Ötən gün səhər saat 06:30 radələrində Xətai rayonu ərazisində – Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə teleaparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.
Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
Baş vermiş bu hadisədə təqsirkarı hansı cəza gözləyir?
Mövzu ilə bağlı Medianews.az-a danışan hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, sözügedən yol-nəqliyyat hadisəsinin detalları açıqlanmadığı üçün hansı sürücünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub-pozmaması barədə qəti rəy ifadə etmək hələlik mümkün deyil.
Onun sözlərinə görə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma halı olduğuna görə cinayət işi başlanıb: “Mediada yayılan görüntü və məlumatlarda qeyd edilir ki, “Hyunday İX-35” gəldiyi sürətlə sola doğru qəfil manevr edir, telejurnalist Aytən Səfərovanın da idarə etdiyi avtomobil ona çırpılır. Hadisə nəticəsində xəsarət alanlar və həyatını itirən var. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma halı olduğuna görə, cinayət işi başlanıb. Nəqliyyat vasitələrinin texniki vəziyyətləri, yol-nəqliyyat hadisəsinin mexanizmi, sürət həddi, hadisə yerində yol şəraiti, hadisə iştirakçılarının hərəkətləri və sair ibtidai istintaqda araşdırlacaq. Eyni zamanda, bir sıra ekspertizalar da keçirilməlidir”.
Hüquq müdafiəçisi R.Səfərov deyib ki, yol-nəqliyyat hadisələri mexanizminin tədqiqi üçün avtotexniki ekspertiza, nəqliyyat vasitələrinin izlərinin tədqiqi üçün nəqliyyat-trasoloji ekspertiza, nəqliyyat vasitələrinin hissələrinin tədqiqi üçün metalloqrafik ekspertiza, sağlamlığa dəyən zərərin dərəcəsini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq: “Ekspertizaların nəticəsindən asılı olaraq, hansı sürücünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması, sağlamlıqlara dəyən zərərlərin dərəcəsi və sair məsələlər müəyyənləşəcək. Belədə təqsirləndirilən şəxs qismində cəlbetmə, ittihamın elan edilməsi məsələləri həll ediləcək. Bəri başdan konkret və qəti fikir bildirməyi uyğun saymıram. Bununla belə, əgər məlum olsa ki, hadsənin baş vermə mexanizmi barədə mediada yayılan görüntülər və iddia edilən məlumatlar həqiqdirsə, yəni hadisə İsmayıl Məmmədovun yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində baş veribsə, Aytən Səfərəova hər hansı məsuliyyət daşımır”.
Lamiyə MİRZƏYEVA