Dünyada hər bir varlığın öz müraciət “dili” var: bizim bir-birimizə, təbiətin bizə, bizim gözəlliyə, külək, dəniz harayının bizə, dağların, çayların gözlərimizə və sair. Ünsiyyətdə istifadə etdiyimiz cümlələr sözlərdən, sözlər hərf və ya səslərdən, hərflər mürəkkəblə kağızın, səslər isə səs teliylə ağ ciyərdən sıxıb çıxardığımız hava təmasından doğur. Bəs biz özümüz necə yaranmışıq bu xaos aləmi kimi görünən dünyada? Və niyə yaranmışıq?
Ana bətnində döllənmiş yumurta – ata, anadan gələn 23 min geni 46 xromosomda birləşdirən tək bir hüceyrə, əvvəlcə 50 dəfə bölünür. Sonra bu 50 hüceyrə həndəsi silsiləylə öz-özünü kopyalayıb 100 trilyonluq hüceyrədən ibarət bir bəbə hasil edir. Bu hüceyrələrin sayı bütün kainatdakı ulduzların sayı qədərmiş. Biz, bəlkə həm də buna görə bütün dünyanın kiçildilmiş mücəssəməsiyik! Bu ilahi bir möcüzə olsa da, işin ən möcüzəvi tərəfi – 46 xromosomun burulmuş nərdivanının pilləkənlərində proqramlaşdırmanın, yəni saçın, dərinin, gözün rənginin, burunun, yanağın, bədənin nəsildən gələn forma təsdiqinin çox dəqiq bir orkestr “çubuğuyla” idarə olunmasıdır!
Yaranan insan təkcə bunlardan ibarət deyil! Dünyaya gəlməkdə olan bəbə, uşaqlıq yolunda əlavə olaraq 2 min fərqli bakteriya növüylə qarşılaşır ki, bunların da demək olar, hamsından onun ağız-burnuna dolur. Yaddan çıxarmayaq ki, hər bakteriyanın da öz DHT-sı, genetikası var. Təbiətlə ünsiyyətdə olan körpə, əlini hər şeyə vurur və ağzına aparır. Təbiətin özündə isə 2 milyon 200 mindən çox bakteriya növü var. Demək, insan bədəni həm də bakteriyalardan ibarət bir orkestrə çevrilir. Nəzərə alaq ki, təkcə bir qaşıq torpaqda dünyadakı insanların sayından çox canlı var.
Əslində, biz bakteriyalarla birgə yaşamağa məhkum edilmiş varlıqlarıq. Ona görə də uşaq əlini təhlükədən başqa, nəyə toxundurursa, elə də narahat olmağa dəyməz. Demək, ona bakteriya lazımdır. Belə şeylərdən təcrid etmək, heç də uşağın xeyrinə deyil. Biz, məhz, belə yaranmışıq. 70 kiloluq insan bədəninin təqribən üç kiloqramı bakteriyalardır. Bir sözlə, 46 xromosomda olan 23 min gen + 2 min + 2 milyon 200 min növ bakteriya hüceyrəsi = biz bunlardan ibarətik. Bəlkə də buna görədir ki, çoxumuzun qarnı “qurdla doludur”.
Əslində, bizi və bütün növ canlıları təşkil edən DNT molekulu hər yerdə və həmişə dörd növ əsasla mövcuddur: adenin, quanin, timin, sitozin. Bir sozlə, dünya bizim varlığımızla bu dörd maddə əsasında “danışır”, var olmağımızla razılaşır. Bəlkə, həm də buna görə, biz üç ölçülü fəzada + zamanda yaşayırıq. (Cəmi 4-dür.) Bir də ki, DNT-ni təşkil edən atomlar ikiölçülü fəza cisimləri olduğu halda, bu birləşmə nərdivanvari burularaq (iç-içə bükülərək) üçölçülü hal yaradır və bizi üçölçülü varlıq edir. Bu da bir möcüzədir. Eləcə də hüceyrələrimiz, bütün bədənimiz vahid bir sistemə tabe olaraq yaşayırsa, hər bir hüceyrə, orqan beyin mərkəzinə tabedirsə, burada azadlıq yoxdursa, biz niyə azadlıq axtaran varlıqlarıq? Və biz azadıqmı?!
İş burasındadır ki, insanların 99,99 %-i kütləvi psixoz halında yaşayır və ölürlər. Yəni, hamı ətrafındakıların fikir və nəticələrinə “söykənərək” düşünür. Din, mədəniyyət, adət, davranışlar və sairdə bunun əsasında yaşayır. Başqa sözlə, biz həm də bioloji robotlarıq! Bəs azadlıq bunun harasındadır? Hər halda, əqlinə qibtə edəcəyimiz bir sıra alimlər, eləcə də böyük uğur qazanmış bəzi insanlar (məs; Elon Mask) bizləri bir stimulyasiyada, qurulmuş bir qaloqram içərisində yaşayan varlıqlar sanırlar! Düşünün, yaxşı-yaxşı düşünün, bəlkə siz bu qalaqramdan kənara, azadlığa çıxa bilərsiniz?!
Mahir BAYRAM, Medianews.az