Georgi Jukovun 1969-cu ildə işıq üzü görən “Xatirələr və düşüncələr” kitabı təkcə SSRİ-də deyil, həm də xarici ölkələrdə böyük maraqla qarşılanıb. Marşalın memuarlarında diqqət çəkən xatirələrdən biri isə Stalinin oğlu Yakov Cuqaşvili ilə bağlı olub. Jukov Stalinin almanlara əsir düşən oğluna görə keçirdiyi narahatlığı aşağıdakı kimi xatırlayıb:
“…Yakov Cuqaşvili 1941-ci ilin iyulun 17-də Belarus cəbhəsində əsir düşmüşdü. Müharibənin başlanmasından heç bir ay da ötməmişdi. Əvvəlcə Stalin bu xəbərə inanmırdı, daha doğrusu inanmaq istəmirdi. Nəhayət, ona Yakovun öz xətti ilə yazılmış məktubunu verəndə Stalin əmin oldu ki, oğlu almanların əsirliyindədir. Kremlin həyətində gəzintilərin birində mən ona cəbhələrdəki vəziyyət haqqında məlumat verirdim.
Stalin sanki məni eşitmirmiş kimi mövzunu qəfil dəyişdi: O, əsirlikdən çıxa bilməyəcək. Faşistlər onu güllələyəcəklər. Amma belə düşünürəm ki, mənim oğlum bütün işgəncəli ölümlərə razı olacaq, amma satqın çıxmayacaq.
Yakovun əsirlikdə olması Stalini bir ata kimi narahat edirdi, mən onun hansı hisslər keçirdiyini anlayırdım. Amma onu daha çox narahat edən başqa bir məsələ idi. Biz hamımız yaxşı anlayırdıq ki, Hitler Stalinin oğlundan siyasi alət kimi istifadə edəcək. Stalin inanmaq istəmirdi ki, Yakov özünün alətə çevrilməsinə imkan verəcək…”
Stalin oğlu üçün narahatlıq keçirsə də müharibə aparan ölkənin ali baş komandan kimi onun əsir düşməsinə heç cür haqq qazandırmayıb. O, hətta silahdaşlarına bildirib ki, gərək Yakov özünü güllələyəydi, amma almanlara əsir düşməyəydi.
Stalini daha çox qıcıqlandıran məsələlərdən biri oğlunun əsir götürülməsi məlumatının təqdim edilməsi olub. Bu məlumatı SSRİ-yə Hitlerin təbliğat naziri Göbbels fərqli üsulla çatdırıb. Belə ki, almanların rus dilində çap etdirdikləri və SSRİ-nin işğal olunmuş ərazilərində kütləvi şəkildə payladıqları xüsusi vərəqələrin növbəti buraxılışı Yakov Cuqaşviliyə həsr edilib. Sözsüz ki, bu da Stalinin siyasi imici üçün ləkə sayılıb.
Maraqlıdır, Stalin oğlunu əsirlikdən azad etmək üçün hansısa tədbirləri həyata keçirməyə cəhd edibmi?
Stalinin tez-tez işlədilən belə bir ifadəsi var: “Mən əsgəri feldmarşala dəyişmərəm”.
Əslində bu ifadə Stalinə məxsus deyil və konkret bir fakt kimi heç bir yerdə öz əksini tapmayıb. Almanların Stalinqradda məğlubiyyətindən sonra Yakov Cuqaşvilinin feldmarşal Paulsla dəyişdirilməsi məsələsi ortaya çıxanda İngiltərə mətbuatında bununla bağlı kiçik bir məqalə dərc edilib və elə həmin ifadə də məqalənin müəllifinin məhsulu olub. Düzdür, Cuqaşvilinin dəyişdirilməsi məsələsi bir neçə dəfə gündəmə gəlib, amma konkret Paulsla bağlı olmayıb. Bu haqda Stalinin qızı Svetlana Alliluyeva da öz xatirələrində yazıb:
“Yakovun dəyişdirilməsi məsələsi ortaya çıxanda atam bu məsələyə müsbət yanaşmadı. Həmin ərəfədə aramızda olan söhbətdə o, bildirdi ki, mən düşmənlə alver edə bilmərəm. Bu müharibədir, mən də hamı kimi onun qanunlarına tabe olmalıyam…”
Beləliklə, Yakov Cuqaşvilinin dəyişdirilməsi baş tutmayıb, bəlkə də bununla bağlı hansısa planlar işlənilib, amma 14 aprel 1943-cü ildə onun Zaksenxauzen əsir düşərgəsində ölümü bu planları yarımçıq qoyub.
Yakovun hansı şəraitdə ölməsi də müəmmalı qalıb. Bəzi versiyalara görə o, düşərgədən qaçmağa cəhd edərkən güllələnib, digər bir versiyada Yakovun ağır xəstəlikdən vəfat etməsi göstərilib, daha bir versiyaya görə Yakov özünü gərginlik qoşulmuş hasar məftillərinə tullayıb. Hətta belə bir versiya da ortaya çıxıb ki, Yakov Cuqaşvili əsirlikdən qaçaraq İtaliyada gizlənib.
Bu versiyaların hansının doğru olub-olmamasından asılı olmayaraq, 1943-cü ildə onun ölüm faktı SSRİ-də qəbul edilib. Amma Yakov Cuqaşvilinin almanlarla könüllü əməkdaşlığa getməsi məsələsi qapanmayıb. Xüsusilə, Stalinə müxalif olan qüvvələr onun oğlunun satqın olmasını ictimailəşdirməyə cəhd ediblər, ona vətən xaini damğası vurmağa çalışıblar.
Nəhayət, bu mübahisəli və siyasi predmetə çevrilən məsələyə də son qoyulub. Müharibədən sonra sovet xüsusi xidmət orqanlarının əməkdaşları -Zaksenxauzen əsir düşərgəsinin arxivindən Yakov Cuqaşvilinin dindirmə protokolunu ələ keçiriblər. Protokolda mayor Qolters və kapitan Reuşlenin Yakov Cuqaşviliyə verdikləri 150 sual və onların cavabları əks olunub. Həmin cavabların bir neçəsində Yakov Cuqaşvilinin almanlarla əməkdşlığa razılıq verməməsi də öz əksini tapıb:
– Siz könüllü əsir düşmüsünüz, yoxsa sizi əsir götürüblər?
– Məni güc tətbiq edərək əsir götürüblər. Əsir düşəcəyimi bilsəydim və imkanım olsaydı özümü güllələyərdim.
– Sizə daha rahat şərait yaratmaq şərti ilə könüllü əməkdaşlıq təklif olunacaq. Siz bunu necə qiymətləndirirsiniz?
– Mən bu haqda heç bir təklif eşitmək istəmirəm. Mən sovet ordusunun zabiti olmaqla yanaşı, həm də Stalinin oğluyam.
Məhz bu protokolun üzə çıxmasından sonra Yakov Cuqaşvilinin vətən xaini olması söhbətlərinə birdəfəlik son qoyulub. Hətta həmin protokoldan bəzi çıxarışlar sovet mətbuatında da dərc edilib. Stalin isə məsələyə bir cümlə ilə reaksiya verib:
“Mənim oğlum vətən xaini ola bilməzdi…”
Kənan Kələntərli, Medianews.az