Məşhur britaniyalı yazıçı Sofi Kinsella ona beyin xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, o, bu barədə sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
Kinsella bildirib ki, 2022-ci ilin sonunda ona glioblastoma diaqnozu qoyulub. “Mən bunu əvvəllər paylaşmadım, çünki istəyirdim ki, övladlarım bunu heç bir kənar müdaxilə olmadan öyrənsinlər və alışsınlar”, – o deyib.
Yazıçı bildirib ki, o, London Universitet Kolleci Xəstəxanasında müalicə olunur, orada əməliyyat olunub, radio və kimyaterapiya kursu keçib. Kinsella vəziyyətinin stabil olduğunu, lakin tez yorulmağa başladığını və yaddaşının pisləşdiyini qeyd edib.
Qeyd edək ki, Kinsella alış-veriş həvəskarı Rebecca Bloomwood haqqında məşhur doqquz kitab seriyasının müəllifidir. Romanlar əsasında 2009-cu ildə aktrisa İsla Fişer ilə “Alış-veriş” filmi çəkilib. Yazıçının ən məşhur qeyri-serial kitabı 2019-cu ildə Hollivud ulduzu Alexandra Daddario ilə lentə alınan “Sirr saxlaya bilərsənmi?” kitabıdır. Kinsellanın kitablarının ümumi tirajı 45 milyon nüsxəyə çatır. Onlar 60-dan çox ölkədə satılır və 45 dilə tərcümə olunur.
Medianews.az