Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü ildə Malmödə keçirilən “Avroviziya” mahnı müsabiqəsinin ənənəvi ailə dəyərlərinə təhlükə yaratdığını bildirib. Dövlət başçısı qeyd edib ki, “Avroviziya”da deseksuallaşdırma siyasəti kimi bir fenomenin qlobal şəkildə tətbiq edilməsi müşahidə olunur. Onun sözlərinə görə, gənclərə hopdurulan qəribə tiplər sosial deqradasiya üçün “troya atı”dır. O, bunun şüurlu siyasət olduğunu və hamı tərəfindən etiraf edildiyini dilə gətirib. Türkiyə Prezidenti R.T.Ərdoğan məhz buna görə də ölkəsinin son 10-12 ildə bu biabırçılıqdan qorunub saxlandığını vurğulayıb.
Bəs Azərbaycanda bu barədə nə düşünürlər? “Avroviziya” müsabiqəsi mədəniyyətin təbliğidir, yoxsa siyasi və psixoloji təsir vasitəsi? Bu müsabiqə ailə dəyərlərinə həqiqətən təhlükədirmi? Azərbaycana belə bir müsabiqədə iştirakçılığı davam etdirmək vacibdirmi?
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa mövzu ilə bağlı Medianews.az-a bildirib ki, Avropa motivli yarışmalarda daha çox müəyyən azlıqların təmsilçilərinin intensiv çıxış etməsi, bu prosesdə o dəyərlərin aşılanması ilə bağlı deyilənlər həqiqətdir. Millət vəkilinin sözlərinə görə, bu yarışmalar məqsədyönlü şəkildə, sözügedən sistemin təbliğ olunmasına yönələn addımlardır.
Komitə sədri deyib ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın söylədikləri həqiqətə uyğundur və real bir mənzərədir: “Cəmiyyətləri belə proseslərdə mühafizə etməyin yolu normal təhsil və doğru dəyərlərin onlara aşılanmasıdır. Təsəvvür edin ki, bu motivli insanlar ailə dəyərlərinin aşınmasına təsir göstərə bilirlər. İnsanların müəyyən cins dəyişməsi, cinsi azlığa çevrilməsi, bu dəyərlərin təbliğ olunması istiqamətində atılan addımlar müəyyən dərəcədə deqradasiya, mənəvi problem yaradır. Lakin bu proseslərə, yəni müsabiqələrə qatılmamaq, onları birmənalı şəkildə görməzdən gəlmək də çıxış yolu deyil. Düşünürəm ki, bu proseslərin içində hər kəs öz dəyərini göstərməlidir. Avropaya hər kəs Şərqdən gedirsə, orada öz baxış bucağını, yanaşmasını qoruyub saxlaya bilir. Amma bunlardan daha dəhşətli dəyərlər də ola bilər. Misal üçün, Avropa deyə bilər ki, aşılanan müəyyən dini yönümlü radikal dəyərlər var. Hansı ki o dəyərlər bu gün “Taliban”çı, İrançı zehniyyətdə insanlar yetişdirir. Məgər bunlar, o dəyərlərdən daha az təhlükəlidirmi? Yəni, insan qanına susayan, din adı ilə vəhşicəsinə insan öldürən şəbəkə daha yaxşı dəyərlər ehtiva edir? Ona görə də, bu dəyərlərin qiymətləndirməsi məsələsinə bir qədər fərqli baxılmalıdır”.
Komitə sədri vurğulayıb ki, hər kəs öz dəyərini başqasını inkar etmədən, linçləmədən təbliğ etməlidir: “Yaxşı mənada insan həyatı üçün faydalı olan dəyərləri təbliğ etməlidir. Ailə dəyərlərini də biz daha çox bu istiqamətdə təbliğ edə bilərik. Hesab edirəm ki, müasir mədəniyyət xarakterli tədbirlərdən kənarda qalmaq, məncə, bir ölkənin hansısa bir şəkildə öz mühafizəkar dəyərlərini qoruması mənasına gəlmir. Çünki bu gün axtarsaq, Türkiyədə də “Avroviziya” istiqamətində bir siyasəti təbliğ edənlər və ya onu dəstəkləyənlər var. Yəni, bu kəsimin də maraqlarını bu qədər pozmaq olmaz. Misal üçün, mühafizəkarlar Türkiyəyə hakimiyyətə gələndə restoranlarda içkini qadağa edə bilmədilər. Çünki cəmiyyətlə hesablaşmaq məcburiyyətində qaldılar. İçki içmək də ən azı dini nöqteyi-nəzərdən yaxşı bir dəyər, əlamət deyil. Ona görə də bu kimi məsələlərin üzərinə kəskin şəkildə getmək, kateqorik yanaşmaq, bu cür mövqe sərgiləmək cəmiyyətdə müəyyən münasibətlər sistemini poza bilər”.
Millət vəkili F.Mustafa söyləyib ki, ancaq yaxşıları təbliğ edərək bu cür biabırçı, yaxud da uyğun olmayan həyat tərzi təbliğatının qarşısına çıxmaq olar: “Bir auditoriyadan kənar qalmaqla, həmin auditoriyanı öz başına buraxmaq istiqamətinə üstünlük verilməməlidir. Onun təbliğatını daha çox başqa yöndə aparmalıyıq. Biz ailə və milli-mənəvi dəyərlərimizi elə bir şəkildə təbliğ etməliyik ki, insanlar o istiqamətdə yönəlsinlər. Lakin bizim təbliğ etdiyimiz bir çox dəyərlər də Avropa tərəfindən anlaşılmır. Onlar üçün bir insanı öldürən dindardansa, adama toxunmayan, öz həyatını yaşayan azlıq daha təhlükəsizdir. Onların təxmini yanaşması belədir. Biz elə etməliyik ki, bizim həyata baxışımız, dəyərlərimiz, yaşam tərzimiz onlar üçün cəlbedici olsun və bu cür iyrənc həyat tərzindən uzaqlaşa bilsinlər. Məncə, bu yarışmaları da bunun kənarında saxlamaq lazımdır. Bu cür yarışma yüzlərlə olur və hər bir toplum da öz mədəniyyəti ilə burada çıxış edə bilər. Göstərə bilər ki, mən sizdən fərqliyəm. Bu Azərbaycan üçün də, Türkiyə üçün də keçərlidir. Qalib gəlmək mümkün olmasa belə, fərqli bir modeldə çıxış etmək, öz dəyərlərini nümayiş etdirmək olar. Böyük bir auditoriyada öz dünyagörüşünü, baxışını təbliğ etmək baxımdan bu fürsəti dəyərləndirmək lazımdır”.
Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti Mənsum İbrahimov da Medianews.az-a açıqlamasında bildirib ki, sonuncu “Avroviziya” müsabiqəsi kimi yarışmalarda təmsil olunmaq bizə lazım deyil. Xanəndənin qənaətincə, Malmödə keçirilən “Avroviziya”da mədəniyyətdən, istedaddan daha çox eybəcərliklər nümayiş olunub: “Azərbaycanı həmin müsabiqədə iki ifaçı təmsil edirdi. Açığı, onların ifası da məni qane etmədi. Onların ifasında muğam elementləri var idi və Azərbaycanın milli musiqisi təbliğ olunurdu. Lakin bizim təmsilçilərimizdən qat-qat aşağı səviyyədə çıxış edənlər, yarıçılpaq vəziyyətdə səhnədə şou göstərənlər təqdir olunur. Bununla biz hara gedirik, nəyə nail oluruq? Əgər soyunmaq, yarıçılpaq vəziyyətdə insanlar qarşısına çıxmaq mədəniyyət, inkişafdırsa, Afrika qitəsində indiyə qədər də yarıçılpaq vəziyyətdə yaşayan qəbilələr var. Onları inkişaf etmiş hesab edə bilərikmi? Ona görə də biz fərqli dəyərləri təbliğ edən müsabiqələrdə yer almaqdansa, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının daha da təbliğinə üstünlük verməliyik. Azad Qarabağımızda, Şuşamızda bu il keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı möhtəşəmliyi, iştirakçı ölkələrin sayına görə daha çox diqqət çəkdi. Biz özümüzün olanı da təbliğ etməli və bütün dünyaya tanıtmalıyıq. Bununla yanaşı, beynəlxalq müsabiqələrdə də iştirakçı olmalıyıq, lakin bir şərtlə ki, səviyyəli olsun, həqiqətən də mədəniyyət hadisəsi sayılsın. Amma sonuncu “Avroviziya” müsabiqəsi kimi tədbir bizə lazım deyil. Orada sanki bir xaos var idi. Kim nə istədi onu da gerçəkləşdirməyə çalışırdı. Müxtəlif eybəcərliklər təbliğ olunurdu. Düşünürəm ki, bu dərəcədə olmaz. Bunlar bizim milli-mənəvi dəyərlərimizə, mentalitetimizə ziddir”.
Kamilə ORUCOVA
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Vətəndaşların mədəniyyət səviyyəsinin yüksəldilməsi” mövzusunda hazırlanıb.