Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə bu gün Moskvaya işgüzar səfərə gedib.
Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini vaxtından əvvəl tərk etməsi, Qazaxın işğal altındakı kəndlərindən dördünün boşaldılması, geri qaytarılması haqda razılaşma, delimitasiya prosesində ciddi irəliləyişin əldə olunması fonunda ölkə başçısının Rusiyaya səfəri xüsusi diqqət çəkir. Bu kontekstdə Əliyevlə Putin arasında hansı məsələlər müzakirə edilə bilər?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Mətin Məmmədli bildirib ki, əsas gündəlik sülhməramlıların gedişindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətlə bağlıdır.
Onun sözlərinə görə, müzakirə ediləcək kifayət qədər ciddi məsələlər var: “Mövcud reallıqlar fonunda regionda yeni vəziyyət yaranıb. Düşünürəm ki, son zamanlar baş verənlərdən sonra Azərbaycan və Rusiya münasibətlərində yeni mərhələ yaranıb. Qarşılıqlı olaraq atılan hər bir addım bu münasibətlərə töhfə verir”.
M.Məmmədli 2023-cü ilin fevralında iki ölkə arasında imzalanan “Strateji müttəfiqlik fəaliyyəti haqqında” sazişə də diqqət çəkib.
Qeyd edib ki, bu sazişə uyğun olaraq Azərbaycan və Rusiya müxtəlif sahələrdə əlaqələrini daha da dərinləşdirirlər: “Sülhməramlı kontingentin vaxtından əvvəl Azərbaycan ərazilərindən çıxması hadisəsi qarşılıqlı etimadın göstəricisi və təsdiqidir. Bununla yanaşı, çoxtərəfli müstəvidə baş verən proseslərin də müzakirə ediləcəyi ehtimal edilir. Azərbaycanla Rusiya müxtəlif beynəlxalq təşkilatlarda birgə təmsil olunur. Hazırda regionda və dünyada maraqlı proseslər gedir. Hesab edirəm ki, görüş çərçivəsində hər iki ölkə başçısı dünyada baş verən son hadisələri də müzakirə edəcəklər”.
Ayşən Rəhim