Aprelin 18-də ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və səfirliyin nümayəndələri Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində səfərdə olublar.
Nümayəndə heyəti Ağdamda fəaliyyət göstərən minaaxtaranları ziyarət edib. Sözügedən səfər çərçivəsində M.Libbi ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən, həmçinin ANAMA, Minalar üzrə Məsləhət Qrupu (MAG) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ilə birgə tərəfdaşlığı ilə həyata keçirilən “Məcburi köçkünlərin müharibədən zərər çəkmiş bölgələrə təhlükəsiz qayıdışına dəstək məqsədilə Azərbaycanın humanitar mina aksiyaları tədbirlərinə dəstək” layihəsinin heyəti, onların fəaliyyətləri və iş prosesləri ilə yaxından tanış olub.
Səfir çıxışında mina qurbanlarının yaxınlarına, ailə üzvlərinə başsağlığı verib, mina hadisəsi zamanı xəsarət alanlara sağlamlıq arzu edib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev səfərlə bağlı təəssüratlarını Medianews.az-a bölüşüb.
O qeyd edib ki, bu, ABŞ səfirinin işğaldan azad olunmuş ərazilərə birinci səfəri olub: “ABŞ səfiri Mark Libbi öz xanımı ilə gəlmişdi. Layihə çərçivəsində həm regionla, həm də mina problemi ilə tanışlıq baş tutdu. Həmçinin səfirin ziyarəti zamanı minatəmizləyənlərdən ibarət iki qarışıq qrupu layihəsinin icra prosesi istiqamətində dəyərləndirmələr aparıldı. Mən səfərdən və aparılan müzakirələrdən məmnun qaldım. Burada səfiri maraqlandıran bir sıra mövzular barədə də danışıqlar aparıldı, suallar cavablandırıldı. Regionda, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdamda görülən işlərlə bağlı biz səfir Mark Libbini məlumatlandırdıq. Səfir orada ABŞ-nin indiyə qədər minatəmizləmə prosesinə göstərdiyi maddi dəstəkdən söhbət açdı. O, Vaşinqton tərəfindən minatəmizləmə prosesinə bundan sonra da vəsait ayrılacağını, bunun davamlı olacağını qeyd etdi”.
BAMF sədri U.Mirzəyev bildirib ki, Azərbaycan bu gün çox ciddi bir problemlə üz-üzədir: “Qarabağ başdan-başa minalarla çirkləndirilib. Azərbaycan xalqı hər an mina və partlayıcı sursatların təhlükəsi ilə yaşayır. Biz isə vətəndaş cəmiyyəti təşkilatı olaraq əlimizdən gələni edəcəyik ki, minatəmizləmə prosesi sürətlənsin və məcburi köçkünlər tezliklə öz yurd-yuvalarına qayıtsınlar”.
Onun sözlərinə görə, Azərbaycan milli potensialı və resursları ilə infrastruktur layihələrinin icra ediləcəyi yerləri minalardan təmizləyib: “Təhlükəsizlik məsələlərinin həlli istiqamətində bütün lazimi tədbirlər görülüb və proses davam etdirilir. Deyə bilərəm ki, minalarla bağlı görüləcək işlər uzun müddət davam edəcək. Amma bu, insanların geri dönüşünə mane yaratmayacaq”.
Ayşən RƏHİM