Milli Məclisdə ailəli və uşaqlı olan qadınların işə bir saat gec gəlib, bir saat tez çıxması təklif edilir.
Bu təkliflə deputat Tahir Rzayev çıxış edib.
Həqiqətən də Azərbaycanda bu qərar qəbul oluna bilər?
Sosioloq Elçin Bayramlı Referans.az-a açıqlamasında təklifin Azərbaycan mühitində reallığı haqqında danışıb.
“Bu, çox təqdirəlayiq təklifdir, bunu tam dəstəkləyirəm. Uzun illərdir ki, biz də bu təkliflə çıxış etmişik. Əksər ölkələrdə bu tətbiq olunur. Sovet dövründə Azərbaycanda da bu sistem tətbiq olunub. Ümumiyyətlə, ailəli və uşaqlı qadınlara işdə güzəştlər tətbiq olunmalıdır. Məsələn, beşinci günlər yarım gün işləməlidirlər, həftənin digər günləri bir yox, iki saat işdən tez çıxmalıdırlar. Əgər biz istəyiriksə ki, ailə institutumuz möhkəm, uşaqlarımız sağlam olsun, dövlət bunu stimullaşdırmalıdır. Çünki qadınlar həm işdə, həm də evdə işləmək məcburiyyətindədirlər. Onların əsas işi ailənin qayğıları ilə məşğul olmaqdır”.
Sosioloq bildirib ki, bu təklif yalnız maaşın azalmaması şərti ilə tətbiq olunmalıdır.
“Bir çox valideynlər uşaqlarını dayə yanına qoyur, ya əlavə şəxs tuturlar və s. Bunlar hamısı mənəvi, psixoloji problemlərdən əlavə həm də sosial, maddi problemə gətirib çıxarır. İnsanlar daha gərgin, daha yorğun olur. Uşaqlar nəzarətsiz qalır. Strateji planda bu çox cəmiyyətə ağır zərbə vurur və bizim gələcəyimizə çox ciddi problem yaradır”.
Elçin Bayramlı qeyd edib ki, qadınların daha insani şərtlər altında işləməsi, istirahətə daha çox vaxt ayırması sağlam gələcəyə böyük töhfə verə bilər. Buna görə də təklifin qəbulu olduqca vacibdir.