Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ötən ay Qərbə qarşı nüvə ritorikasını ikiqat artırmışdı. O, NATO-nun Ukraynaya qoşun göndərəcəyi təqdirdə, Rusiyanın ABŞ, Böyük Britaniya və Fransaya nüvə zərbəsi endirəcəyini bəyan etmişdi. Bundan əvvəl isə Rusiya Prezidenti Vladimir Putin nüvə silahının tətbiqi ilə bağlı məsələlərə aydınlıq gətirmişdi. Bu günlərdə Rusiyadan Qərbə daha bir nüvə təhdidi gündəm olub. Rusiya Dövlət Dumasının deputatı, general Andrey Qurulyov Niderlanda nüvə zərbəsi endirilməsinə çağırışla diqqəti özünə cəlb edib. Generalın sözlərinə görə, Avropanın karbohidrogen ehtiyatlarının təxminən 50-60 faizi Niderland sahillərində yerləşir və bu, kritik dərəcədə zərər vurmağa qadir olan qoşunlar üçün “yağlı hədəfdir”. A.Qurulyov qeyd edib ki, mümkün belə nüvə zərbəsi nəticəsində “Avropa diz çökəcək”.
Rusiya rəsmilərinin bu bəyanatları təhdid, xəbərdarlıq, yoxsa mümkün hücumun anonsu kimi qiymətləndirilməlidir? Rusiya Ukrayna ilə müharibə etdiyi müddətdə nüvə silahına əl ata bilərmi? İstər Ukrayna, istərsə də Avropanın istənilən ölkəsinə Rusiyanın nüvə zərbəsi endirməsi hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Natiq Miri bildirib ki, bu, Kremlin növbəti fantastik təhdididir.
Onun sözlərinə görə, belə fikirlər Rusiyanın gücünü, ciddiliyini ortaya qoymaq və qorxutmaq xarakteri daşıyır: “Bu, birinci təhdid deyil. Dəfələrlə təkrarlandığı üçün artıq öz elastikliyini itirib. Medvedev Qərbdə ciddi siyasi bir fiqur kimi qəbul edilmir. Onu sərxoş rus məmuru kimi dəyərləndirir, Jirnovskini əvəzləyəcək, onun sərt siyasətini ortaya qoyacaq bir şəxs kimi qəbul edirlər. Ona görə də Medvedevin dedikləri əhəmiyyət daşımır. Bu fikri qüvvətləndirmək üçün Federasiya Şurasından bəzi məmurlar da təhdidlər səsləndirirlər. Sözlər daha çox Rusiyanın gücünü, ciddiliyini ortaya qoymaq və qorxutmaq xarakteri daşıyır. Lakin anlamaq lazımdır ki, nüvə silahının tətbiqi bir tərəfli məsələ deyil. Nüvə silahı icad ediləndə sadəcə olaraq çəkindirici məqam olduğu üçün ona malik olurlar. Nüvə silahına malik olan şəxs bir dövləti təhdid edərkən başqa bir ölkənin də sözügedən silahın onun vətəndaşlarına, ölkəsinə qarşı istifadə edə biləcəyi reallığını qəbul etməlidir. Bu gün ABŞ- də olan nüvə silahlarının sayı və keyfiyyəti Rusiyada olanlardan dəfələrlə çoxdur. Paralel olaraq, Rusiya ilə sərhəd Skandinaviya, Baltik, Şərqi Avropa və bütün Avropa İttifaqı ölkələri boyunca əksər ölkələr istər taktiki, istərsə də strateji nüvə silahlarına malikdirlər”.
N.Mirinin qənaətincə, ABŞ-nin son günlər qitələrarası ballistik raketlərin növbəti buraxılışını həyata keçirməsi, əslində Rusiyaya verilən mühüm mesajdır: “Çünki bunlar nüvə başlığı daşıya biləcək raketlərdir. Bu isə o deməkdir ki, Rusiyanın istənilən nöqtəsi rahatlıqla raket vasitəsilə vurula bilər. Bu səbəbdən də Rusiya adını çəkdiyi ölkələrə nüvə silahından istifadə etdiyi təqdirdə, hətta buna hazırlıq gördüyü halda bu müşahidə dərhal qeydə alınacaq. Rusiya hərəkətə keçməmiş onun bu yöndə cəzalandırılması ilə bağlı hərəkətə keçiriləcək. Buna görə də Niderlandda hər hansı bazanın vurulmasından söhbət gedirsə, Moskvadakılar unutmasınlar ki, hərbi-strateji, enerji mərkəzləri bir neçə dəqiqədən sonra yerlə-yeksan ola bilər. Rusiya buna duruş gətirə bilərmi? Nüvə silahından istifadə etmək istəyən dövlət həmin silahın hədəfinin özü ola biləcəyi gerçəkliyini qəbul etməlidir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Rusiya rəsmilərinin dedikləri növbəti fantaziyadan başqa bir şey deyil. Kreml rəhbərliyi çətin vəziyyətə düşəndə bu cür hədə-qorxulardan istifadə edir ki, Qərb ölkələri üçün çəkindirici addım atmış olsun. Qərbdə isə bundan qorxan yoxdur”.
Ayşən RƏHİM