“Sərhədin delimitasiyası və demarkasiyası prosesi bundan sonra da davam edəcək. Lakin burada nəzərə alınmalı iki vacib məqam var. Biri var işğal olunmuş – eksklav kəndlər. Bir də var 1960-70-ci illərdə müəyyən hadisələr nəticəsində Azərbaycandan qoparılıb Ermənistana verilən bəzi ərazilər. Yeri gəlmişkən, bu ərazilərin verilməsi SSRİ dönəmində rəsmiləşdirilib. Bu ərazilərin geriyə qaytarılması hüquqi baxımdan mümkün olmayacaq. Həmin dövrdə verilmiş sərhədyanı ərazilər müəyyən sənədlərdə öz əksini tapıb”.
Bu barədə Medianews.az-a açıqlamasında politoloq Ərəstun Oruclu bildirib.
O qeyd edib ki, Azərbaycan işğal edilmiş kəndləri geri tələb etdikdə, Ermənistan da adekvat şərtlər irəli sürəcək.
Politoloqun qənaətincə, İrəvan hələlik öz üzərinə düşən işi görür: “Əminəm ki, Ermənistan Şınıx bölgəsindəki Başkəndin qaytarılmasını tələb edəcək. Azərbaycan ictimai rəyində bu məsələyə olduqca birtərəfli və aqressiv münasibət var, amma hüquqdan söhbət gedirsə, Ermənistan da bunu tələb edə bilər. Kəndin verilib-verilməməsi, başqa məsələdir. Lakin sərhədlərin delimitasiya və demarkasiyası üçün hər iki tərəfin işğal olunmuş əraziləri geri qaytarması qaçılmaz prosesdir. SSRİ dönəmində hansısa ərazi mübadiləsi sənədlərdə, hüquqi aktlarla öz əksini tapıb. Onların geri qaytarılması mövzusu qabardılacağı halda şübhəsiz ki, mübahisəli olacaq. İşğal olunmuş ərazilərin qaytarılması isə zərurətdir. Hesab edirəm ki, bütün məsələlər öz həllini tapacaq”.
Ə.Oruclu vurğulayıb ki, Qarabağ bölgəsindəki bütün məsələlər həllini tapdıqdan sonra sülh prosesinə start verilib: “Qazaxın 4 kəndinin Ermənistan tərəfindən Azərbaycanın nəzarətinə verilməsi, 44 günlük müharibənin nəticələrindən biridir. Çünki müharibənin ardınca Qarabağ bölgəsindəki bütün məsələlər həllini tapdıqda sülh prosesinə start verilir. Prosesə başlandıqda iki ölkə arasında mümkün müharibə ziddiyətləri aradan qaldırılmalıdır. O cümlədən sözügedən 4 kənd və digər kəndlər də var ki, onlar vaxtilə eksklav şəkildə Azərbaycanın ərazisində qalıb. Həmin kəndlərin müdafiəsi mümkün olmadığından onlar Azərbaycana qaytarılmalı idi. Bu, tamamilə məntiqli bir məqamdır. Ona görə ki, əgər sülh prosesi sərhədlərin demarkasiyası və delimitasiyasını nəzərdə tutursa, bu hadisə də sərhəd məsələsidir. Həmin kəndlər Ermənistan bölgəsində yerləşsə də hüquqi baxımdan Azərbaycan ərazisi olduğu üçün qaytarılmalı idi”.
Ayşən RƏHİM