“Mən Süleyman Rəhimov 201 ünvanında 44 kvadratmetrlik evdə yaşayırdım. 2018-ci ilin oktyabr ayının 4-də həmin ərazi “plana düşdü”. Mənimlə “Yeni Ailə” MMC tikinti şirkəti müqavilə bağlayaraq inandırdı ki, ayı 500 manat olmaqla, 3-aylıq, hər 3-aydan gec olmayaraq kirayə haqqı ödəniləcək. Söz verdilər ki, 2 il ərzində ev hazır olacaq. Pandemiya 2020-ci ildə başlayıb. Bunlar 2018-ci ildə başlayıb onsuz da tikintini 2020-ci ildə bitirməli idilər. 2020-ci ilə qədər nə tikdilər ki? Hazırda kirayə haqqını dayandırıblar ki, biz oraya köçək. Mən də köçmürəm. Bundan başqa, bizdən mənzilimizin çıxarışı yeni mənzil üçün çıxarış əldə edilməsinə görə götürülüb. Yəni, köhnə mənzilimizin çıxarışını bizdən alıblar ki, yeni mənzilimizə çıxarış verəcəklər. 9 aydır ki, kirayə pulumu vermirlər. Küçələrdə qalmışam. Mənim əsas tələbim odur ki, kirayə pulunu versinlər. Evimin tam pulunu ödəsinlər. Evi artıq istəmirəm, alınmır, bunlar heç cür təhvil-təslim edə bilmirlər”.
Medianews.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Bakı şəhər sakini Səbinə Məmmədova bildirib.
O iddia edib ki, “Yeni Ailə” MMC tikinti şirkəti ilə heç cür ortaq məxrəcə gələ bilmirlər: “Həyət pis gündədir. Bina sənəd şəklində təhvil-təslim olunmayıb. Sənədlər verilməlidir, Fövqəladə Hallar Nazirliyi tikintinin norma və qaydalara uyğun olduğuna dair rəy verməlidir. Binanın qazı yoxdur. Elektriki də şirkətin öz xəttinə qoşublar. Hüquqi şəxs kimi elektrik enerjisini dövlətdən alıb camaata satırlar. Axı elektrik enerji sərfinə görə hüquqi şəxslər üçün ayrı, fiziki şəxslər üçün ayrı ödəniş edilir. Bunlar fırıldaqçılıqla məşğuldurlar. Şirkətin əməkdaşı da deyir ki, çıxarış veriləcək. Amma nə vaxt? Bizə bir dəqiq söz deyən yoxdur”.
Səbinə Məmmədova bildirib ki, bir çox yerlərə şikayət ərizəsi ilə müraciət edib: “Hal-hazırda mənə aprel ayı ilə birgə 4500 manat pul borcludurlar. Onlar guya dövlətin layihəsini həyata keçirirlər. Adını da qoyublar ki, sakinlərin həyat şəraitini yaxşılaşdırırıq. Onlar ancaq öz şəraitlərini yaxşılaşdırırlar. Nəsimi Rayon Prokurorluğuna, Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Hələ ki, bir xəbər yoxdur. Problemim həll olunmayıb”.
Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.