Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” (daha çox “Xarici agentlər haqqında” kimi tanınan) Qanunun müzakirəsi paytaxt Tbilisidə gürcü müxalifətinin etiraz aksiyaları ilə qarşılanıb, etirazçılarla polis arasında toqquşmalara səbəb olub. Müxalifətin “Rusiya qanunu” adlandırdığı qanun layihəsi mayın 13-də Gürcüstan parlamentinin Hüquq Komitəsi tərəfindən üçüncü oxunuşda qəbul edilib. Mayın 18-də Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi bu qanun layihəsinə veto qoyub. O, bu qanunun ləğv edilməsinin zəruriliyini diqqətə çatdırıb.
ABŞ dövlət katibi Antoni Blinken Gürcüstan parlamentinin qəbul etdiyi qanuna cavab olaraq, Vaşinqtonun Tbilisiyə qarşı addımlar atacağını bildirib. O, Senatdakı dinləmələrdə vurğulayıb ki, ABŞ bu barədə mütləq tədbir görəcək.
Okeanın o tayında olan ABŞ-ni öz sərhədindən minlərlə kilometr uzaqlıqdakı Gürcüstanda hansısa qanunun qəbul edilib-edilməməsi nə üçün bu qədər narahat etməlidir? Müstəqil bir ölkənin parlamentinin qəbul etdiyi qanun layihəsinə başqa bir ölkənin bu səviyyədə etiraz etməsi, müdaxilə cəhdində bulanması nə dərəcədə doğrudur və etikdir? Burada məqsəd və hədəflər nədən ibarətdir?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov mövzu ilə bağlı Medianews.az-a açıqlamasında bildirib ki, son bir neçə ildə Gürcüstanın Qərbin təsirlərindən qurtulmaq cəhdləri müşahidə olunur.
Millət vəkilinin sözlərinə görə, belə bir fonda Gürcüstanda, xüsusən də gürcü siyasi elitasının üzərində nəzarəti zəifləməkdə olan Qərb prosesə mane olmaq üçün bütün kartlarını işə salıb: “Qərb əsas silahına çevirdiyi üçüncü sektoru artıq Gürcüstanda radikal aktor kimi suveren iradə ilə mübarizəyə cəlb edib. Sirr deyil ki, Gürcüstanda fəaliyyət göstərən 25 minə yaxın qeyri-hökumət təşkilatının (QHT) 90 faizindən çoxu birbaşa Qərb tərəfindən maliyyələşir. Həmin təsisatlar və üzvləri də Qərbin iradəsinə uyğun idarə olunur. Baş verən son proseslər göstərir ki, artıq Gürcüstanın daxili işlərinə məhz bu sektoru ayağa qaldırmaqla yaranan xaos vasitəsi ilə müdaxilə olunur”.
Milli Məclisin deputatı deyib ki, Qərbin məqsədi Gürcüstanda marionet hakimiyyət qurmaq və bu ölkəni Rusiya əleyhinə plasdarma çevirməkdir: “Gürcüstanın milli qüvvələri 2008-ci il ssenarisini yaxşı xatırlayır və başa düşürlər ki, Qərbin tətbiq etdiyi ssenari bu ölkəni Ukraynaya çevirə bilər. Məlumdur ki, o zaman hakimiyyətə gətirilmiş Mixeil Saakaşvili vasitəsilə Gürcüstan Rusiya ilə qarşıdurmaya sürüklənmişdi. Nəticədə gürcülər Cənubi Osetiya və Abxaziyanı itirmiş, Qərb isə Tbilisinin arxasında dayanmamışdı. Hazırda baş verənlər məhz həmin proseslərin davamıdır. Reallıq burasındadır ki, əslində Gürcüstan elə Qərbin, ələlxüsus ABŞ-nin təcrübəsindən bəhrələnərək xaricdən daxil olan maliyyə vəsaitləri üzərində şəffaf bir nəzarət sistem qurmaq istəyir. Parlamentin qəbul etdiyi və Rusiya qanunu kimi damğalanan normativ hüquqi akt əslində ABŞ-də qüvvədə olan analoji qanunun demək olar ki, eynisidir”.
Millət vəkili B.Məhərrəmov vurğulayıb ki, ABŞ Gürcüstandakı üçüncü sektor və beləliklə də bu ölkə siyasəti üzərində təsirini qorumaq üçün özündə mövcud olan qanunvericilik sisteminin Cənubi Qafqaz dövlətində formalaşaldırılmasına antidemokratik don geydirir: “Vaşinqton hətta Tbilisini sanksiya və digər cəza tədbirləri ilə təhdid edir. Bu isə beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin, o cümlədən dövlətlərin daxili işinə qarışmamaq prinsipinin kobud pozuntusudur. Lakin görünən odur ki, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühiti arzu etməyən Qərb üçün əsas olan demokratiya, hüquq və ədalət yox, imperialist niyyətlərdir”.
Lamiyə MİRZƏYEVA