Füzuli rayonunda daimi qeydiyyatda olan, hazırda Hövsan qəsəbəsi ev 5A, mənzil 47 ünvanında kirayə mənzildə yaşayan keçmiş məcburi köçkün Zülfiyyə Cümşüd qızı Qasımova Medianews.az-a müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən pensiyasının dayandırılmasından şikayətlənib.
O qeyd edib ki, tək qadındır və ötən 13 il ərzində pensiya alıb. Z.Qasımova şəkərli diabetdən, ürək xəstəliyindən əziyyət çəkdiyini vurğulayıb. Bildirib ki, indiyə qədər müxtəlif orqanlarından dörd dəfə cərrahiyyə əməliyyatı olunub. Vətəndaş iddia edib ki, onda ürəyin işemik xəstəliyi, anemiya, qan təzyiqi, insulindən asılılıq var.
Z.Qasımova qeyd edib ki, ƏƏSMN-in tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) onun səhhətindəki bütün bu çatışmazlıqları, xəstəliyini, tək qadın olmasını nəzərə almayaraq, haqsız yerə pensiyasını kəsib.
Şikayətçi hətta iddia edib ki, pensiya müddətinin uzadılması üçün ondan rüşvət istənilib, lakin bu pulu verə bilmədiyi üçün barəsində belə qərar qəbul olunub.
Vətəndaş müraciəti ilə əlaqədar olaraq, ƏƏSMN-in tabeliyindəki DTSERA-ya sorğu ünvanladıq. Agentliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov sorğuya cavab olaraq bildirdi ki, Z.Qasımova tərəfindən əlillik altsisteminə forma-88 sənədi daxil edilmədiyindən hər hansı qiymətləndirilmə aparmaq qeyri-mümkündür.
Agentlik rəsmisinin sözlərinə görə, vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalı, yeni göndəriş əldə etməlidir: “Füzuli sakini Qasımova Zülfiyyə Cümşüd qızının əlilliyinin qiymətləndirilməsi ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən son 1 il ərzində heç bir forma-88 sənədi Əlillik altsisteminə daxil edilməyib. Belə olan halda qiymətləndirilmə aparılması mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək”.
Lamiyə MİRZƏYEVA