Sağlamlığın əlifbası: Uzunömürlü olmaq üçün onu siz də öyrənin…
Kitab oxuyub bilikli olmaq üçün ilk növbədə əlifbanı öyrənmək lazımdır. Sağlam olmaq üçün isə sağlamlığın əlifbasını bilmək vacibdir. Bu əlifba isə 32 hərfdən deyil, 16 bənddən ibarətdir. Şərq təbiblərinin sağlamlıq əlifbası olduqca sadə və asandır. Onu öyrənmək nə vaxt tələb edir, nə əlavə vəsait, nə də xüsusi iradə.
1. İnsan üzünü tez-tez masaj etməlidir. Bu, olduqca asan bir məsələdir. Bunu televizora baxarkən, maşında gedərkən, kitab oxuyarkən, səhərlər yataqda yer dəmi alarkən, bir sözlə günün çox vaxtlarında etmək mümkündür.
2. Tez-tez saçları daramaq lazımdır. Bunun üçün də xüsusi bir vaxt tələb olunmur. Darağı cibdə və ya çantada saxlamaqla gün ərzində bir neçə dəfə bir-iki dəqiqə bu işə vaxt ayırmaq olar.
3. Gözlər daima hərəkət etməlidir. Yəni insan uzun müddət gözlərini bir nöqtəyə zilləməməlidir. Hətta kompüter qarşısında olanda da arada fasilə verib gözlərin gimnastikasına vaxt ayırmaq lazımdır.
4. Ağız bağlı olmalıdır. Danışıq və qida qəbulu zamanı istisna olmaqla. El dilində desək, ağzını ayrıq qoyan insanın ağız bişluğuna ona lazım olmayan mikroblar düşə bilər.
5. Ağız boşluğunda həmişə tüpürcək olmalıdır. Yəni tez-tez tüpürmək olmaz. Bu həm mədəniyyətsizlikdir, həm də ağız boşluğunun quraqlığına səbəb olur.
6. Nəfəs yüngül olmalıdır. İnsan çalışmalıdır ki, oturanda, yaxud uzananda elə vəziyyətdə olsun ki, nəfəsalma çətinləşməsin. Digər bir tərəfdən nəfəsin yüngül olması üçün mənzilin və ya iş otağının havası tez-tez təmizlənməlidir.
7. Ürək sakit olmalıdır. Bunun üçün insan panikalardan, dedi-qodulardan, paxıllıq hissindən, qəzəbdən uzaq olmalıdır və ən əsası baş verən hadisələrə soyuqqanlı yanaşmalıdır.
8. Qamət həmişə düz olmalıdır. İnsan maraq dairəsindəki əşyalarla məşğul olanda bu cansız əşyalara sevgisini, hərisliyini, marağını belini əyməklə əks etdirməməlidir. Müasir dövrdə bu sevimli əşyaların siyahısında birinci yerdə kompüterlər və smartfonlar durur.
9. Qarnı tez-tez sığallamaq lazımdır. Başqa cür ifadə etsək əl ütüsü çəkmək. Bu da öz növbəsində qarın nahiyəsinin masajıdır. Amma bunu tək olanda etmək lazımdır.
10. Söhbət yığcam olmalıdır. İnsan uzun-uzadı danışanda həm qarşısındakı insanı, həm də özünü yorur ki, bu da qıcıqlanmaya səbəb olaraq sinir sisteminə mənfi təsir göstərir.
11. Dəri həmişə nəm olmalıdır. Dərinin quru olmağı tez qocalmaya, dəri hüceyrələrinin tez məhv olmasına səbəb olur. Bunun görə də insan dərisinin nəmliyini təmin etmək üçün təbii vasitələrdən istifadə etməlidir.
12. Hər qida qəbulundan sonra 100 addımlıq məsafə qət edilməlidir. Bu, həzmi normallaşdırır.
13. Bitkilərlə qidalanmaq və bitki mənşəli yağlara daha çox üstünlük verilməlidir.
14. Günəş vannası qəbul etmək sağlamlıq üçün ən vacib şərtlərdən biridir.
15. Tez yatıb, tez oyanmaq vərdiş halına keçməlidir. Gecə yarıyadək televizorun qarşısında əyləşmək, və ya zehni işlə məşğul olmaq, yaxud da hansısa məclisdə “əylənmək” ömrü qısaldır.
16. Sağlamlığın əlifbasının əsası isə xoş əhval, sevinmək və gülmək üçün bəhanə axtarmaq, o cümlədən kimisə sevindirmək üçün xeyirxahlıq etməkdir. Bir xoş sözlə belə insanın könlünü xoş etmək mümkündür.
Kəmalə İLHAM,
Medianews.az