Ərəbistan yarımadası planetin ən isti bölgələrindən biridir. 50 dərəcəyədək olan istilər və quraqlıqla mübarizə aparmaq üçün Dubay rəhbərliyi 2016-cı ildən süni yağış yağdıraraq istilərlə mübarizə aparmağı planladı.
Bəs süni yağış necə təşkil edilir?
Yağıntıların süni şəkildə induksiya edilməsi texnologiyaları layihəsi 1940-cı illərin sonlarından etibarən inkişaf etdirilir. Uzun müddətdir ki, bu prosesdən əsasən istənməyən yağışın və ya dolunun qarşısını almaq üçün istifadə olunurdu – məsələn, böyük şəhərlərdə kütləvi tədbirlər, rəsmi görüşlər zamanı. Müasir dövrdə isə bu texnologiyalardan yağıntıların arzu olunan yerlərdə süni şəkildə yağdırılması imkanlarını təqdim etmək üçün nəzərdə tutulur.
Məsələn, meşə yanğınlarının tüğyan etdiyi bölgələrdə süni yağışın yağdırılması yanğınların qarşısını daha tez ala bilər. Bu təcrübədən bir neçə il əvvəl Yakutiyada meşə yanğınlarını söndürmək üçün istifadə edilib. Bunun üçün xüsusi avadanlıqlarla təchiz edilmiş təyyarələrdən buludlara təsir etməklə stifadə olunurdu.
2020-ci ilin sonunda Çin özünün Milli Hava Dəyişikliyi proqramını təsdiqlədi.Çin hakimiyyətinin təsdiq etdiyi bu dövlət proqramı yeni texnologiyaların köməyi ilə quraqlıq və daşqınları tənzimləmək və məhsuldarlığı artırmaq üçün istifadə etməyi planlayır. Bu proqramın əsas məqsədi yağışın süni induksiyasıdır, bu zaman buludlara kimyəvi reagentlər səpilir, bu da yağıntının artmasına səbəb olur.
Yağışın süni şəkildə yaradılması üçün mütləq buludlu ərazi olan yer seçilməlidir. Yağışın başlaması üçün bu buludlardakı həddindən artıq soyumuş su damcıları buz kristallarına çevrilməyə başlamalıdır. Onları daha tez soyutmaq məqsədilə buludların üzərinə kristallaşmış nüvələr səpilir. Nüvə kimi gümüş yodidin kiçik (tüstü kimi görünür) kristallarından istifadə olunur. Bunun üçün təyyarələrdən kiçik fişəng mərmiləri atılır, onlar partladıqda buludların üzərinə reagentlər püskürdülür. Çində bu əməliyyat pilotsuz uçuş aparatlarına həvalə edilib.
Birləşmiş Ərəb Əmirliklərində də oxşar layihə hazırlanıb. Lakin Çin proqramından fərqli olaraq, Dubay layihəsi xüsusi dronlar vasitəsi ilə atmosferin elektrik sahəsinə təsir etməklə, buludlarda elektroşok effekti yaratmağa və süni yağış yağdırmağa xidmət edir.Lahihə İngiltərənin Ridinq Universitetinin alimləri tərəfindən hazırlanan texnologiyaya əsaslanır.
Prosedurun prinsipi olduqca sadədir. Bunun üçün dronlar səmaya buraxılır və güclü lazer şüaları ilə buludları vurur. Nəticədə süni yağışın yağdırılmasına təkan verilir. Yağıntının miqdarı isə bu amillərdən asılıdır: dronların sayı; lazer şüasının gücü; prosesin müddəti.
Layihə rəhbərləri bunun ekoloji cəhətdən gümüş yodidin püskürtülməsindən daha təmiz bir yanaşma olduğu fikrini irəli sürərək, həm də maddi cəhətdən daha ucuz başa gəldiyini iddia edirlər.
Birləşmiş Ərəb Əmirliyi 2021-ci ildən bəri üzərində işlədiyi layihəni 2023-cü ilin may ayında sınaqdan keçirdi və layihə rəbbərləri bu sınağın uğurla keçdiyini iddia etdilər.
Alimlər bildirir ki, hava şəraitinin modifikasiyası texnologiyaları ilə aparılan çoxsaylı təcrübələr regionda siklon aktivliyinin və nəticədə yağıntı rejiminin dəyişməsinə səbəb ola bilər.
Nəzəri olaraq, atmosfer sirkulyasiyasında dəyişiklik mümkündür. Məsələn, artan meh, artan temperatur kontrastı buna misal ola bilər.
Lakin təbiətlə təcrübə apararkən diqqətli olmaq lazımdır. Bəzən bu təcrübələrin yaxşı tərəfi olduğu kimi, təbiətdəki tarazlığı pozan tərəfləri də vardır ki, ortaya çıxan fəsadlarını aradan qaldırmaq olmur.
16 aprel 2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərində baş verən fırtına və davamlı yağan leysan və daşqınlar onu deməyə əsas verdi ki, insanların təbiətə süni müdaxiləsi ona baha başa gəlir, çünki təbiətdə tarazlıq pozulur və insanlar baş verənlərin qarşısını almaqda acizdir.
Problem ondadır ki, artan yağıntı və leysanlar təkcə BƏƏ-ni deyil, həm də regionun digər ölkələrinə də təsirsiz ötüşmür. Bəhreyn, Oman, Qətər də artan yağıntı və sel suları ilə mübarizə aparır. Süni yağışların sınaqdan keçirildiyi Dubay və ona yaxın ərazilərdə isə vəziyyət daha gərgindir. Dünyanın ən gözəl turist şəhəri sel sularının altındadır. Su basmış metro stansiyaları, evlər, ticarət mərkəzləri, hava limanları Dubayda yaşamı iflic edib. Artıq şəhərdə distant idarəetmə və təhsilə keçid onu deməyə əsas verir ki, problem həqiqətən böyük maştab almaqdadır.
Sinoptiklər yağışların yaxın günlərdə də davam edəcəyini və vəziyyətin daha da ağırlaşa biləcəyi ehtimalını proqnozlaşdırır.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri 2016-cı ildən bəri üzərində işlədiyi süni yağış layihəsinə 15 milyard dollar vəsait sərf edib.
Surə Seyid
Naxçıvan