Rusiyanın Baş Rabitə İdarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisi Valeri Gerasimovun müavini general-leytenant Vadim Şamarin ötən gün saxlanılıb. Bu barədə Rusiya mediası yerli hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Bu hadisədən bir müddət öncə isə Rusiyada müdafiə nazirinin müavini Timur İvanov, Müdafiə Nazirliyinin baş kadrlar idarəsinin rəisi general-leytenant Yuri Kuznetsov rüşvət almaqda ittiham olunaraq saxlanılıb və həbs ediliblər.
Rusiya-Ukrayna müharibəsi fonunda Moskvada generalların həbsi nəyin göstəricisidir? Prezident V.Putin generalları nə üçün qurban verir?
Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, son zamanlar Rusiya ordusunda maliyyə mənimsənilməsi, korrupsiyanın mövcudluğuna qarşı fəaliyyət başlayıb.
Onun sözlərinə görə, Rusiyada baş verənlər dövlətin Müdafiə Nazirliyinə ayırdığı maliyyəyə nəzarətin gücləndirilməsidir: “Hüquq-mühafizə orqanları ilkin olaraq Müdafiə Nazirliyinin müavinini maliyyə mənimsənilməsi səbəbindən həbsini həyata keçirdi. Ardınca Baş Qərargah rəisinin müavini və Kadrlar idarəsinin rəisi məsuliyyətə cəlb edildi, korrupsiyaya bulaşması səbəbilə sorğulanmağa başladı. Səbəb yüksək rütbəli operativ strateji vəzifə tutan generalların korrupsiya, rüşvət və dövlət tərəfindən Müdafiə Nazirliyinə ayrılan maliyyənin bu və ya digər formada mənimsənilməsidir. Rusiyada keçirilən prezident seçkilərindən sonra yeni müdafiə nazirinin təyin olunması, heyətin dəyişməsi, xüsusilə də sözügedən vəzifəyə iqtisadçı, maliyyəçi birinin gətirilməsi sırf dövlətin Müdafiə Nazirliyinə ayırdığı maliyyəyə nəzarətin gücləndirilməsidir”.
E.Şıxəliyev deyib ki, yüksək vəzifəli generallar korrupsiya ilə məşğul olurlarsa, bunun zəncirvari, ötürücü sistemi yaranır: “Sorğulama prosesində işin içində kimlərin yer aldığı üzə çıxır. Məhkəməyə cəlb olunanlar ifadə verdikcə bunların həcmi artacaq. Burada əsas məqsəd generalların tutduqları vəzifədən uzaqlaşdırılmasından daha çox oğurlanan vəsaitlərin Müdafiə Nazirliyinin büdcəsinə qaytarılmasıdır. Şoyqu artıq nazir olmadığı üçün hüquq-mühafizə orqanları prosesi daha aydın şəkildə araşdıracaq, qərarlı həyata keçirəcəklər. Çünki sabiq nazir sistemi yaradanlar üçün qoruyucu çətir ola bilərdi. Hesab edirəm ki, bu, başlanğıcdır”.
Hərbi ekspert hesab edir ki, əgər Rusiya kimi bir ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahında belə məsələlər baş verirsə, digər ordu dairələrinin qərargahlarında da kifayət qədər adlar hallanacaq: “Proses boyunca hələ çox poqonlar söküləcək, vəzifələrdən kənarlaşdırılam məmurların sayı artacaq. Çünki mənimsənilmə bir şəxsin istəyi ilə həyata keçmir. Aşağıdakı hərbi hissələrdə olanlar da sənədləşməni reallaşdırmalıdırlar. Sənədlərə imza atanlar da bilir ki, saxtalaşma var, oğurlanma halları baş verir, qeyd olunan rəqəmlər reallığı əks etdirmir. Operativ strateji səviyyədə qərar tutanlar məsuliyyətə cəlb ediləcəklər. Maliyyə vəsaitləri sıfırlanaraq orduya qaytarılacaq. Rusiya ildə 100 milyarda yaxın vəsaiti Ukrayna ilə müharibəyə sərf etdiyi üçün əsas prioritet məsələ də maliyyənin geri gəlməsidir. Digər bir məsələ isə maliyyə vəsaitlərinin oğurluğu ilə bağlı kadrlar idarəsinin roludur. Belə ki, hansısa generallara rütbələrin verilməsi, vəzifələrin təyin olunması üçün müəyyən məbləğlər alınır. Burada həm dövlətdən ayrılan vəsaitlər, həm də kadrlardan alınan vəsaitlər Müdafiə Nazirliyinə qaytarılacaq”.
Ayşən RƏHİM