“Bu gün Afrika ölkələri bəzi dövlətlərin hegemonluq, hökmranlıq, yerli xalqların sərvətlərinin istismar olunmasına qarşıdır”. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə səsləndirdiyi bu sözlər onun Azərbaycana rəsmi səfərə dəvət edilməsində az rol oynamır. Konqo Prezidentinin bəzi dövlətlər deyəndə ilk növbədə Fransanı nəzərdə tutduğu isə kimsəyə sirr deyil”.
Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü deputatı Sahib Alıyev bildirib.
Deputat qeyd edib ki, bu səfərin Brüssel görüşü ərəfəsində baş tutmasında bir rəmzilik var: “Yəni burada həmən görüşü təşkil edənlərə asimmetrik cavab elementləri var. Cavab da budur ki, əgər yırtıcı güclər bizim tam beynəlxalq normalara dayanan qələbəmizlə, yəni öz torpaqlarımız üzərində suverenliyimizin təmini ilə barışmayacaqlarsa, onda Azərbaycan da harada mümkündür, orada qlobal layları tərpətməkdə davam edəcək. Heç təsadüfi deyil ki, mətbuat üçün bəyanatında Azərbaycan Prezidenti cənab İlham Əliyev də Konqo ilə əməkdaşlığın bu hissəsinin üzərində ayrıca dayandı: “Onu da bildirməliyəm ki, Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir”.
Millət vəkilinin sözlərinə görə, bu səfər hər iki tərəf üçün iqtisadi baxımdan da az əhəmiyyət daşımır: “Geniş tərkibdə keçirilən görüşdə Konqo Prezidentini Deni Sassu-Nqessonun bu açıqlaması Azərbaycanın sözügedən dövlətlə əlaqə yaratmaqda maraqlı olmasının digər tərəfinə də işıq salır: “Mən məsələn, qeyd etmişdim ki, bizim ölkəmizin çox böyük kənd təsərrüfatı potensialı var və biz əkin sahələrinin bəlkə də cəmi 3 faizini istifadə edirik, bu da o deməkdir ki, yerdə qalan hamısı istifadə üçün hazırdır. Bizim bol su mənbələrimiz və bütün ilboyu şəfəq saçan Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün faydalana bilərik. Məsələn, biz Konqoda məhsul istehsal edə və sonra onu ixrac edə bilərik”.
S.Alıyev vurğulayıb ki, burada birgə istehsal və ixracdan söhbət getdiyi aydındır: “Yəqin o da aydındır ki, Azərbaycanın Fransanın neokolonializm siyasətindən əziyyət çəkən Afrika ölkələri ilə sıx əməkdaşlığı təkcə Konqoyla bitməyəcək. Cənab İlham Əliyevin Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayeyə həmən ölkənin Müstəqillik Günü ilə bağlı təbrikindəki bu sözlər də yuxarıdakı fikrimizi bir növ təsdiqləyir: “Müasir dövrdə hələ də davam edən neokolonializm siyasətinin aradan qaldırılması istiqamətində Sizin apardığınız qətiyyətli fəaliyyət təqdirəlayiqdir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təsis olunmuş Bakı Təşəbbüs Qrupuna dəstəyiniz kolonializmə və onun yeni formalarına qarşı mübarizənin aparılması, müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlarının qorunması və onların təbii hüquqlarının təmin edilməsi naminə səylərinizin bariz təzahürüdür”.
Lamiyə MİRZƏYEVA