Ötən gün Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.
Söhbət zamanı 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib. Avropa Komissiyasının Prezidenti Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Telefon danışığında bu gün Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.
Medianews.az-ın məlumatına görə, Ursula Fon der Lyayenin Azərbaycan Prezidentinə telefon zəngini şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ Dövlət Katibi ilə Avropa Komissiyası rəhbərinin dövlət başçısı İlham Əliyevlə telefon danışıqlarında fərq diqqəti çəkib: “ABŞ dövlət katibi Antoni Blinkendən bir gün sonra Avropa Komissiyası rəhbəri də dövlət başçısı İlham Əliyevə zəng etdi. Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə görüşəcək və Ermənistana dəstək planını açıqlayacaq hər iki rəsmi şəxs – Blinken və Fon der Lyayen ölkə başçısı İlham Əliyevi məlumatlandırmağı lazım bildi. Blinkenlə Fon der Lyayenin İlham Əliyevlə telefon danışığında fərq diqqəti çəkib. Blinken telefon danışığının başlanğıcında Brüssel görüşündən danışaraq Azərbaycanın narahatlığı üçün əsas olmadığını söyləmiş və bundan sonra da Vaşinqtonla Bakı arasında sıx əməkdaşlığın davamına toxunmuşdu. Fon der Lyayen isə əksinə əvvəlcə Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif sahələrdə artan əməkdaşlıqdan danışaraq sonda Brüssel görüşü barədə fikirlərini səsləndirib”.
Politoloqun sözlərinə görə, Vaşinqton və Brüssel Bakının narahatlığı barədə məlumatlıdırlar: “İlham Əliyev Azərbaycanın həm ABŞ, həm də Avropa İttifaqı ilə əməkdaşlığa sadiq qaldığını söyləməklə yanaşı, Brüssel görüşü barədə tənqidi fikirlərini də sözlərinə əlavə edərək, bunun gərginliyə səbəb olacağını xatırladıb. Eyni səpgili açıqlamanı Türkiyə Xarici İşlər Nazirliyi də yayımlayıb. Vaşinqton və Brüssel Bakının narahatlığı barədə məlumatlıdırlar. Əgər Brüsseldə söhbət Ermənistana iqtisadi dəstəkdən gedəcəksə, bunun Azərbaycana dəxli olmayacaq, yox əgər Ermənistana təhlükəsizlik təminatı və hərbi yardım vədləri veriləcəksə, bu, bölgədəki vəziyyətə mənfi təsir edəcək. Seçim Vaşinqtonla Brüsselindir. Hər ikisi Fransanın səhvini təkrarlamamalıdır”.
Vüqar MƏMMƏDOV