zərbə baş nahiyəsinə ağır küt əşya ilə vurulmuş, insultla nəticələnmişdir.
Məhkəmə hər iki qadının narkotikin təsiri altında olduğuna qərar verib. Onlar quldurluq məqsədilə kişinin mənzilinə daxil olub və onu pedofiliyada ittiham edərək əsl niyyətlərini gizlətməyə çalışıblar. Məhkumlar 13 il həbs cəzasını çəkdikdən sonra şərti azadlığa çıxmaq üçün müraciət edə biləcəklər.
Medianews.az