Azərbaycan İslam dövlətləri içərisində yeganə coğrafiya olub ki, burada əhalinin dindən çox adət-ənənə və milli dəyərlərə bağlılığı olub. Bir çox sahələrdə qadına olan hörmət o qədər böyük olub ki, qadın yaylıq atsa qanlı mübahisələr dayanar, qadın küçədə gedəndə at belində olanlar dərhal yerə düşüb onu tək olduğu halda evinə qədər müşayiət edər, qadın gələndə titulundan asılı olmayaraq bütün kişilər ayaq üstə durardılar.
Ailə qurmaq məsələsi də çox ciddi mental dəyərlərə söykənirdi. Qızı görüb və onunla evlənmək istəyən gənc oğlanların əməl etdikləri gözəl bir adət var idi. Oğlan qızın subay, evli, yaxud dul olmağını bilmək üçün bulaq başına gedər, kənarda durar, onun səhənginə doldurduğu sudan bunu bilərdi.
Əgər səhəngin ağız hissəsi kiçik və yığcam olurdusa, deməli, həmin qız ailə qurmayıb və subaydır.
Əgər səhəngin ağız hissəsi geniş idisə, bu, qızın ailəli olduğu anlamına gəlirdi və oğlan dərhal oradan baş əyərək uzaqlaşırdı. Bu xanımın qeyrəti bütün hər kəsin qeyrəti sayılırdı.
Bəzən səhəngin ağız hissəsi geniş, lakin boyun hissəsi nazik olurdusa, bu, onu daşıyan xanımın dul olması mənasını verirdi. Dul qadına elçi gələn oğlan da mütləq müəyyən şərtlərə əməl etməli idi:
1) Qadının övladları varsa, onu öz övladları kimi qəbul etməli idi;
2) Əgər qadının birinci əri döyüşdə, yaxud başqa səbəblə həyatını itiribsə, onun ailəsinin övladlarını ziyarət etməsinə şərait yaratmalı idi.
Burada əlbəttə ki, sual yaranır. Niyə axı səhəng? Zəruri məlumatları kimdənsə öyrənmək olmazdı?
Mental qanunlara görə, hər hansı bir qızın, yaxud qadının adı başqa yerdə çəkilirdisə, onun barəsində soruşan adam ya ciddi addımlar atmalı, ya da ağır cəzaya razı olmalı idi. Ağır cəza isə ölüm idi.
Azərbaycanda qadınlar həmişə ev işləri ilə məşğul olurdular və nadir hallarda evdən tək çölə çıxmaq imkanları olurdu. Əsasən sərbəst gedəcəyi yer isə digər qızlarla birlikdə bulaq başı idi. Onlar bulağa içməli su gətirmək üçün gedirdilər. Suyu isə rahat səhəng ilə gətirmək mümkün idi. Həm sərin qalırdı, həm də içmək üçün su süzmək rahat idi. Bu, həm də subay insanların ailə qurması üçün bir vasitə idi…
Zaur ƏLİYEV, dosent
Medianews.az