Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında dövlət başçılarının regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdiyi barədə məlumat yayılıb. Qeyd olunub ki, söhbət zamanı hər iki ölkənin aidiyyəti qurumlarına birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqların veriləcəyi bildirilib.
Maraqlıdır, V.Zelenskini İ.Əliyevə zəng vurmağa nə vadar edib? Bu telefon zənginin və aparılan müzakirələrin gizli tərəfi nələrdir? Bəlkə Ukrayna prezidenti azərbaycanlı həmkarını gələn ay İsveçrədə Rusiya əleyhinə keçirilən sülh forumuna dəvət edib? Belə bir dəvət varsa, rəsmi Bakı necə davranmalıdır?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Natiq Miri bildirib ki, Ukraynanın indiki vəziyyətdə qonşu olduğu ölkələrə, xüsusilə Azərbaycan kimi dost dövlətə ehtiyacı var.
Onun sözlərinə görə, Ukraynanın enerji təchizatı ilə bağlı infrastrukturu demək olar ki, darmadağın olub: “Bu yöndə Azərbaycan zaman-zaman infrastrukturun bərpası və buna qədər qısa müddətli transformartorların göndərilməsi ilə bağlı dəfələrlə yardım göstərib. Paralel olaraq enerji daşıyıcılar məsələsində də Azərbaycan Ukraynanın yanında yer alıb. Düşünürəm ki, Ukrayna tərəfindən gələn zənglərdən birinin konteksti ən azından yay ayları və qışa hazırlıq olaraq enerji təchizatını təmin edə bilmələri yönündədir”.
Azərbaycanın sülh forumuna dəvət edilməsi məsələsinə gəlincə, politoloq qeyd edib ki, dəvətlə bağlı nə Ukrayna, nə də Azərbaycanın rəsmi mənbələrində, kütləvi informasiya vasitələrində konkret məlumat yoxdur.
N.Mirinin qənaətincə, rəsmi Bakının foruma dəvət edilməsi Azərbaycan üçün böyük məhdudiyyətlər yaradan bir məsələ deyil: “Əgər söhbət sülh sazişindən gedirsə, Azərbaycan da iki qardaş və dost xalqın arasındakı müharibənin bitməsi yönündə çıxış edir. Bu səbəbdən sülh sazişində mümkün iştirak o demək deyil ki, Azərbaycan tərəflərdən birinə qarşı addım atır. Hesab edirəm ki, belə bir dəvət olmayıb. Dəvətlilər əsasən prosesə təsir edəcək dövlətlərdir. Bu istiqamətdə Ukraynaya hərbi və maliyyə yardımı edən ölkələr xüsusi olaraq öndədir. Bu da Ukraynanın maraqları çərçivəsindədir”.
Ayşən RƏHİM