Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Prezident Vladimir Putinə “Taliban” hərəkatının qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat veriblər. Bildirilib ki, bu, hərəkatın tanınması üçün məcburi mərhələdir. ABŞ isə “Taliban”ı Əfqanıstanın qanuni hökuməti kimi tanımağı planlaşdırmır. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. O, Rusiya rəhbərliyinin “Taliban”la bağlı bəyanatını şərh edərək deyib ki, “Taliban” hakimiyyətə gəldikdən sonra üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirmədiyini vurğulayıb. Kirbi, həmçinin Rusiyanın “Taliban”ı mümkün tanımasının başqalarına pis siqnal göndərəcəyini deyib.
“Taliban”a beynəlxalq münasibəti Medianews.az-a şərh edən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib ki, Əfqanıstanda nəzarəti ələ alan bu təşkilatın hakimiyyətinin legitimliyinin tanınıb-tanınmaması artıq siyasi alət rolunu oynayır.
Onun sözlərinə görə, legitimlik amilindən bir çox güclü dövlətlər öz maraqları üçün manipulyasiya edirlər: “Legitimlik hər hansısa ölkədə hakimiyyətin qanuni yolla seçilməsidir. “Taliban” faktiki olaraq, qanunsuz yolla hakimiyyətə gəlib. “Taliban”dan əvvəlki əfqan hökuməti də qanunsuz idi. Çünki, o, xarici və işğalçı qüvvələrin təsiri altında legitimləşdirilib. Görünən budur ki, legitimlik məsələsi olduqca nisbidir. Ölkə sərf edəndə de-fakto legitim, sərf etməyəndə isə de-yure legitim deyil. Rusiyaya “Taliban” hökuməti lazımdır. Çünki, Rusiya təcrid olunduqca, ona tərəfdaşlar lazımdır. Rusiyanın Afrikadakı diktatura ölkələrlə əlaqələr qurmasını görürük. “Taliban” formal baxımdan Rusiyada hələ də terrorçu təşkilat sayılır. Lakin, onların təmsilçiləri hələ də Rusiyada müxtəlif toplantılarda, konfranslarda iştirak edirlər. Bu formal deyil, real olaraq “Taliban”ın tanınması deməkdir. ABŞ “Taliban”ın legitim olmadığını deyir. Amma, “Taliban” de-fakto ölkəni idarə edir”.
Politoloq vurğulayıb ki, Əfqanıstanda müəyyən dərəcədə inkişaf var: “Əfqanıstanda şəriət qanunları hökm sürür. Lakin, orada iqtisadiyyat və infrastruktur baxımdan inkişaf var. Təbii ki, burada Çinin də rolu var. Çünki, Əfqanıstanın coğrafi mövqeyi bir çox ölkələr üçün əlverişlidir. Əfqanıstan nadir metal yataqlarına malik ölkədir. Bunlardan biri litiumdur. Belə ki, sözügedən metal elektrikli avtomobil və batareyaların akkumulyatorlarının inkişafında ciddi əhəmiyyət kəsb edir. Dünyada böyük litium ehtiyatlarına görə iki dövlət var. Bunlardan biri Əfqanıstan, digəri isə Boliviyadır. Boliviyada da hökumət hakimiyyətdə qalmaq müddətini artırmağa çalışıb. Orada hərbi çevriliş oldu. Seçki başladı, həmin partiya yenidən qalib gəldi. Burada da dava nəzarət üstündədir”.
Ə.Oruclu deyib ki, Əfqanıstanda ziddiyyətlər geosiyasi amillə bağlıdır. O əlavə edib ki, “Taliban”ın islamçı rejimlər arasında konkret hədəfi var: “ABŞ-nin iki tərəfdaşının “Taliban” ilə yaxın əlaqəli var. Bunlarda biri Türkiyə, digəri isə Qətərdir. Başqa bir nümunə kimi ABŞ düşərgəsindən olan Pakistanı misal göstərə bilərik. Görünən budur ki, “Taliban”ın tanınması ilə bağlı bəyanatlar siyasi reallığı əks etdirmir. ABŞ və ya Rusiyanın “Taliban”ı tanımaması bir şeyi dəyişmir. “Taliban” de-fakto Əfqanıstanda hakimiyyətdədir, ölkəni idarə edir. Bu ölkədə etnik ayrı-seçkilik, dini qruplaşmalar və yoxsulluq baş alıb gedir. Əfqanıstan on illərlə müharibə şəraitindədir. “Taliban” hər zaman bildirib ki, hədəf Əfqanıstandır və hakimiyyət uğrunda mübarizədir. Rusiya və ABŞ “Taliban”ı nə adla terrorçu təşkilat kimi tanıyır?! Bunun da izahı yoxdur. 30 milyondan çox əfqan xalqı “Taliban” hakimiyyəti ilə hesablaşıb və yaşayır. Rusiyada Vladimir Putinin hakimiyyəti legitimdirmi?! Dünyada kifayət qədər belə ölkələr var. Ona görə də, legitimlik məsələsi öz hüquqi əhəmiyyətini itirib. “Taliban” nə vaxtsa, ABŞ-yə lazım olsa onunla əlaqə quracaq. Düşünürəm ki, o əlaqələr də müəyyən dərəcədə var. Elə olmasa idi, ABŞ Əfqanıstanı tərk edəndə onların əlinə düşməsin deyə, yüzlərlə hərbi texnikasını partladardı. “Taliban”la əməkdaşlıq uğrunda mübarizənin olmasını belə istisna etmirəm”.
Vüqar MƏMMƏDOV