“Yerli televiziyaların “YouTube” reytinq siyahılarına gerilərdə qaldıqları üçün güya inanmayanlar, mübahisələndirənlər, qəbullana bilməyənlər reallıq hissini itirmiş, obyektiv olmaqdan uzaq qeyri-peşəkar davranırlar”.
Medianews.az xəbər verir ki, bu barədə Baku TV-nin Qərbi Azərbaycan Departamentinin rəhbəri Turan İbrahimov bildirib.
O qeyd edib ki, “YouTube” nəticələrini hesablamağı hamı və hər kəs edə bilər: “Açın istənilən kanalın əsas səhifəsini, xəbər lentini, videolar bölməsinə girin və günlər üzrə neçə post (video) paylaşıldığını sayın. Sonra o həmin videoların altındakı baxış sayını bir-bir kalkulyatorda üst-üstə gəlin, alınan rəqəm nədirsə nəticə də odur. Təbii ki, əgər söhbət günlük reytinqdən gedirsə. Eyni şeyi aylıq hesablamada da etmək olar. İstənilən ayı seçin başından sonuna kimi, günlər üzrə bir-bir videoları (postları) sayın, altındakı baxış sayı rəqəmlərini hesablayın alınan toplam rəqəm nədirsə, nədicə də odur. Kor-kor, gör-gör. Adətən müəyyən videoların baxışı aylarla davam edə bilər. Ona görə də 3 ay əvvəlki bir dövrü indi hesablasanız, fərqli rəqəm ortaya çıxa bilər. O da beş aşağı, beş yuxarı bir fərq olacaq”.
T.İbrahimov vurğulayıb ki, peşəkar insanlar obyektiv olmalı, başqalarının uğurunu və öz uğursuzluqlarını soyuq başla təhlil edib problemi aradan qaldırmalıdırlar: “Problemi aradan qaldıra bilmirlərsə, deməli prosesə mütəxəssisləri cəlb etməlidirlər. Günahı başqalarında yox, özlərində görməlidirlər. Böhtan atmaqla, dedi-qodu yaymaqla, guya rişxənd etməklə, reallığı dəyişmək mümkün deyil. Olsa-olsa ancaq yalançı təsəlli tapmaq olar. Onsuz da artıq hamı hər şeyi görür və ağlı başında olan kimsəni aldatmaq olmur. Yuxarılarda da, aşağılarda da…”
Xatırladaq ki, Azərbaycan Telekanallarının 2024-cü ilin mart ayı üçün “YouTube” reytinq cədvəlinə görə, Baku TV 94 milyon 513 min 218 izləyici sayına görə liderdir. Baku TV əvvəlki aylarda da cədvəldə birinci yerdə olub.
Ərtürk İSMAYIL