Azərbaycanda ədəbi dilin zənginləşməsi prosesini tənzimləyən qurumun yaradılması ilə bağlı bir qrup ziyalı Prezident İlham Əliyevə müraciət edib.
Medianews.az xəbər verir ki, ölkə başçısına ünvanlanan müraciətdə dövlət dilinin qorunmasının və inkişaf etdirilməsinin bütün vətəndaşların şərəfli borcu olduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan dili yüzillər boyunca cilalanmaqla daim yenilənib, qazandığı yeni sözlər hesabına zənginləşib və bu minvalla indiki gözəlliyinə çatıb: “Bu dilin formalaşmasında İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi şairlərimizin, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Mir Cəlal Paşayev kimi yazıçı və dramaturqlarımızın, eləcə də bir sıra elm və mədəniyyət xadimlərimizin böyük əməyi olub. Ulu öndərimiz Heydər Əliyev ölkəmizdə Azərbaycan dilinin işləkliyinin daim qayğısına qalıb, dövlət orqanlarında doğma dilimizdən istifadəni ciddi şəkildə tələb edib. Məhz onun 2002-ci ildə imzaladığı fərmanla “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib”.
Müraciətdə bildirilib ki, bu gün də dövlət dilimizin xüsusi qayğıya ehtiyacı var: “Qloballaşmanın, elmi-texniki tərəqqinin sürətli gedişatı dilə yeni sözlərin gəlməsini tələb etdiyi bir dövrdə dilimizə labüd olaraq yeni terminlər daxil olur. Bu terminlərin, demək olar ki, hamısı əcnəbi dillərdən alınmadır və əksəriyyətinin Azərbaycan dilində qarşılığı yoxdur. Kortəbii termin axını dili zənginləşdirmək əvəzinə, onun təbiətinə zidd meyllərin ortaya çıxmasına səbəb olur. Görünən budur ki, son vaxtlar həyatımızın müxtəlif sahələrində söz yaradıcılığı günün tələbləri ilə ayaqlaşa bilmir. Ona görə də dilə termin axınını şərtləndirən prosesi tənzimləyə biləcək məsul bir qurumun yaradılmasına ehtiyac vardır. Məsələn, qardaş Türkiyə Cümhuriyyətində otuza yaxın ştatlı əməkdaşı olan bir təsisat mövcuddur. Onlar dilin yenilənməsi prosesini nəzarətdə saxlayır, yeni terminlərin türk dilində qarşılığını yaradır”.
Müraciət müəllifləri hesab edir ki, ölkəmizdə də müvafiq qurumun yaradılmasına böyük ehtiyac var: “Bu qurum dilimizə daxil olan əcnəbi mənşəli terminləri araşdırıb zərurət yaranarsa, ana dilimizin daxili imkanları hesabına yeni sözlərlə əvəz edə bilər. Səhiyyə, təhsil, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsində əcnəbi dillərdən alınma terminlər xüsusilə çoxluq təşkil edir. Müvafiq sahələrdə çalışan ixtisaslı kadrların iştirakı ilə belə bir qurum yaradılarsa, Azərbaycan dilinin lüğət tərkibinin mahiyyətcə dolğunlaşması, inkişafı, zənginliklərinin qorunub saxlanması və müasirləşməyə uğurla uyğunlaşa bilməsi üçün çox gözəl imkanlar açıla bilər. İnanırıq ki, təklifimiz dövlət əhəmiyyətli bir məsələ kimi diqqətinizi cəlb edəcək və sırf sözügedən işlərlə məşğul olacaq ştatlı mütəxəssislərdən ibarət müvafiq dil qurumunun yaradılması məsələsi tezliklə həllini tapacaqdır”.
Qeyd edək ki, müraciətə professorlar Zümrüd Dadaşzadə, Aida Qasımova, Fəxrəddin Veysəlli, Qulu Məhərrəmli, Ədalət Tahirzadə, Elmira Məmmədova-Kekeç, Ramazan Qafarlı, Tərlan Quliyev, Seyfəddin Rzasoy, Qurban Bayramov, dosentlər Səadət Şıxıyeva, İradə Musayeva, Əkrəm Bağırov, Pərvanə Məmmədli, Dürdanə Rəhimzadə, Zəminə Rüstəmbəyli, Könül Nəhmətova, Aybəniz Rəhimova, Afaq Yusifli, Güldəniz Qocayeva, İsmayıl Məmmədov, Fuad İslamzadə, yazıçılar Yeganə Kərimzadə, Nəriman Əbdülrəhmanlı, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri Vasif Sadıqlı imza atıb.