Milli Məclisin bu gün keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında irəli sürdüyü “Media haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunub və birinci oxunuşda qəbul edilib.
Medianews.az xəbər verir ki, müzakirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli, Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov iştirak edib.
Plenar iclasda müzakirə olunan layihə “Media haqqında” Qanunun 59.2-ci maddəsinə dəyişiklik etməklə siyahısı müəyyən edilən orqanlar (qurumlar), Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin də çap mediası subyektinin təsisçisi olmasını nəzərdə tutur.
Layihənin hazırlanmasının məqsədi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsidir və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasını yaratmaqdır.