Dünyanın ən çox öyrənilən 100 şəxsiyyəti siyahısında Vladimir İliç Leninin də adı yer alıb. Planetin siyasi mənzərəsinə yenilik gətirən Lenin ilk kommunist dövlətinin yaradıcısı kimi adını tarixə həkk edib. Aprelin 22-i Leninin doğum günüdür. O, 1870-ci ilin məhz bu günü Simbirskdə (indiki Ulyanov) anadan olub.
Uzun illər Lenin dünya ictimaiyyətinə ədalətli, sülhsevər, xalqa yaxın olan, sadə həyat tərzi sürən, hətta sıravilərlə birlikdə çiynində şalban daşıyan halal və vicdanlı bir siyasətçi kimi təqdim edilib, haqqında çoxsaylı filmlər çəkilib, kitablar yazılıb.
Bəs, “ideal” rəhbər sayılan Lenin reallıqda necə olub?
Maraqlı faktlardan biri odur ki, burjua cəmiyyətinə qarşı sərt mövqedə dayanan, kapitalizmə kəskin münasibət sərgiləyən Lenin şəxsi həyatında kapitalist ölkələrinin xidmətlərindn və məhsullarından yetərincə bəhrələnib. Proletarların rəhbərinin geyimləri, qida rasionuna daxil olan ərzaqların əksəriyyəti, xüsusilə də ən çox sevdiyi pivə məhz xarici ölkələrdən gətirilib. Elə səhhətində problemlər yarananda da Lenin Rusiyanın yox, xarici ölkələrin həkimlərinə daha çox etibar edib.
Daha maraqlı məqamlardan biri də Leninin yaratdığı partiyanın maliyyə məsələsidir. Sözsüz ki, partiyanı saxlamaq, işçilərə maaş vermək, nəqliyyat xərcləri, çap məhsullarına görə mətbəəyə pul ödəmək və s. üçün fəhlə və kəndli partiyasına kifayət qədər vəsait tələb olunub. Bu məsələdə Lenin “halal” imicini qoruya bilməyib.
Partiyanın əsas maliyyə mənbələrindən biri də Stalin olub. Daha dəqiq ifadə etsək Stalinin qarət etdiyi pullar.
Qeyd edək ki, Stalini hələ gənc yaşlarından Qafqazın cinyətkarlar aləmində, həm də regionda gizli siyasi fəaliyyətlə məşğul olan şəxslər arasında yaxşı tanıyıblar. 20 yaşında olarkən Stalin ilk dəfə nümayişlərdə iştirak etdiyi üçün həbs olunub. Cəzasını çəkdiyi Batumi həbsxanasında bir qayda olaraq digər cinayət törətmiş məhbuslar siyasi dustaqlara işgəncə verərək onları “sındırmaq” iqtidarında olublar. Lakin ilk dəfə olaraq həbsxanada ağalıq edən cinayətkarlar siyasi məhbus kimi cəza çəkən Stalini öz “qanun”larına tabe etdirə bilməyiblər. Əksinə olaraq, Stalin tezliklə ağlasığmaz şəkildə ən qatı cinayətkarları belə, özünə tabe edib. İlk həbsi dövründən Stalin özünə Koba ləqəbini götürüb və cəzasını sonadək çəkmədən həbsxanadan qaçıb.
Avtoritet Koba kimi tanınan Stalin Qafqaz döyüş qrupunu da özünə tabe edib. Bu qrup döyüş dəstələri əsasında yaradılmış zərbəçi bölük kimi fəaliyyət göstərib. Partiyanın bu xüsusi xidmət orqanı 1905-ci ildə baş vermiş inqilabi oyanış zamanı yaranıb. Döyüşçülərdən xüsusi bacarıqlar, at çapmaq, paravoz sürmək, odlu silahdan və bıçaqdan istifadə etmək qabiliyyəti tələb edilib. Döyüşçülərdən əsasən partiya liderlərinin qorunması üçün, nümayişlər və tətillər zamanı isə mürtəce qüvvələrə qarşı istifadə edilib. Lakin 1905-ci il yanvar üsyanının darmadağın edilməsindən sonra onların işi daha çox qarətlərdən ibarət olub. Ancaq bir müddət sonra Stokholmda keçirilən partiya yığıncağında səs çoxluğu ilə qarətlərin dayandırılması, döyüşçülərin buraxılması qərarı verilib.
Partiya yığıncağının bu qərarını sonradan Lenin özü gizli şəkildə pozmağa məcbur olub. Çünki gizli fəaliyyət göstərən partiya dərnəklərinin geniş şəbəkəsinə silah, gizli mətbəə və işçilərə maaş verilməsi üçün kifayət qədər böyük məbləğdə vəsait tələb olunub. Bununla bağlı Lenin 1907-ci ildə Stalini və Krasini Berlinə dəvət edib. Qərara alınıb ki, Qafqaz döyüş qrupunun üzvlərinin qarət fəaliyyəti ilə lazım olan pul vəsaitləri əldə olunsun.
Beləliklə, Stalin və Krasinin rəhbərliyi altında yeni qarətlər dalğası başlanıb, xüsusi əməliyyatlar hazırlanıb.
Təkcə bir neçə qarət faktı ilə Stalinin Leninə hansı məbləğlərdə pul verdiyi haqqında təsəvvür yaratmaq mümkündür.
13 iyun 1907-ci ildə Stalinin başçılıq etdiyi dəstə Tiflisin mərkəzi poçtuna pul gətirən faytonu qarət edib. “Uğurlu” əməliyyat nəticəsində Leninin büdcəsinə 4 milyon rubl daxil olub.
Stalin növbəti qarət planını Bakıda gerçəkləşdirib. 1908-ci ildə Çar I Nikolayın gəmisinə hücum sayəsində Koba Leninin büdcəsini daha 8 milyon rublla zənginləşdirib.
Növbəti dəfə Stalin Sankt-Petrtburqdan Tiflisə gələn pulları poçt binasına hücum etməklə ələ keçirməyi planlaşdırıb. Bu əməliyyatdan poçt məmurları və mühafizəçilər xəbər tutublar və gecə ikən əsl pulların yerinə saxta pullar qoyublar. Stalin üç nəfərlə birlikdə pulları çox asanlıqla poçt binasından ələ keçirib və iki gündən sonra 6 milyona yaxın pul Leninə çatdırılıb. Adətən Stalinin gətirdiyi pulları Krupskaya sayıb. Bu dəfə Leninin xanımı əsginaslardan şübhələnib. Məlum olub ki, beşyüzlük əsginaslar saxtadır. Lenin həyat yoldaşı ilə birlikdə həmin pulları sobada yandırıblar.
Bu və digər faktlar bir daha sübut edir ki, Lenin halallığı sevən fəhlə və kəndlilərin partiyasını haram pullarla maliyyələşdirib. O ki qaldı Leninin dünyaya ən ədalətli və vicdanlı kommunist kimi təqdim edilməsinə, bu, kommunist ideologiyasının təbliğat maşınının saxta məhsulundan başqa bir şey olmayıb.
Kənan Kələntərli
Medianews.az