Ermənistanda revanşistlərlə kilsə birlikdə hökumətə qarşı “Tavuş hərəkatı” həyata keçirir. Erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi hərəkat üzvləri 30 ildən artıq işğal altında saxlanılan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin geri qaytarılmasına, dolayısı ilə Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanmasına etiraz edirlər. Hazırda etirazçılar İrəvana doğru piyada yürüş edirlər.
Ermənistanda baş verən prosesləri Medianews.az-a şərh edən hərbi-siyasi ekspert Ədalət Verdiyev bildirib ki, erməni apostol kilsəsinin Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı həyata keçirtdiyi fəaliyyətlər müəyyən narahatlıq doğurur.
Onun sözlərinə görə, erməni apostol kilsəsi ekstremistlərin, terrorçuların və revanşistlərin yuvasına çevrilib.
Ekspert vurğulayıb ki, daha əvvəl bu kilsə öz fəaliyyətini qismən qapalı şəkildə həyata keçirməyə çalışsa da, hazırda aşkar qaydada həm Paşinyana, həm də Azərbaycanın maraqlarına tamamilə zidd olan bəyanatlar səsləndirilir: “Tovuz qala rayonunda keçirilən və Baqrat Qalastyanın rəhbərlik etdiyi bu etiraz aksiyaları Ermənistanda çox geniş əks-səda doğurmadı. Ona görə də hazırda onlar İrəvana yollanıblar. Bu aksiyada iştirak edənlərin sayı təxmin 100 nəfərə yaxındır. Təbii ki, onlar rayon ərazilərində dayanarkən yerli əhalidən müəyyən bir dəstək alırlar. Lakin yürüşə qatılanların sayı ümumilikdə 100 nəfəri keçmir. Kütləvilik yaratmaq məqsədi ilə onlar asfalt yolları bağlayaraq hərəkət edirlər. Bu da həmin yollarda kilometrlərlə uzanan tıxacların əmələ gəlməsinə səbəb olur. Beləliklə də onlar tıxacda dayanan avtomobilləri də aksiyanın iştirakçıları kimi qələmə verməyə çalışırlar”.
Ə.Verdiyev deyib ki, bütün bu proseslər fonunda N.Paşinyan çox rahat görünür: “Həmin etiraz aksiyalarının pik nöqtəsində olduğu bir vaxtda erməni baş nazir arvadı Anna Akopyana gül dəstəsi bağışlayır, onu yanına alıb piknik və ya istirahətə getdiyini nümayiş etdirir. Bununla o, kilsənin fəaliyyətindən dərin narahatlıq hissi keçirmədiyini göstərmək istəyirdi. Təbii ki, kilsənin Ermənistanda təsir imkanları var. Bu imkanları, həmçinin etiraz aksiyalarında kilsə xadimlərinə Ermənistan müxalifətinin, “Qarabağ klanı”nın, eks-məmurların verdiyi dəstəyi nəzərə alsaq, Paşinyan komandası üçün müəyyən problemlər yarana bilər. Kilsə Paşinyanı hakimiyyətdən devirməkdə israrlı olduğunu açıq şəkildə ortaya qoyub və bu barədə bəyanat səsləndirib. Hər bir halda hazırda Ermənistanda vəziyyət kifayət qədər gərginləşməyə yaxındır. Bunun qarşısını Paşinyanın hüquqi yollarla alacağına dair ehtimallar mövcuddur. Yəqin ki, biz, 9, 10, 11 may tarixlərində bəzi kilsə xadimlərinin və onlara dəstək verən qüvvələrin aktiv nümayəndələrinin həbslərini müşahidə edə biləcəyik. Çünki dövlət çevrilişinə cəhd açıq-aşkar ortadadır”.
Lamiyə MİRZƏYEVA