“Çeçenistanın Baş naziri Müslüm Xuçiyev gözlənilməz halda istefa verib. Ramzan Kadırov atasının adını daşıyan və potensial varisi hesab edilən oğlu Əhmədi İdman naziri təyin edib. Baş nazir istefa verən gün isə Kremlə gedərək Vladimir Putinlə görüşüb. Əbubəkr Yedalgiyevin Vladimir Putinin köməkçisi təyin edilməsi Kadırovda qorxu yaradıb. Yedalgiyevin Kadırova arası yaxşı deyil. Putin Kadırovu prezident təyin etdikdə Yedalgiyev də Baş nazir təyin edilərək daha yüksək vəzifəyə təyin olunub. Ötən müddətdə bu iki şəxs arasında münasibətlər kəskinləşib”.
Medianews.az xəbər verir ki, bu barədə siyasi şərhçi Zeynal Əmrəliyev bildirib.
O qeyd edib ki, Ə.Yedalgiyev hər zaman Çeçenistan rəhbərliyinə can atıb, R.Kadırov isə özünə potensial rəqib bildiyi baş naziri sıradan çıxarmağa çalışıb.
Siyasi şərhçinin sözlərinə görə, bu mübarizənin artıq baş nazirin həyatına təhlükə yaratdığını görən V.Putin Ə.Yedalgiyevi vəzifədən azad edərək Kremlə gətirib: “Putin Yedalgiyevi Rusiya prezidentin ekoloji məsələlər üzrə müşaviri təyin edib. Bu, bir o qədər səlahiyyətli vəzifə deyil. Ancaq Putin sonuncu dəyişiklik zamanı Kadırovun düşmənini özünə köməkçi təyin edib. Bununla da federal subyektlərə nəzarəti ona həvalə edib. Ağır xəstə olduğu deyilən və yerini varisinə təhvil vermək istəyən Kadırov üçün bu, çox pis xəbər olub”.
Z.Əmrəliyev deyib ki, başqa işə keçməsi ilə əlaqədar bu günlərdə vəzifəsindən istefa verən Çeçenistan hökumətinin başçısı Müslüm Xuçiyev olduqca bacarıqlı fiqurdur: “Onun dövründə Qroznın tikinti infrastrukturu xeyli inkişaf edib, ölkədə aqrar təsərrüfat canlanıb. Baş nazir özü bölgələrə gedərək insanlarla görüşüb, problemlərin həlli ilə bağlı mərkəzi hökumətin qarşında tələblər qaldırıb. Xuçiyev bu yaxınlarda Moskvaya səfər etmişdi. Ola bilsin ki, səfər zamanı sələfi Yedalgiyevlə görüşüb. Əgər Yedalgiyevdən dəstək görərsə, Müslüm Xuçiyev rahat şəkildə Çeçenistanın yeni rəhbəri ola bilərdi”.
Siyasi şərhçinin qənaətincə, hazırda Çeçenistan federasiya büdcəsinə çox ağır yükdür: “Vladimir Putin bu yükdən qurtulmaq üçün bacarıqlı iqtisadiyyatçıya önəm verə bilər. Buna görə narahat olan Kadırov dərhal uğurlu baş naziri sıradan çıxarıb, varis kimi gördüyü oğlunu nazir təyin edib, ardınca Kremlə gedərək Putinlə görüşüb. Ehtimal ki, səfər zamanı Kadırov Putindən varis məsələsi barəsində razılıq almaq istəyib”.
Vüqar MƏMMƏDOV