Çarlz Perkins Mərkəzinin (Avstraliya tibb və tədqiqat mərkəzi) alimləri müəyyən ediblər ki, axşam saat 18:00-dan gecə yarısına qədər fiziki fəaliyyət ürək sağlamlığını qorumaq və diabet üçün faydalıdır.
Medianews.az xəbər verir ki, araşdırmanın nəticələri “Diabetes Care” jurnalında dərc olunub.
Araşdırmaya yaşı 40-dan yuxarı olan 29 836 obez yetkin daxil edilib. Bütün könüllülərin təxminən üç mininə 2-ci tip diabet diaqnozu qoyulub. İştirakçılar günün hansı saatında daha çox gündəlik fəaliyyətlə məşğul olmaqlarından (xüsusən, aerobik yük) asılı olaraq səhər, günorta və axşam məşq qrupları olaraq bölünüblər.
Müşahidə zamanı məlum olub ki, axşam saat altıdan sonra qısa fasilələrlə idman edən insanlarda ürək-damar xəstəliklərinin və kəskin vəziyyətlərin inkişaf riski daha azdır.
Tədqiqatçıların fikrincə, axşam idmanının bu mühüm faydası 2-ci tip diabetli insanlarda insulinə həssaslığın artması ilə bağlıdır. İnsulinə yüksək həssaslıq orqanizmin hüceyrələrinə qlükozadan daha səmərəli istifadə etməyə imkan verir ki, bu da qanda şəkərin səviyyəsini aşağı salır, qan damarlarında patoloji dəyişikliklərin qarşısını alır, ürək xəstəliklərindən qoruyur.
Ayşən