Azərbaycanın təşəbbüsü ilə türk dünyası markalarını birləşdirən “Made in Turan” brendi yaradılıb. “Made in Turan” dedikdə Türk Dövlətləri Təşkilatın (TDT) üzv ölkələrin istehsal etdiyi məhsulların vahid markalaşmaya keçid etməsi başa düşülür. “Azərbaycan Françayzinq Assosiasiyası”nın məlumatına görə, bu marka üçün əldə olunacaq xüsusi güzəştlər sayəsində ölkələr arasında ticarət dövriyyəsi artacaq və iqtisadi əlaqələr möhkəmlənəcək.
“Made in Turan” brendinin yaradılması, bu təşəbbüsün iqtisadi, eyni zamanda siyasi əhəmiyyəti barədə fikirlərini Medianews.az-a bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, türk dünyası markalarının yeni dövrə keçid etməsi qlobal marka olma yolunda əmin addımlarla irəliləməsi kimi qiymətləndirilir.
Onun sözlərinə görə, bu təşəbbüs türk dövlətləri arasında korporasiyanı yüksəldə bilər: “Təşəbbüs həddindən artıq maraqlıdır. Məlum olduğu kimi, türk dünyası və türk ölkələri birgə investisiya fondu da yaradıblar. İlkin mərhələdə bu fonddakı vəsaitin 10 milyard təşkil etməsi, sonrakı mərhələdə isə məbləğin 2-3 dəfə artırılmasına dair qərarlar var. Fondun türk dövlətlərinə yatırımları olacaq. Onların istehsal etdikləri məhsulların eyni brend adı altında dünya bazarlarına çıxarılması daha rahat şəkildə müştəri qazanılmasına xidmət edə bilər. Ona görə də bu təşəbbüs kifayət qədər maraqlıdır. Nəticə etibarilə bu təşəbbüs ölkələr arası korporasiyanı da yüksəldə bilər”.
N.Cəfərli əlavə edib ki, gələcəkdə türk ölkələri öz aralarında bir məhsulun müxtəlif komponentlərini də istehsal edə bilərlər: “Bu isə ölkələrarası əlaqələrin daha da sıx olmasına təsir edəcək. Bununla yanaşı, ümumilikdə türk respublikalarına yeni investisiyaların yatırılmasına gətirib çıxaracaq. Ən nəhayət, bu, onların tanıtımının həyata keçirilməsinə də ciddi yardımçı ola bilər”.
Ayşən RƏHİM